Prezidentin azad olunmuş ərazilərə səfərləri: “Böyük Qayıdış”a töhfə, düşmənlərə xəbərdarlıq – Deputat və baş redaktordan ŞƏRH

2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etməsi ilə nəticələndi.
Tarixə nəzər salsaq görərik ki, müharibələrdən sonra qalib dövlət belə bərpa işlərini həyata keçirməkdə çətinlik çəkir. Amma Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bu çətinliklə qarşılaşmadı. Vətən Müharibəsindən sonra artıq sürətlə bərpa işlərinə başlandı.
Bu tarixi qələbə ölkəmizə yalnız siyasi və hərbi uğur deyil, həm də böyük bir missiyanın – doğma torpaqlara qayıdışın həyata keçirilməsi imkanını verdi. Məhz bu məqsədlə "Böyük Qayıdış" proqramı hazırlandı və həyata keçirilməyə başlandı.
Bu proqramın əsas hədəfi, Vətən Müharibəsi nəticəsində azad olunmuş ərazilərdə həyatın bərpası, infrastrukturun yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıtmasını təmin etməkdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görülən işlərə xüsusi diqqət ayırır. Onlar tez-tez azad olunmuş ərazilərə səfər edir, görülən işlərlə tanış olurlar. Hər səfərlərində “Böyük qayıdış” proqramı çərçivəsində həmin ərazilərə geri qayıdan sakinlərlə görüşür, onların fikilərini öyrənir.
Bəs bu səfərlərin əhəmiyyəti nədir?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, dövlət başçısının işğaldan azad edilmiş torpaqlara bayram günlərində səfər etməsi və orada qeyd etməsi mühüm simvolik məna daşıyır.
“Bu, Ermənistana və onun havadarlarına açıq mesajdır. 44 günlük müharibə və ondan sonrakı dövrlərdə Azərbaycanın gücünü görənlər bilməlidirlər ki, hər hansı təxribat eyni nəticəyə gətirib çıxara bilər.
Bildiyimiz kimi son zamanlar Ermənistanın sərhəddəki təxribatlarının artması və yeni eskalasiya planlarının hazırlanması fonunda Prezident İlham Əliyevin Ağdərə rayonuna səfəri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının burada yerli sakinlərlə görüşməsi və ata-baba yurdlarına qayıdan insanlara evlərini təqdim etməsi mühüm bir siqnaldır. Bu, düşmənlərə xəbərdarlıqdır ki, onlar yenidən Azərbaycana qarşı hər hansı planlar qurmasınlar.
Belə həssas bir məqamda Azərbaycan sülh tərəfdarıdır, eyni zamanda, ölkəmizin gücü və əzmi də hər kəsə məlumdur”.
Deputat deyib ki, azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı mərhələli şəkildə icra olunur.
“İlk növbədə, bərpa və quruculuq işləri həyata keçirilir. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində infrastruktur layihələrinə 17 milyard manatdan çox vəsait ayrılmışdır ki, bu da məcburi köçkünlərin qayıdışını daha rahat və effektiv edəcək.
Bu gün işğaldan azad edilmiş ərazilərdə yol və kommunikasiya xətləri sürətlə bərpa olunur. Şəhər və qəsəbələrin intensiv şəkildə inşası həyata keçirilir. İndiyədək Qarabağ və Şərqi Zəngəzur bölgəsində 12 mindən çox insan məskunlaşıb. Dörd il ərzində həm şəhərlərin tikilməsi, həm də insanların geri qayıtması böyük bir çağırış olsa da, Azərbaycan dövləti bu vəzifəni uğurla yerinə yetirir. Nəzərə almalıyıq ki, torpaqlarımızda mina problemi var, ərazilərin böyük hissəsi tamamilə dağıdılmışdı. Buna baxmayaraq, Prezident İlham Əliyevin Ağdərəyə son səfəri zamanı Sərçəng su ambarından Umudlu kəndinə gedən Avtomobil Yolunun açılışında iştirakı və digər strateji ərazilərdə həyata keçirilən layihələr, o cümlədən yol infrastrukturu və məscidlərin bərpası, Azərbaycanın təkcə maddi deyil, həm də mənəvi dəyərlərini qoruduğunu göstərir.
“Azad edilmiş torpaqlara qayıdan insanlar böyük sevinc hissi yaşayırlar” – deyə deputat əlavə edib:
“30 illik həsrətə son qoyulub və hər kəs öz doğma yurduna qayıtmaq arzusundadır. Bu proses mərhələli şəkildə həyata keçirilir və beynəlxalq ictimaiyyət Azərbaycanın bu sahədə apardığı intensiv işləri maraqla izləyir. Azərbaycanın dostları bu uğurlara sevinir, düşmənlər isə məyus olur. İkinci Dünya müharibəsindən sonra Avropanın bərpası onilliklər tələb etdi və bu, əsasən xarici maliyyə dəstəyi, o cümlədən ABŞ-ın Marshall Planı hesabına baş verdi. Lakin Azərbaycan işğaldan azad edilmiş əraziləri heç bir xarici yardım almadan, yalnız öz gücü və resursları hesabına bərpa edir. Müharibənin başa çatmasından cəmi beş il keçməsinə baxmayaraq, ölkəmiz artıq böyük uğurlar əldə edib.
İnanıram ki, 2030-cu ilə qədər bərpa və quruculuq işləri ilə yanaşı, məcburi köçkünlərin qayıdışı da böyük irəliləyişlə tamamlanacaq. Azərbaycanın öz gücü ilə bu işləri görməsi dövlətimizin qüdrətinin, Prezident İlham Əliyevin siyasi iradəsinin və ölkəmizin iqtisadi dayanıqlığının bariz nümunəsidir”.
“Türküstan” Media Qrupunun rəhbəri, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Aqil Camal deyib ki, Azərbaycan Prezidentinin həm şəxsi əlamətdar günlərini, həm də bayramları paytaxtdan kənarda qeyd etməsi artıq bir ənənəyə çevrilib.
“ İşğal dövründə belə, belə günlərdə Prezident daha çox məcburi köçkünlərlə birlikdə olmağa üstünlük verirdi. Bu ənənə hazırda azad edilmiş ərazilərdə də davam etdirilir və bir neçə vacib aspektdən əhəmiyyət daşıyır.
Birincisi, bu səfərlər yerlərdə yaşayan insanlar üçün böyük mənəvi dəstəkdir və onların “Böyük Qayıdış” prosesinə töhfə verir. Eyni zamanda, həmin ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin birbaşa nəzarətdə saxlanılması və yerində müvafiq göstərişlərin verilməsi baxımından da önəmlidir. Bu cür mütəmadi səfərlər həm qayıdış prosesini sürətləndirir, həm də aparılan işlərin keyfiyyətini artırır”.
“Hazırda doğma yurdlarına qayıtmaq istəyən insanların sayı əvvəlcədən proqnozlaşdırıldığı kimi davam edir” – deyə A.Camal əlavə edib:
“Hətta bəzi hallarda, aparılan işlər gözləntilərlə tam uyğun gəlmədiyi üçün insanlar daha da səbrsizləşir və mümkün qədər tezliklə geri dönməyə can atırlar. Bununla belə, ölkənin qısa müddət ərzində eyni anda çoxsaylı şəhər və kəndləri yenidən qurması qeyri-mümkündür. Buna görə də müəyyən gözləmə müddəti qaçılmazdır.
Eyni zamanda, biz özümüz də püşkatma proseslərində iştirak edən zaman vətənlərinə qayıtmağa hazır olan insanların yüksək əhval-ruhiyyədə olduğunun şahidi oluruq. Bölgədə aparılan quruculuq işlərinə gəldikdə isə, vaxtaşırı yeni obyektlərin açılışları həyata keçirilir. Məsələn, sonuncu dəfə Prezident Suqovuşan bölgəsinə səfər edib və orada yeni məktəblər və müəssisələr istifadəyə verilib.
O, deyib ki, insanlar tələsir və bu, tamamilə başadüşüləndir.
“ Çünki 30 il əvvəl həmin torpaqlardan məcburi köçkün düşənlərin bir çoxu artıq həyatda deyil. Hər gün bu bölgədən olan insanların vəfat etməsi ilə bağlı xəbərlər eşidilir. Buna görə də, yenidənqurma prosesinin sürətləndirilməsi və qayıdışa dair yeni təşəbbüslərin nəzərə alınması məqsədəuyğundur.
Torpaqların işğaldan azad olunmasının beşinci ildönümündə Azərbaycan dövləti böyük miqyasda dağıdılmış əraziləri yenidən dirçəltmək üçün mühüm addımlar atır.
“Prezidentin də dəfələrlə vurğuladığı kimi, bu işlər əsasən Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir” – baş redaktor əlavə edib:
“Doğrudur, Özbəkistan və Qazaxıstan kimi dost ölkələr tərəfindən müəyyən sosial obyektlər inşa edilib, lakin ümumilikdə beynəlxalq maliyyə institutları və yardım təşkilatları Azərbaycanın dağıdılmış ərazilərinin bərpasına nə yardım, nə də kredit formasında dəstək göstərib.
Bununla yanaşı, beynəlxalq ictimaiyyətin və aidiyyəti təşkilatların bu ərazilərə marağı da kifayət qədər məhduddur. Azərbaycan dövləti isə bu mövzuya diqqət çəkmək üçün mütəmadi olaraq Şuşa, Xankəndi və digər azad edilmiş ərazilərdə beynəlxalq forumlar və tədbirlər təşkil edir. Bu tədbirlər vasitəsilə həm 30 illik işğalın yaratdığı ağır fəsadlar dünya ictimaiyyətinə çatdırılır, həm də hazırda aparılan quruculuq işləri ilə beynəlxalq müşahidəçilər yerində tanış edilir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”mövzusunda hazırlanıb.











