Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələdə: Hərtərəfli Strateji Tərəfdaşlığa doğru | 1news.az | Xəbərlər
Köşə

Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələdə: Hərtərəfli Strateji Tərəfdaşlığa doğru

Qafar Ağayev13:13 - Bu gün
Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələdə: Hərtərəfli Strateji Tərəfdaşlığa doğru

"Prezident İlham Əliyevin 2025-ci il aprel ayında Çinə rəsmi dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması ilə yadda qaldı".

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, bildirib ki, səfər çərçivəsində Prezident Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat" imzaladılar.

"Bu, 2024-cü ilin iyul ayında imzalanmış "Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə"dən sonra münasibətlərin daha da dərinləşməsinin göstəricisidir.

Prezident Əliyevin sözlərinə görə, bu Bəyanat Azərbaycanın müxtəlif ölkələrlə imzaladığı strateji tərəfdaşlıq sənədləri arasında "ən güclüsüdür". Səfər zamanı 20-dən artıq müxtəlif sahələri əhatə edən sənəd imzalanmışdır.

Azərbaycan-Çin əlaqələrinin möhkəm təməlinin qoyulmasında Uluöndər Heydər Əliyevin xüsusi rolu olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Uluöndər Heydər Əliyev prezidentliyə seçildikdən sonra ilk xarici səfərlərindən birini məhz Çinə etmişdir. O vaxtdan bəri iki ölkə arasında münasibətlər inkişaf etməyə başlamışdır.

Prezident Əliyev 2005-ci ildən bəri Çinə dəfələrlə səfər etmiş və son 20 il ərzində ölkənin sürətli inkişafının və transformasiyasının şahidi olmuşdur. O, Çin rəhbərliyi ilə görüşlərində hər dəfə Çinə gələndə yeni inkişaf nümunələri müşahidə etdiyini və dostlarını sosial-iqtisadi inkişafdakı uğurları ilə təbrik etdiyini vurğulamışdır.

Müsahibədə Prezident İlham Əliyev iki ölkə arasında siyasi sahədə yüksək səviyyəli əməkdaşlığı xüsusi qeyd etmişdir. O bildirib ki, "Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir." Azərbaycan "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyir və Tayvanda qeyri-qanuni seçkiləri pisləyən ilk ölkələr sırasındadır.

Eyni zamanda, Azərbaycan Prezidenti Sədr Si Cinpin ilə şəxsi münasibətlərini "çox mehriban" kimi xarakterizə edir və onunla söhbətlərin "çox səmimi və açıq" olduğunu vurğulayır. Əliyevin sözlərinə görə, Sədr Si "çox təcrübəli dövlət xadimidir" və "çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır".

"Cənab Prezident müsahibəsində ölkəmizin Sədr Si Cinpinin təqdim etdiyi bir sıra qlobal təşəbbüslərə, xüsusilə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi vurğulamışdır. Azərbaycan bu təşəbbüsə açıq şəkildə dəstək verən və ona qoşulan ilk ölkələrdən biridir" - deyə deputat əlavə edib.

Prezident İlham Əliyev bildirib ki, "Bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir". Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşir və artıq bütün lazımi infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları və 8 beynəlxalq hava limanını inşa etmişdir.

Çin Azərbaycanın idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından dördüncü tərəfdaşıdır. Azərbaycan Çində 6 Ticarət Evi açmış və artıq Çinə şərab ixrac etməyə başlamışdır.

İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var. Cəmi bir həftə əvvəl keçirilən biznes-forumda Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzalanmışdır. Lakin Prezident "milyardlar barədə danışmaq" istədiyini və bunun "tamamilə real" olduğunu qeyd etmişdir".

N.Həmzəyev deyib ki, müsahibədə xüsusi diqqət yetirilən sahələrdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlıqdır.

"Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda quraşdırılmış günəş panelləri Çində istehsal olunub və iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün "həqiqətən də nadir fürsət var."

Azərbaycanın 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji gücünə çatmaq planları var ki, bu da ölkənin mövcud ümumi quraşdırılmış gücünün (8000 meqavat) təxminən 80%-ni təşkil edir. Bu, Azərbaycan üçün həlledici əhəmiyyət daşıyır, çünki ölkə elektrik enerjisi istehsalında təbii qazdan asılılığı azaldaraq, onu beynəlxalq bazarlara ixrac edəcək.

Azərbaycan artıq Çindən 160 elektrik avtobusu almış, əlavə 200 avtobus üçün müqavilə imzalamış və bu il Çinin BYD şirkəti ilə birgə Azərbaycanda elektrik avtobuslarının istehsalına başlayacaqdır.

Azərbaycan artıq qonşularla birgə yüklərin keçidini asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışdır. Nəticədə, Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10-12 gündür.

2024-cü ildə Çin ilə Azərbaycan arasında tranzit daşımalarında 86% artım qeydə alınmışdır. Cənab Prezidentin fikrincə, "Bu, yalnız başlanğıcdır" və "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq".

Deöutatın sözlərinə görə, müsahibədə səslənən ən mühüm yeniliklərdən biri də iki ölkə arasında tam vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanmasıdır.

"Prezident İlham Əliyev bunu "möhtəşəm bir xəbər" adlandırmış və çinli dostlara bu qarşılıqlı addım üçün minnətdarlığını bildirmişdir.

Qeyd edilib ki, 2024-cü ildə Azərbaycan birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etmiş və bundan sonra Çindən gələn turistlərin sayı təxminən iki dəfə artmışdır. İndi isə, Azərbaycan vətəndaşları da "sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər."

Cənab Prezident həmçinin təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini vurğulamış və hazırda hər iki ölkədə təhsil alan tələbələrin sayının (100-dən çox) "çox az" olduğunu qeyd etmişdir. O, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması imkanının nəzərdən keçirildiyini də bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə də Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) Çin ilə əməkdaşlığını genişləndirmək niyyətində olduğunu bildirmişdir. O, Sədr Si Cinpin tərəfindən ŞƏT-in Zirvə toplantısına dəvət olunduğunu və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyini qeyd etmişdir.

Prezidnet İlham Əliyev həmçinin Azərbaycanın Qlobal Cənubun fəal üzvü olduğunu və Çini "Qlobal Cənubun lideri" hesab etdiyini vurğulamışdır. O bildirib ki, "suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri bizim üçün vacibdir".

Prezident İlham Əliyevin Çinə rəsmi dövlət səfəri və CGTN-ə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin yeni, daha yüksək səviyyəyə qalxdığını göstərir. İki ölkə arasında imzalanmış "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat" və 20-dən artıq digər sənəd siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır.

Azərbaycan və Çin arasında münasibətlərin dərinləşməsi, xüsusilə də "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün qarşılıqlı faydalı olmaqla yanaşı, regional və qlobal əməkdaşlığa da töhfə verəcəkdir".

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər