Kiberdələduzluqla mübarizə: Bank kartlarından oğurluq bitənədək DİN statistika paylaşacaq – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Kiberdələduzluqla mübarizə: Bank kartlarından oğurluq bitənədək DİN statistika paylaşacaq – MÜSAHİBƏ

Qafar Ağayev09:30 - Bu gün
Kiberdələduzluqla mübarizə: Bank kartlarından oğurluq bitənədək DİN statistika paylaşacaq – MÜSAHİBƏ

Müasir dövrümüzü informasiya texnologiyalar olmadan təsəvvür edə bilmirik.

İnformasiya texnologiyaların sürətli inkişafı həyatımızın bütün sahələrini əhatə edir. Ancaq rəqəmsallaşmanın gətirdiyi imkanlarla yanaşı, ciddi təhlükəsizlik riskləri də ortaya çıxarır.

Kiberhücumlar bu gün dövlət qurumlarından böyük korporasiyalara, kiçik bizneslərdən fərdi istifadəçilərə qədər hər kəsi təhdid edən əsas risklərdən birinə çevrilib.

Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da kiberhücumlar müşahidə olunur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatlarda da gün ərzində kiberdələduzlar tərəfindən vətəndaşlara vurulan zərərin məbləği qeyd olunur. Mütəmadi olaraq təbliğat işləri aparılsa da hələ də kiberdələduzların qurbanına çevrilənlərin sayı kifayət qədərdir.

Məsələnin ciddiyini nəzərə alaraq, suallarımızı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimova ünvanladıq.

Elbrus İbrahimovun 1news.az-a müsahibəsini təqdim edirik:

- Daxili İşlər Nazirliyi başda olmaqla bir çox qurum və ekspertlər tərəfindən insanlara kiberhücumlarla bağlı çağırışlar edilir, diqqətli olmağa çağırılır. Bu çağırışlar, maarifləndirmə işləri kiberdələduzların qurbanına çevrilənlərin sayının azalmasına təsir edibmi?

- Kiber məkanda sxem fərqli olsa da, məqsəd eynidir: bank kartından oğurluq etmək. Onlayn cinayət artan və davam edən təhlükədir. Onunla mübarizə yalnız maarifləndirmədir. Kiberdələduzluqla mübarizə çərçivəsində tərəfimizdən mütəmadi olaraq maarifləndirmə, təbliğat, təşviqat işləri həyata keçirilir. Gündəlik olaraq vətəndaşların bank kartlarından talanan vəsaitlərin məbləği, üsul və vasitələri ictimaiyyətin diqqətinə çatdırılır. Bu informasiyaları verməyimizdə məqsədimiz vətəndaşlar oxşar hallarla qarşılaşsa etməli olduqları prosesləri biləsinlər.

- Ən çox hansı yaş qrupundan insanlar kiberdələduzların qurbanına çevrilir?

- Kiberdələduzluq yaş və sərhəd tanımır. Hər yaş kateqoriyasından olan şəxslər bu tələyə düşür. Amma yaşlı nəslin nümayəndələrini xüsusi vurğulamaq lazımdır. Onlara zəng edərək həssas xəbərlər verilir. Bildirilir ki, “övladınız qəza keçirik, təcili pul lazımdır”. Təbii ki, həssas xəbərin təlaşı ilə atılan hər bir addım bizim əleyhimizə işləyəcək. Bəzən vətəndaşlar verilən informasiyanı dəqiqləşdirmədən tanımadıqları şəxsin istədiyi məbləği göndərirlər və məlumatı dəqiqləşdirdikdən sonra aydın olur ki, kiberdələduzluqla üzləşiblər.

Elbrus İbrahimov

- Hansı səhvlər insanları kiberdələduzların qurbanı olmasına gətirib çıxarır?

- Kibertələlərdən qorunmağın yolu çox sadədir. Tanımadığınız şəxslərə həm şəxsi, həm də bank kart məlumatlarınızı verməməlisiniz. Daha aydın təsəvvür formalaşması üçün vətəndaşlar öz evlərini düşünsünlər. Onun açarını yəqin ki, tanımadıqları şəxslərə verməzlər. Əgər verilərsə nə baş verər? Oğurluq. Bank kartını ev, onun məlumatlarını isə evin açarı kimi təsəvvür etsələr, bu kimi halların baş verməməsi prosesində dəyişiklik etmək olar.

Bir mənalı olaraq vətəndaşlarımız xarici nömrədən gələn zəngləri açmamalı, mesajlara cavab vermədən bloka atmalıdırlar. Sizdən bank kartı məlumatı istənilirsə, ayıq-sayıq olmalı və bu informasiyaları heç kimə verməməlisiz.

- DİN tərəfindən kiberhücumların qarşısını almaq istiqamətində başqa hansı işlərin görülməsi nəzərdə tutulur?

- DİN-in Mətbuat Xidməti tərəfindən bundan sonra da hər gün vətəndaşların bank kartlarından talanan pul vəsaitləri ilə bağlı statistika paylaşılacaq, tam bitənə qədər. Bununla yanaşı DİN-in sosial şəbəkə səhifələrində kiberdələduzluqla bağlı maarifləndirici video-çarxların yayımlanması davam edir. Yeni video-çarxların hazırlanması istiqamətində işlər fasiləsiz aparılır.

Sonda onu qeyd edim ki, kiberdələduzluqla üzləşən vətəndaşlar dərhal DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də sosial şəbəkələrdə “polisazerbaycan” rəsmi səhifələrinə məlumat versinlər.

Həmçinin oxuyun: Yaponiyada bankomat qarşısında olan yaşlılara yeni QADAĞA

Paylaş:
183

Son xəbərlər

Bütün xəbərlər