Azərbaycan mediasında “fake news” və onların yayılma mexanizmləri - Jurnalist araşdırması

13 iyun gecəsi İsrail İranın paytaxtı Tehran şəhərinə raket hücumu həyata keçirdi.
Bununla da İsrail və İran arasında qarşılıqlı raket hücumları başladı. Qarşıdurma fonunda sosial şəbəkələrdə bəzi xarici səhifələr tərəfindən "Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdikləri" iddia edilən məlumatlar yayılmağa başladı. Həqiqətə uyğun olmayan bu informasiyalar təxribat xarakteri daşıyırdı. Ardınca Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məsələ ilə bağlı açıqlama yayaraq, yayılan məlumatların dezinformasiya olduğunu və heç bir əsasının olmadığını bildirdi.
Bütün dünyada olduğu kimi, ölkəmiz də tez-tez saxta məlumatların hədəfinə çevrilir. Koronavirus pandemiyası dövründə, 44 günlük Vətən Müharibəsi zamanı, antiterror tədbirləri çərçivəsində, eləcə də "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau şəhərindəki qəzasından sonra bir sıra yalan məlumatlar geniş şəkildə yayılmışdı. Lakin Azərbaycan mediasının və rəsmi qurumların çevik reaksiyası nəticəsində bu cür dezinformasiyalar ifşa edilərək cəmiyyət vaxtında məlumatlandırılıb.
Bəs “fake news” (saxta xəbər) nədir? Necə yayılır? Və onunla mübarizə yolları hansılardır?
1news.az bu suallarla bağlı araşdırma aparıb.
“Fake news” ənənəvi çap mediasında və ya onlayn platformalarda, sosial şəbəkələrdə bilərəkdən və ya bilməyərəkdən yayılan saxta xəbərlərə deyilir.
Saxta və ya yanlış xəbərlərin yayılmasında məqsədlər olduqca müxtəlif olsa da, əsas hədəf, adətən, maddi gəlirlər və siyasi hədəflər üzərində qurulur.
Yanlış informasiyalar doğru məlumatlarla müqayisədə ən azı 2 dəfə çox yayılır ki, bunun da arxasında, əsasən, psixoloji faktorlar dayanır. Heç şübhəsiz ki, “fake” xəbərlərin insanlara, eləcə də, dövlətə və onun ordusuna vurduğu zərər danılmazdır.
Mediada bu tip xəbərlərin yayılması, adətən, ölkədə və dünyada baş verən hansısa xüsusi hallarda (müharibə, təbii fəlakət, sağlamlıq problemləri və s.) artım göstərir.
Son illər ərzində Azərbaycan mediasında “Fake news”-lar ən çox II Qarabağ müharibəsi (27 sentyabr – 10 Noyabr, 2020-ci il) zamanı müşahidə olunub.
“Fake”lərin kateqoriyalar üzrə paylanmasını sözlərlə ifadə etsək, ən çox siyasi xəbərlərdə çoxluq təşkil etdiyini açıq müşahidə edə bilərik. Sosial xəbərləri ikinci, hüquq-mühafizə ilə bağlı xəbərləri üçüncü, iqtisadiyyat ilə bağlı xəbərləri isə sonuncu yerdə qərarlaşdırmaq olar.
Azərbaycan mediasında “fake” xəbərlərin yayılma tezliyi
Saxta xəbərlər, ilkin mərhələdə, əsasən, sosial şəbəkələr vasitəsilə sürətlə yayılmağa başlayır. İkinci mərhələdə xəbər fakta əsaslanmayan saytlarda intensiv şəkildə yayılmağa davam edir. Üçüncü mərhələ aidiyyəti üzrə müvafiq açıqlamanın yayılması ilə müşahidə olunur. Müvafiq açıqlamadan sonra adətən, yayılma intensivliyi azalmağa doğru istiqamətlənir.
Yerli mediada müşahidə olunan “Fake News” növləri
Clickbait: Sensasiyalı başlıqlar, başlığı əks etdirməyən kontentlər; insanları “Click” etməyə təhrik etməklə müşahidə olunur. Məqsəd, əsasən, əyləncə və maddi qazanclardır.
Propaganda: İnsanların inanclarını və düşüncələrini hədəf alır, təsir metodları vasitəsilə insan beynini yönləndirməyə xidmət edir: Siyasi məqsədlər və fanatizm əsas istifadə məqsədləridir.
Misinformasiya: Real hadisəni qeyri-real formada təqdim edən, xəbərin məzmununda, adətən, bilməyərəkdən yol verilən səhvlərdir. İctimai fikri çaşdırmaq üçün məqsədli şəkildə təhrif olunmuş həqiqətləri yaymaq əsas hədəflərdən biridir.
Saxta hesablar («troll»): Xəbərin yayılmasını sürətləndirmək və əsasən, ictimai rəyi manipulyasiya etmək məqsədilə istifadə olunur.
Sarı mətbuat: Heç bir fakta əsaslanmayan, müəyyən məqsədlərə xidmət edən uydurma xəbərlərdir. Əyləncə və maddi qazanclar üçün nəzərdə tutulan istifadə alətlərindən biridir.
Provakativ xəbərlər: Böhran və müharibə zamanı doğru xəbərə çatmaq çətinləşəndə ortaya çıxan təxribat xarakterli məlumatlardır.
Yalançı elm: Rasional yanaşmadan uzaq, əsasən iqtisadi məqsədlər üçün istifadə olunan saxta elmi xəbərlərdir.
Manipulyasiya (deepfake): Bəsit bir neçə cümlədən videoların məzmunlarının dəyişdirilməsinə qədər geniş spektri əhatə edən saxta xəbər növüdür. Siyasi məqsədlər üçün daha çox istifadə olunur.
Sosial mediadan istifadə üzrə aktivlik göstəriciləri
Azərbaycan mediasında saxta xəbərlərin ən çox yayıldığı dövrlərdən biri olan “Aprel döyüşləri” ərəfəsində (2021-ci il üzrə) ən çox istifadə olunan sosial şəbəkələrin ardıcıllığı:
“Youtube”, “X” sosial şəbəkəsi (əvvəlki adı ilə “Twitter”), “İnstagram”, “Facebook”.
Statistik göstəricilərə əsasən, Azərbaycanda yerli insanlar sosial şəbəkələrdən əsasən əyləncə məqsədilə istifadə edirlər.
Yerli sakinlərin sosial mediadan istifadə məqsədləri
68 % - Əyləncə məqsədilə;
20 % - Xəbəri dəqiqləşdirmək məqsədilə;
12 % - Əsas xəbər mənbəyi kimi.
TV-də izləyici seçimi
Statistika göstərir ki, insanların əksəriyyəti televiziyadan əsas informasiya mənbəyi kimi istifadə etsə də, böyük bir qisim mediada çatışmazlıqların olduğu və TV-də rəngarəng proqramlara yer verilmədiyi qənaətindədir.
Araşdırmalar ortaya çıxarıb ki, Azərbaycan əhalisinin yarıdan çoxu Türk və Rus kanallarına yerli kanallardan daha çox maraq göstərir.
TV xəbərlərdə doğruluq payı
Sosial sorğunun nəticələrinə əsasən, 50 % insan mediada yayımlanan xəbərlərin doğruluq payına şübhə ilə yanaşdığını bildirib. 28 % insan xəbərlərin doğruluğuna etibar edib. 22 % insan isə informasiyalara qəti şəkildə etibar etmədiyini bildirib.
Azərbaycan – Ermənistan müharibəsi: Tovuz döyüşləri (İyul, 2020-ci il)
Tovuz döyüşləri ərəfəsində yanlış məlumatın ən çox yayılan 2 növünə rast gəlinib. Onlardan birincisi “xətalı əlaqələndirmə” - Hadisə ilə yanlış əlaqələndirilən foto və ya videolar (85,7 %), İkincisi isə “Uydurma” - Tamamilə əsassız iddialardan ibarət olub ( 14,3 % ).
Tovuz döyüşləri ərəfəsində yayılan “fake news” nümunələri:
Xətalı Əlaqələndirmə: Sosial şəbəkələrdə Tovuz döyüşləri zamanı Pakistan ordusunun Azərbaycana dəstək olduğunu göstərən video paylaşılıb.
Realda isə video 2019-cu ildə Pakistanda hər il qeyd olunan “Pakistan Günü”ndə çəkilib. Yəni sözügedən görüntülərin Pakistan Ordusunun Azərbaycana dəstək verdiyini əks etdirməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır.
Uydurma: Sosial şəbəkələrdə Tovuz döyüşləri ərəfəsində 800 mindən çox vətəndaşın orduda xidmət üçün qeydiyyatdan keçdiyinə dair məlumatlar paylaşılıb.
Müdafiə Nazirliyinin rəsmi saytında isə bu ərəfələrdə cəmi 7 minə yaxın müraciətin daxil olduğu bildirilib.
Saxta məlumatların ən çox müşahidə olunduğu dövr: II Qarabağ müharibəsi (27 sentyabr – 10 Noyabr)
Ən çox müşahidə olunan “fake” növlərinin faizlə ifadəsi: xətalı əlaqələndirmə: 69,9 %, Təqlid: 12,1 %, manipulyasiya: 12,1 %, Uydurma: 6 %, Kontekstdən çıxarma: 6 %, Təhrif: 3 %.
II Qarabağ müharibəsində “fake”lərin ən çox yayıldığı dillər
Türk, Azərbaycan, Rus, İngilis, Çin, İspan, Erməni dilləri.
Döyüşlər zamanı yalan və doğrunun yayılma intensivliyi arasındakı fərq
Nümunə 1: Sentyabr döyüşləri zamanı Qarabağda çəkildiyi deyilən video mediada və rus aktivist Vladimir Solovyovun verlişində yayımlanıb. Lakin görüntülərin Qarabağla heç bir əlaqəsi yoxdur, kadrlar video oyunundan götürülüb.
Döyüşlər zamanı yayılan bu saxta xəbərə 98 % insan daha çox reaksiya verib. Bu da onu deməyə əsas verir ki, yalan informasiya istənilən halda doğru informasiyadan daha tez və sürətli şəkildə yayılır və bəzən təkzibi heç bir məna ifadə etmir.
Nümunə 2: Sosial mediada Türkiyə Baş Qərargah rəisi Yaşar Gülərin imzası olduğu deyilən sənəd yayılıb. Sənəddə Liviyadan 120 Suriyalı döyüşçünün Azərbaycana göndərilməsi əks olunub. Sənədin həqiqətlə heç bir əlaqəsi yoxdur və saxtadır. Sözügedən xəbərə 96 % insan reaksiya verib.
II Qarabağ müharibəsində “Fake”lərin sosial şəbəkələr üzrə ardıcıllıqla paylanması
“Twitter”: 46,04 %; “Facebook” 24,46 %; “İnstagram” 17,26 %; “Youtube” 5,03 %; “Telegram” 2,87 %; “Tiktok” 1,43 %.
Böhranın məzmunu ilə “fake news” arasındakı əlaqə
Müharibə böhranı: Hərbi münaqişələr zamanı İzləyici üçün əsas maraq hədəfi hadisə yerindən olan görüntülərdir. Bu səbəbdən müharibə böhranında xətalı əlaqələndirməyə daha çox rast gəlinir. Məsələn. Gəncəyə Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan raket zamanı dağıntılar altında qalan uşağın çıxarılması görüntülərinin Gəncə ilə heç bir əlaqəsi yoxdur.
Təbii fəlakət böhranı: Təbii fəlakət zamanı da izləyici hadisə yerindən görüntü əldə etməkdə olduqca maraqlıdır. Bu böhranda da xətalı əlaqələndirmə üstünlük təşkil edir. Avstraliyada baş verən şiddətli yanğınlar zamanı NASA-nın kosmosdan yaydığı iddia olunan foto da adıçəkilən kateqoriyanın bir nümunəsidir.
Səhiyyə böhranı: Digər böhranlardan fərqli olaraq tibbi böhranı zamanı izləyiciyə iddianın görüntüsü deyil, özü maraqlıdır. Bu səbəbdən tibbi böhranda uydurma xəbərlər daha çox yayılır. Məsələn: “Azərbaycanda bir ay sonra koronavirus yox olacaq”.
"Covid 19" böhranında yayılan saxta xəbər nümunələri
Uydurma: Sosial şəbəkələrdə yayılan bir videoda «Covid-19» əleyhinə hazırlanan peyvəndlərdə çip olduğu iddia olunub. İddia təbii ki, tamamilə əsassızıdır və heç bir elmi məlumata əsaslanmır.
Təhrif: Koronavirus pandemiyası ilə mübarizədə aparılan araşdırmalar peyvəndlərin effektiv olmadığını sübuta yetirə bilməyib. Bu səbəbdən “Peyvənd gözlənilən nəticəni verməyib, insanlar ölməyə davam edəcək” iddiasının əksinə ÜST-ün baş direktoru peyvəndlər sürətli və ədalətli şəkildə tətbiq olunmazsa virusdan ölən insanların artacağına diqqət çəkib.
Xətalı Əlaqələndirmə: Azərbaycanlı youtuber böhran dövründə apteklərdə satılan tibbi maskaların isti suya məruz qaldıqdan sonra içərisindən nano qurdlar çıxdığını bildirən video paylaşıb. Videoda görünən isə qurdlar yox, maskanın parçalarıdır.
Nəticə və dəyərləndimə
Hazırda Azərbaycan ərazisində hər hansı hərbi əməliyyatın keçirilməməsinə və müharibə vəziyyətinin mövcud olmamasına baxmayaraq yerli media üçün saxta xəbərlərin ən çox yayıldığı dövrlər, məhz hərbi əməliyyatların başladığı və davam etdiyi zamanlara təsadüf edib. Tovuz və Aprel döyüşləri ərəfəsində təməlləri qoyulan bu tip informasiyalar II Qarabağ müharibəsi zamanı daha da intensivləşməyə və xəbər axınına nəzarət etməyə başladı. Belə hesab edə bilərik ki, istənilən böhran vəziyyətində saxta xəbərlərin yayılma tezliyi də dəyişir. Bunun əsas səbəbi isə insanların həmin zaman kəsimi içərisində xəbərə, informasiyaya olan tələbatının əvvəlki günlərlə müqayisədə kəskin şəkildə artmasıdır. Başqa sözlə desək, informasiya aclığı saxta xəbərlərin mediada sürətli şəkildə yayılmasına qaynar zəmin hazırlayır. Heç şübhəsiz ki, sadalanan faktlar yalnız, Azərbaycan mediası üçün xarakterik deyil. Dünya təcrübəsinə, xarici KİV-lərə və sosial media hesablarına nəzər salsaq, aydın şəkildə görə bilərik ki, informasiya çirkliliyinin mövcudluğu müasir zamanda insanların doğru xəbərə rahat şəkildə çatmasının önündə ciddi əngəl təşkil edir. Hərşeyin rahatlaşdığı, texnologiyanın bu qədər inkişaf etdiyi zamanda doğru xəbər əldə etmək əslində bir o qədər də çətinləşib. Çünki dünyada və eləcə də ölkəmizdə vətəndaş jurnalistikası deyilən anlayış bir çox hallarda həqiqi medianın belə önünə keçməyi bacarır. Təbii ki, biz bu gün hətta etibar etdiyimiz Kütləvi İnformasiya Vasitələrində belə saxta xəbərlərə rast gələ bilirik. Bu səbəbdən, mütləq şəkildə media savadlılığının təbliği və insanlar arasında maarifləndirmə işlərinin aparılması şərtdir. Böhran vəziyyətlərində Azərbaycan mediasının ümumi təzahürü göstərdi ki, hətta fakt yoxlama platformalarından əldə olunan informasiyalar özlüyündə yoxlanılmalı və araşdırılmalıdır. Müasir dövrün tələbi hər gördüyünə inanmaqdan deyil, hər gördüyün xəbəri sorğulamaqdan, şübhə ilə yanaşmaqdan və araşdırmaqdan keçir.