Tural Manafov – arzusunun ardınca gedərək Hollivuda yol tapan və Netflix-də yer alan azərbaycanlı – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Tural Manafov – arzusunun ardınca gedərək Hollivuda yol tapan və Netflix-də yer alan azərbaycanlı – FOTO

14:29 - Bu gün
Tural Manafov – arzusunun ardınca gedərək Hollivuda yol tapan və Netflix-də yer alan azərbaycanlı – FOTO

ABŞ-də yaşayan və çalışan, Netflix-in ən çox izlənilən layihələrindən biri olan “Gecə agenti” serialında rol alan azərbaycanlı aktyor Tural Manafov 1news.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Tural, ABŞ-yə necə gəldiyinizi və köçməyinizə nə səbəb olduğunu danışın. Beynəlxalq münasibətlər fakültəsini bitirmiş biri kimi aktyorluq üzrə təhsil almaq üçün Nyu-York Kino Akademiyasına daxil olmağa necə qərar verdiniz?

- ABŞ-da olmağımın əsas səbəbi aktyorluğa və kinoya olan dərin sevgimdir. Məktəbi bitirəndə məqsədim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub aktyorluq üzrə təhsil almaq idi. Lakin ailəm başqa fikirdə idi. Onlar aktyorluğun praktik bir peşə olmadığını düşünürdülər və mənim daha stabil və geniş imkanları olan bir sahəni seçməyimin daha doğru olacağını hesab edirdilər. Nəticədə BDU-ya daxil oldum, amma dərin bir bədbəxtlik hissi yaşayırdım. Sanki vaxtımı itirirdim, çünki məni ruhlandırmayan bir işlə məşğul olurdum. Tamamilə fərqli bir ixtisas üzrə təhsil alsam da, aktyor olmaq arzumu heç vaxt unutmadım. Bu, daim qəlbimdə, fikirlərimdə və planlarımda qalırdı.

Universiteti bitirdim, amma təhsilimin sonuna yaxın başa düşdüm ki, məni ruhlandırmayan bu yolda davam edə bilmərəm. Ailəmin təzyiqlərinə baxmayaraq, ürəyimin səsini dinləmək qərarına gəldim. Təhsilimin son ilində ABŞ-dakı təhsil ocaqlarına müraciət etməyə başladım və sonda Nyu-York Kino Akademiyasına qəbul olundum. Nyu-York həmişə olmaq istədiyim yer idi. Bu, bir nağıl kimi idi və həyatımın bu yeni fəslinə başladığım üçün son dərəcə xoşbəxt idim. Bu, arzumun gerçəkləşməsinə aparan ilk həqiqi addım idi.

- Amerikada həyata və işə adaptasiya olmaq çətin idimi? Sizin üçün xüsusilə hansı məqamlar çətin oldu?

- Hər şeyi geridə qoyub, yeni ölkədə sıfırdan başlamaq asan ola bilməzdi. Əvvəlcə Nyu-York əsl nağıl kimi görünürdü, hər şey həyəcanverici, yeni və ümidverici idi. Amma hər bir nağılda olduğu kimi, bir an gəldi ki, maneələrlə qarşılaşmalı oldum. Adaptasiya dərhal baş vermədi, lakin tezliklə təsəlli tapdım – sevdiyim işlə məşğul olurdum. Mənimlə eyni aktyorluq ehtirasını paylaşan insanlarla əhatə olunmaq böyük üstünlük idi. Əsl çətinlik məzuniyyətdən sonra başladı, çünki reallıq mənə sərt zərbə vurdu. Nyu-York nə qədər heyrətamiz olsa da, dünyanın ən bahalı şəhərlərindən biridir. Burada yaşayıb arzumun ardınca getmək üçün mütləq bir yol tapmalı idim. Uğur qazanmaq üçün təzyiq çox böyük idi, çünki uğursuzluq məni geri qayıtmağa məcbur edəcəkdi, bu isə heç vaxt seçim deyildi.

Nyu-Yorkda dolanışıq üçün işləmək inanılmaz dərəcədə çətin idi. Mən üzgüçülük təlimatçısı, xilasedici kimi çalışır və ayaqda qalmaq üçün hər hansı bir işə razılaşırdım ki, aktyorluq karyeramdan əl çəkməyimə ehtiyac olmasın. Bu, qlamur həyat deyildi, amma bu şəhərdə özümə yer tapmaq üçün vacib idi. Hər gün mübarizə idi, amma məşhur “New York, New York” mahnısında Frank Sinatranın dediyi kimi: “Əgər mən bunu burada bacarsam, hər yerdə bacararam”.

- Ümumiyyətlə, aktyorluq sənətinə necə başladınız və sizi bu peşəni seçməyə nə ilhamlandırdı?

- Atam demək olar ki, hər gün yeni VHS kaseti gətirirdi və mən o filmlərdə itib-batırdım – bilirsiniz də, o pirat kasetlər, üstəlik, əla rus dublyajı ilə. Filmlər məni başqa dünyalara aparan sehrə malik idi. İstər komediya, istərsə də dərin bir dram olsun, məni həmişə filmlərin yaratdığı atmosfer cəlb edirdi və onların yeni perspektivlər açması maraqlı idi. Başa düşdüm ki, filmlər təkcə əyləncə deyil, həm də güclü bir öyrətmə, ünsiyyət və insanlara təsir vasitəsidir. Bu prosesin bir hissəsi olmaq istəyirdim. Hesab edirəm ki, hekayələr danışmaq insanların baxışlarını dəyişə, stereotiplərə meydan oxuya və nəticədə dünyanı daha yaxşı bir yerə çevirə bilər.

- Aktyorluq sahəsində mentorunuz və ya sizə ilham verən biri olubmu? Bu, sizin peşəkar yolunuza necə təsir etdi?

- Aktyorluğa olan sevgim məni kino sehrinə gətirdi. Amma açıq danışsam, mənim üçün ən böyük ilham mənbələrindən biri Cim Kerriydi. Onun aktyorluğuna heyran idim – fiziki komediya tərzi və obrazlara tamamilə çevrilmə bacarığı məni valeh edirdi. Xatırlayıram ki, uşaq olanda kiçik bir kameram vardı və əlimə keçəni çəkirdim, əsasən də əyləncəli şeylər etməyə çalışırdım. İnsanları imitasiya edir və öz səhnələrimi yaradırdım. O çəkilişləri ailəmə göstərirdim və onların gülməsi mənə nəyisə düzgün etdiyimi hiss etdirirdi. O vaxtdan aktyorluğa olan sevgim daha da gücləndi.

Nyu-Yorkda ilk ilimdə inanılmaz bir hadisə baş verdi – mən Cim Kerri ilə tanış oldum. Qarşısında dayanıb, ona əl uzadıb, mənə necə ilham verdiyini danışarkən gözlərimə inana bilmirdim. O, çox danışmadı, amma üzümə baxıb dedi: “Vau, bu çox gözəldir, dostum. Uğurlar arzulayıram”.

- Netflix-in “Gecə agenti” layihəsinə necə qoşulduğunuzu danışın. Sizə rol təklif edildiyini öyrənəndə hansı hissləri keçirdiniz? Bu rol haqqında daha ətraflı məlumat verə bilərsinizmi?

- Agentim mənə kastinq göndərdi və açıq desəm, bu fürsətin özünə görə belə minnətdar idim. Pandemiyadan və aktyorlarla ssenaristlərin iki böyük tətilindən sonra sənaye tamamilə dəyişmişdi. İş imkanları olduqca azalmışdı və təkcə rol üçün seçilməyə dəvət almaq belə qələbə kimi görünürdü. Agentimdən zəng alıb mənə Laslo rolunun təklif edildiyini eşidəndə inanmadım. Sonuncu rolumdan bəri 55-dən çox dinləmədən keçmişdim və bu “boş” dövr mənə həqiqətən böyük bir təzyiq hiss etdirirdi. Xüsusilə də Netflix-in ən məşhur seriallarından birində mənə rol təklif olunduğunu eşitmək böyük bir rahatlama oldu. Özümü inanılmaz dərəcədə şanslı hiss edirdim, xüsusən də bu hadisənin sənayenin ən “sakit” dövrlərindən birində baş verdiyini nəzərə alsaq.

Rola gəlincə, Laslo əsas canilərdən biridir və Birləşmiş Millətlər Təşkilatına qarşı böyük hücumu planlaşdıran şəxslərdəndir. Mənim personajım Manhettendə ən qorxunc hücumlardan birinin həyata keçirilməsində mühüm rol oynayır.

Tural Manafov “Gecə agenti” serialında Laslo rolunda.

- “Gecə agenti” serialında işləməyin hansı xüsusiyyətləri sizdə daha çox yadda qaldı? Çəkiliş meydançasında qeyri-adi anlar oldumu?

- Yaxşı, terrorçu kostyumu geyinmək və üstəlik, üzərimdə tonlarla silah daşımaq heç vaxt arzuladığım bir şey deyildi (gülür). Amma əgər ciddiyə alsaq, həqiqətən yadımda qalan məqamlar əsas rolun ifaçısı Qabriel Basso ilə olan səhnələr idi. Bir səhnə var ki, o, məni təqib edir – biz bu anın düzgün qurulması və enerjisinin tam istənilən səviyyədə olması üçün uzun müddət işlədik. Bu, həqiqətən rejissor, Qabriel və mənim aramda əsl komanda işi idi. Məhz bu əməkdaşlıq səhnəni belə təbii və real etdi.

Yadıma düşən gülməli bir hadisə də var. Qabriel məni qandallamalı idi, amma bir neçə dubldan sonra bacarmadı. Sonda əlacsız qalıb qışqırdı: “Bu oğlanın əlləri həddən artıq böyükdür!” Bu an bütün gərginlik yox oldu və hamımız ürəkdən güldük. Daha bir çox yaddaqalan anlar oldu, amma hamısını danışmağa başlasam, bu saatlarla çəkər (gülümsəyir).

- Tural, sizcə, striminq platformalarının inkişafı ilə kino sənayesi dəyişirmi? Bu, ümumilikdə aktyorların və xüsusilə sizin karyeranız üçün necə bir təsir göstərir?

- Striminq platformaları, şübhəsiz ki, kino sənayesində həm müsbət, həm də mənfi dəyişikliklərə səbəb olub. Bir tərəfdən, bu platformalar film yaradıcılarına daha geniş auditoriyaya çatmaq imkanı verdi ki, bu da böyük üstünlükdür. Digər tərəfdən isə, striminqdən əldə olunan gəlir ənənəvi üsullarla kinoteatrlardakı nümayişlər və DVD satışları ilə müqayisədə xeyli aşağıdır. Baxış sayına görə ödəniş əvvəlki gəlir mənbələrindən çox fərqlənir və bu, müstəqil film yaradıcıları üçün ciddi problem yaradır, çünki onlar çəkiliş xərclərini geri qaytarmaqda çətinlik çəkirlər.

Sənayedə ciddi dəyişikliklər yaşanır. Dediyim kimi, aktyorların və ssenaristlərin tətilindən sonra hər şey xeyli yavaşladı. Tətilə qədər həftədə 1-2 kastinq almaq məni tam qane edirdi, lakin indi ayda 1-2 kastinq əldə etmək belə nadir hala çevrilib. Hal-hazırda bir çox studiyalar çəkilişləri xaricdə – Avropada, Kanadada və Cənubi Amerikada aparır. Bunun əsas səbəbi ucuz işçi qüvvəsi və daha sərfəli vergi şərtləridir. Bu vəziyyət təkcə aktyorlar üçün deyil, bütün çəkiliş heyəti üçün çətinliklər yaradıb – imkanlar azalıb, rəqabət daha da sərtləşib. Əgər əvvəllər bir rola 3-4 min aktyor müraciət edirdisə, indi bu rəqəm 5-6 minə çatıb. Üstəlik, bir çox studiyalar xaricdə çəkiliş apardığından, yerli aktyorları seçməyə üstünlük verirlər.

2024-cü il hamı üçün xüsusilə çətin keçdi. Çox sayda film yaradıcıları və çəkiliş heyətinin üzvləri işsizlik səbəbindən evlərini itirdi. Amma bütün bunlara baxmayaraq, ümid var. İnsanlar inanırlar ki, vəziyyət yaxşılaşacaq, biz də hamımız pozitiv qalmağa və sənayenin normala qayıtmasını gözləməyə çalışırıq.

- Sizin portfolionuzda təkcə aktyorluq deyil, həm də rejissorluq və prodüserlik var. Kamera arxasında işləməyin ən çox hansı aspektləri sizi cəlb edir?

- Nyu-York Kino Akademiyasını bitirdikdən sonra əyləşib fürsət gözləmək fikrim yox idi. Öz imkanlarımı yaratmaq qərarına gəldim və öz filmlərimi çəkməyə başladım. Bir neçə qısametrajlı film çəkdim və bu, mənə əvəzolunmaz təcrübə qazandırdı, bir çox yaradıcı insanlarla tanış olmağa imkan verdi. Bütün filmlər uğurlu olmadı, amma bir neçəsi ABŞ-da yaxşı film festivallarına düşdü və bu, mənim auditoriyamı genişləndirdi, motivasiyamı artırdı.

Rejissorluq isə tamamilə başqa bir hekayədir. Bu, insanı tamamilə tükədən bir işdir – hər şeyi idarə edir, hər problemi həll edirsən və çəkilişlər bitəndə artıq etdiyin hər şeydən bezmiş olursan. Amma sonra həmin işi böyük ekranda görürsən və niyə bu sənəti sevdiyini xatırlayırsan. Bu, sanki roller-koster kimidir – düşmək istəyirsən, amma sonra yenidən minmək istəyirsən.

Rejissorluq mənə aktyorları daha yaxşı başa düşməyi öyrətdi. Kamera arxasında olanda bütün prosesi tamamilə fərqli prizmadan görürsən. Prodüser kimi işləmək isə məni kino istehsalının biznes tərəfinin nə qədər vacib olduğunu dərk etməyə məcbur etdi. Bir çox film yaradıcıları düşünür ki, onların işi çəkilişlər bitəndə yekunlaşır, amma əslində, əsas iş ondan sonra başlayır – filmi tanıtmaq, festivallara göndərmək, distribütor tapmaq və s.

Hazırda əsas diqqətimi aktyorluğa yönəltmişəm, amma gələcəkdə həyata keçirmək istədiyim bir neçə ssenari var. Yəni rejissorluq və prodüserlikdən tamamilə uzaqlaşmasam da, bu an üçün mənim əsas prioritetim aktyorluqdur.

"Qara siyahı" serialından kadr

- Siz, bir miqrant olaraq, Hollivudda özünüzü necə hiss edirsiniz? Uğura aparan yolda hansı çətinliklərlə qarşılaşmısınız və sizcə, ABŞ kino sənayesində miqrantların təcrübəsi nə ilə fərqlənir?

- Əslində, mən həmişə özümü Nyu-York sakini kimi hiss etmişəm və düzü, əgər əvvəlcə Los-Ancelesə köçsəydim, bəlkə də dərhal təslim olardım. Orada hər ikinci adam aktyordur və düşünürəm ki, bu məni dəli edərdi. Aktyorlar okeanında itib-batardım və bu çılğınlıq içində öz yolumu tapmaqda çətinlik çəkərdim. Karyerama şərq sahilində başlamaq istədim, çünki burada əsasən kriminal və prosedur serialları çəkilir, mənim də əsasən müraciət etdiyim rollar bunlardır. Üstəlik, mən dörd fəsli olan iqlimi üstün tuturam. Daim yay olan bir yerdə yaşamaq mənim üçün çətin olardı. Çimərliklərə getməyi sevmirəm, hətta vampir ola biləcəyimə dair bir şübhəm var, ona görə də az miqdarda günəş işığı mənə kifayətdir (gülümsəyir).

İlk əvvəl kino sənayesinə daxil olmaq çox çətin idi. Mənim agentim yox idi, halbuki bu, aktyor üçün həyati əhəmiyyət kəsb edir. Agentsiz kastinqlərə düşmək demək olar ki, mümkünsüzdür. Agentlər çox diqqətlə seçim edirlər və onların imkanları məhduddur, çünki bildiyiniz kimi, aktyorların sayı milyonlarla ölçülür. Buna görə də, göndərdiyim e-maillərə heç kim cavab vermirdi, çünki mənim nə böyük filmlərdə, nə də məşhur seriallarda heç bir əsaslı rolum yox idi. Məhz bu səbəbdən öz filmlərimi çəkməyə qərar verdim.

Və bir gün gözlənilmədən Şimali Karolinadan bir agent mənə zəng etdi. O, rus aksenti ilə danışa bilən bir aktyor axtarırdı. Əvvəlcə bunun dələduzluq ola biləcəyini düşündüm. Öz-özümə dedim: "Okey, itirəcək bir şeyim yoxdur, görək nə baş verəcək". O mənə materiallar göndərdi və nədənsə, görünür, YouTube-da mənim qısametrajlı filmlərimə rast gəlmişdi. Necə oldu bilmirəm, amma mən agent tapdım!

Bir neçə ay sonra o, NBC-nin məşhur "The Blacklist" serialı üçün mənə kastinq göndərdi və nəticədə həmin rolu qazandım. Bir neçə həftə sonra isə CBS-in "Bull" serialında daha bir rol əldə etdim. Bu, mənim karyeramda dönüş nöqtəsi oldu. Nəhayət, növbəti səviyyəyə yüksəldim. İndi mənim yeni agentim var və o, mənə daha maraqlı kastinqlər tapır, amma mən həmişə o ilk agentə minnətdar olacağam. Çünki məni irəli aparan, mənə fürsət verən məhz o oldu.

Düşünürəm ki, ən böyük fərq ondan ibarətdir ki, sən bir miqrant olaraq hər şeyi sıfırdan başlayırsan – nə reputasiyan var, nə əlaqələrin, və çox vaxt sən bu mühitdə yad biri kimi hiss edirsən, uyğunlaşmağa çalışırsan. Burada doğulub-böyüyən insanlarla eyni əlaqələrə sahib olmursan, ona görə də ikiqat daha çox çalışmalısan. Tez-tez stereotiplərlə mübarizə aparmaq və özünün çox şeyə qadir olduğunu sübut etmək lazım gəlir.

Amma digər tərəfdən, ABŞ böyük imkanlar ölkəsidir – yetər ki, sən onlar üçün əziyyət çəkməyə hazır olasan. Bir mənada miqrant olmaq hətta üstünlük də ola bilər. Sən özünlə yeni bir baxış bucağı, fərqli bir perspektiv gətirirsən və bu, çox insan üçün maraqlıdır. Əgər sən iradəli və məqsədyönlüsənsə, digər aktyorlar kimi sən də uğur qazana bilərsən. Amma bunun üçün daha çox səbir və dözüm tələb olunur. Mən özümə həmişə xatırladıram ki, bu bir marafondur, sprint deyil.

"Bull" serialından kadr

- Su polosu üzrə keçmiş idman karyeranızın kinodakı işinizə necə təsir etdiyini düşünürsünüz? Bu, rolları canlandırmaqda sizə kömək edirmi?

- Su polosu həyatımda böyük rol oynayıb. Gənc yaşlarımdan peşəkar şəkildə bu idman növü ilə məşğul olmuşam və Azərbaycanı beynəlxalq turnirlərdə təmsil etmişəm.

Bu idman növü mənə intizamlı olmağı, komanda işinin vacibliyini və problemlərə qətiyyətlə yanaşmağı öyrədib. Bütün bu keyfiyyətlər kinoda mənə kömək edir. Həmişə hovuzda qazandığım fiziki və psixoloji dözümlülükdən istifadə edirəm. Su polosu çox intensiv idmandır – sən daim təzyiq altındasan, yorğunluğu aşmağa çalışırsan və xaosun içində sakit qalmağı öyrənirsən. Bu bacarıqlar aktyorluq üçün də olduqca vacibdir. Məni yaxından tanıyanlar bilir ki, olduqca səbirli və sakit biriyəm, amma ac olanda bu tamamilə başqa bir hekayəyə çevrilir (gülür).

Lakin bütün bunlar mərhum məşqçim Yuri İvanoviç olmasaydı, bu qədər önəmli olmazdı. O, mənə heç vaxt təslim olmamağı, hər zaman sona qədər mübarizə aparmağı öyrədib. O, bizə qarşı çox sərt idi, amma geriyə baxanda bunun üçün ona yalnız minnətdar ola bilərəm.

- Aktyorluq karyeranızda sizin üçün daha vacib olan nədir: məşhur rejissorlarla işləmək, yoxsa kommersiya baxımından uğurlu layihələrdə yer almaq?

- Mənim üçün ən vacib olan sadəcə aktyor kimi işləmək fürsətidir. Hər gün sevdiyim işlə məşğul olmaq özü bir şansdır. Təbii ki, böyük rejissorlarla işləmək möhtəşəm olar, amma mənim üçün əsas olan prosesin özü və əldə etdiyim təcrübədir.

Heç vaxt əmin ola bilməzsən ki, bir layihə uğurlu olacaq, ya yox. Ona görə də əsas məsələ prosesin özündən zövq almaq, işlədiyin insanlara inanmaq və onların baxış bucağına güvənməkdir. Axı bu, komanda işidir və əsas məqsəd mümkün olan ən yaxşı işi ortaya qoymaqdır. Hazırda mən sadəcə qarşıma çıxan hər bir imkanı dəyərləndirməyə və hər bir kastinqdən maksimum faydalanmağa çalışıram. Düşünürəm ki, bu, ən düzgün yanaşmadır.

- Sizcə, aktyor üçün tənqidçilər tərəfindən tanınmaq daha vacibdir, yoxsa tamaşaçılar tərəfindən sevilmək?

- Məncə, bu o qədər də önəmli deyil. Əgər sən başqalarının rəyinə həddindən artıq fokuslanarsansa, bu, işinin mahiyyətindən uzaqlaşmağına səbəb ola bilər. Mənim üçün əsas olan hər şeyə ürəyimi qoymaq və gördüyüm işdən həzz almaqdır. Əgər bunu etsən, qalanı özü ilə gələcək, ya da gəlməyəcək, və bu da normaldır.

Tənqidçilərin və tamaşaçıların reaksiyasına nəzarət edə bilmərəm. Əgər işimi bəyənirlərsə, əladır, bəyənmirlərsə, bu da onların şəxsi fikridir. Əsas məsələ odur ki, öz işinə sadiq qalasan və onu səmimi şəkildə edəsən.

- Karyeranızda şəxsi maraqlarınız və üstünlükləriniz nə dərəcədə rol oynayır? Yalnız inanclarınıza və dəyərlərinizə uyğun layihələri seçirsiniz, yoxsa daha çox sənayedə olan tələbatlara uyğun hərəkət edirsiniz?

- Kaş ki, yalnız mənə uyğun layihələri seçmək imkanım olaydı, amma hələ ki, karyeramda elə bir mərhələyə çatmamışam. Hazırda qarşıma çıxan bütün imkanları dəyərləndirirəm, çünki hər biri mənim üçün növbəti mərhələyə keçmək şansı ola bilər.

Bu sənaye çox çətin və dəyişkəndir. Sən bir rolda görünən kimi kastinq rejissorları səni məhz o obrazda görməyə başlayırlar. Aldığım rolların əksəriyyəti Şərqi Avropa və Orta Şərq mənşəli personajlar olsa da, bəzən tam fərqli kastinqlərə dəvət alıram.

Məsələn, yaxınlarda Robert De Nironun rol aldığı “Zero Day” filmi üçün kastinqdə iştirak etdim. Minlərlə insan arasından ilk üçlüyə düşdüm, amma sonda başqa birini seçdilər. Bundan başqa, Rayan Reynolds ilə baş rolda çəkilmək şansı qazanmışdım, son mərhələyə qədər gəlib çatdım, lakin yenə də başqası seçildi. Belə hallar bir neçə dəfə olub – rola çox yaxın olub, amma son anda alınmayıb.

Hazırda sadəcə bütün imkanlardan yararlanmağa çalışıram. Ümid edirəm ki, zamanla seçim baxımından daha çox sərbəstliyim olacaq və öz dəyərlərimə daha çox uyğun gələn layihələrdə iştirak edə biləcəyəm.

- Rusiyalı aktyor Yuri Borisov “Oskar” mükafatına namizəd göstərildi və bu, Rusiya kinosu üçün tarixi hadisə oldu. Sizcə, nə üçün indiyə qədər heç bir azərbaycanlı aktyor bu səviyyədə tanınmayıb və bu vəziyyəti dəyişmək üçün nə etmək lazımdır?

- Düzü, Yuri Borisovun “Oskar”a namizəd olduğunu eşidəndə çox sevindim. Bu, hamımız üçün böyük motivasiyadır və bir daha sübut edir ki, heç nə mümkünsüz deyil.

Yurinin karyerasına baxsaq, görərik ki, o, sadəcə bəxti gətirən biri deyil. O, uzun illər boyunca dayanmadan çalışıb. IMDb səhifəsinə nəzər yetirsəniz, 15 ildən çoxdur ki, Rusiya filmlərində çəkildiyini görəcəksiniz. Onun “Compartment №6” filmi 2021-ci ildə Kann Film Festivalına düşdü və bu, onun üçün dönüş nöqtəsi oldu. Bu festivalda amerikalı rejissor Şon Beyker onun performansını gördü və onun üçün xüsusi bir rol yazdı. Məhz həmin rol nəticəsində o, “Oskar”a namizəd oldu.

Bu, bir qədər şans məsələsidir, amma şansı yaratmaq üçün də çox çalışmaq lazımdır. Azərbaycanlı aktyorların dünya səviyyəsində tanınmamasının əsas səbəbi, fikrimcə, görünürlük problemidir. Biz özümüzü kifayət qədər tanıda bilmirik. Daha çox film çəkməli və beynəlxalq festivallara çıxmalıyıq. Sadəcə bir film yetər ki, lazım olan insanlar onu görsün və bu, bizim üçün qapıları aça bilər.

- Müasir Azərbaycan kinosunu necə qiymətləndirirsiniz? Sizə ilham verən və ya gələcəkdə işləmək istədiyiniz rejissorlar varmı?

- Azərbaycan kinosunda böyük potensial görürəm. Son illərdə çox istedadlı gənclər maraqlı işlər ortaya qoyur.

Məni çox təsirləndirən filmlərdən biri “Pərdə” oldu. Rejissor Emil Quliyev cəmiyyət üçün olduqca vacib mövzulara toxunmağı bacarıb. Düşünürəm ki, bu film başqa yaradıcı insanları da oxşar problemləri araşdırmağa təşviq etdi və bu, gələcəyimiz üçün çox maraqlıdır.

Yaxınlarda “Əqrəb Mövsümü” filmini izlədim və Azər Aydəmirin və Hikmət Rəhimovun aktyor oyununa heyran qaldım. Həmçinin, Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” qısametrajlı filmi inanılmaz idi. Filmi izlədikdən sonra ona yazmaq və işinə olan heyranlığımı bildirmək məcburiyyətində qaldım.

Düşünürəm ki, Azərbaycandan kənarda da çox istedadlı film yaradıcıları var və onların gördüyü işlər kifayət qədər dəyərlidir. Onlarla işləmək böyük şərəf olardı. Kim bilir, bəlkə də düşündüyümdən daha tez bu mümkün olacaq. Gözləyək, görək!

Azərbaycan kinosunun inkişafı və beynəlxalq səviyyədə tanınması

- Sizcə, Azərbaycan kinosunun beynəlxalq arenada daha tanınan olması üçün nə lazımdır? Onu yeni səviyyəyə çıxarmaq üçün nələr etmək olar?

- Düşünürəm ki, həm film sayını, həm də keyfiyyətini artırmağa diqqət yetirməliyik. Bizdə istedad və yaradıcılıq var, lakin daha çox film çəkməli və onları yaxşı şəkildə tanıtmağın yollarını tapmalıyıq. Təəssüf ki, özümüzü biznes tərəfdən o qədər də yaxşı tanıtmağı bacarmırıq və bu, mütləq inkişaf etdirməli olduğumuz bir sahədir. Uğurun açarı əməkdaşlıqdır – beynəlxalq peşəkarlarla işləmək, Kann kimi kino bazarlarında iştirak etmək. Bu cür platformalarda distributorlar, agentlər və prodüserlər var ki, onlar filmlərimizin daha geniş auditoriyaya çatmasına kömək edə bilər.

Bundan əlavə, filmlərimizi beynəlxalq kino festivallarına daha aktiv şəkildə təqdim etməliyik. Yol təkcə Sarayevo və ya Kann festivalları ilə bitmir – dünya üzrə Sundance və Tribeca kimi böyük festivallar var. Bu platformalar bizim üçün yeni qapılar aça və Azərbaycan kinosunun yeni mərhələyə yüksəlməsinə təkan verə bilər.

- Son illərdə Azərbaycan filmləri beynəlxalq kino festivallarında müəyyən tanınma qazanmağa başlayıb. Sizcə, Azərbaycan kinosunda hansı mövzular və yanaşmalar xarici tamaşaçılar üçün maraqlı ola bilər?

- Məncə, əsas məsələ tamaşaçının nəyə maraq göstərəcəyinə fokuslanmaq deyil. Əsas olan, öz hekayənə və baxışına sadiq qalmaqdır. İnsan yaratdığı işdə səmimi və unikal olarsa, tamaşaçılar istər-istəməz ona cəlb olunacaq, haradan və nədən xoşları gəldiyindən asılı olmayaraq.

Bir film istehsalçısı olaraq, özümüz üçün vacib olan hekayələri danışmağa diqqət yetirməliyik, başqalarının nəyi bəyənəcəyini təxmin etməyə yox. Tamaşaçı zövqünü idarə etmək mümkün deyil, amma öz sənətini idarə edə bilərsən. Sadəcə işləmək, fəal olmaq, əlaqələr qurmaq, yaratdığın işi tanıtmaq və irəliləmək lazımdır. Zamanla hər şey yerinə düşəcək.

- Gələcəkdə karyeranızı hansı istiqamətdə görürsünüz? Reallaşdırmaq istədiyiniz xüsusi bir layihəniz varmı?

- Hazırda əsas diqqətimi aktyor kimi inkişaf etməyə yönəltmişəm. Gələcəyin mənə hansı imkanlar gətirəcəyini bilmirəm, amma bu yolda qazandığım hər təcrübə üçün minnətdaram. Aktyor olmaq çətindir – istər Bakı, istər Nyu-York olsun. Bu yol bəzən qeyri-müəyyən və çətin görünə bilər. Ancaq indi ən böyük arzum serialda daimi bir rol almaqdır. Ola bilsin ki, bu, nəhəng bir hədəf kimi səslənmir, lakin buna nail olmaq üçün qarşıda hələ çox iş var.

Gələcək layihə baxımından isə, Azərbaycan kinosunun inkişafına töhfə vermək istəyirəm. Netflix kimi qlobal platformalarda daha çox Azərbaycan istedadlarının görünməsini arzulayıram. Çünki bizdə çox istedadlı insanlar var, sadəcə bir araya gəlməli, bir-birimizi dəstəkləməli və həqiqətən xüsusi bir şey yaratmalıyıq.

Müəllif: Feliks Vişnevetski

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər