Bakıda gənc memarlar və tələbələr arasında memarlıq müsabiqəsi keçirilib
2026-cı il aprelin 25-də Azərbaycan Memarlar İttifaqının dəstəyi və Gənc Memarlar və Tələbələr Klubunun təşəbbüsü ilə “X Respublika Gənc Memarlar və Tələbələrin İşləri Müsabiqəsi”nə təqdim olunmuş layihələrin sərgisinin açılışı və qaliblərin təltif olunma mərasimi keçirilib.
Azərbaycan Memarlar İttifaqından 1news.az-a verilən məlumata görə, tədbir İçərişəhərdə yerləşən “Zaman ART Gallery”də baş tutub.
Müsabiqənin məqsədi yeni istedadların aşkar edilməsi, qeyri-standart yanaşmaların təşviq edilməsi, müasir memarlıq düşüncəsinin inkişafı, habelə perspektivli istiqamətlərin geniş ictimaiyyətə və potensial sifarişçilərə təqdim olunmasıdır.
Platformada 29 yaşa qədər olan gənc memarlar və tələbələr iştirak edib, onlar fərdi layihələr, kurs və diplom işlərini təqdim ediblər.
Tədbirin açılışında Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, İttifaqın hər zaman gənclərin yaradıcılıq təşəbbüslərinin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hüseynov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova iştirak ediblər. Onlar gənc memarların layihələri ilə tanış olub və onlara uğurlar arzulayıblar.
Gənc Memarlar və Tələbələr Klubunun prezidenti Elin Beylərov çıxışında qeyd edib ki, 2014-cü ildən keçirilən müsabiqələr artıq ənənəvi xarakter alıb və bu ilki müsabiqə də uğurla təşkil olunub. O, ümumilikdə 32 müraciətin daxil olduğunu, onlardan 24 layihənin müsabiqəyə buraxıldığını bildirib. Bu işlər müxtəlif memarlıq yanaşmalarını, konsepsiyalarını və ideyalarını əhatə edib. Elin Beylərov tədbir iştirakçılarına təşəkkürünü bildirib və İttifaqın rəhbərliyinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Müsabiqənin münsiflər heyəti — Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Alısultanlı, “Fontanagrande” MMC-nin layihələr direktoru, Azərbaycan Memarlar İttifaqının üzvü Fazil Qumbatlı, “Azərdövlətlayihə” institutunun mütəxəssisi, IX Respublika Gənc Memarlar və Tələbələrin İşləri Müsabiqəsinin qalibi Məlik Quliyev — aprelin 22-də keçirilən iclasda layihələri qiymətləndirib və qalibləri müəyyənləşdirib.
Beləliklə, I yerin qalibi 1000 AZN məbləğində pul mükafatı və fəxri diplom, II yerin qalibi 750 AZN məbləğində pul mükafatı və fəxri diplom, III yerin qalibi isə 500 AZN məbləğində pul mükafatı və fəxri diplomla təltif olunur.
Münsiflər heyəti həmçinin birinci, ikinci və üçüncü yerləri tutan layihələrin Moskvada keçiriləcək XXXIV Beynəlxalq Memarlıq Baxış-Müsabiqəsi “Zodçestvo-2026”ya göndərilməsini tövsiyə edib.
Bundan əlavə, bir sıra dövlət qurumları və memarlıq şirkətləri tərəfindən təşviq mükafatlarının verilməsi də nəzərdə tutulub.





















