Tofiq Musayev: Bu, son deyil, mən geri dönəcəyəm

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qırğızıstanlı Mıktıbek Orolbay ilə dueldən məğlub ayrılan Azərbaycan təmsilçisi Tofiq Musayev sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
1news.az xəbər verir ki, MMA döyüşçüsü ona dəstək verən azarkeşlərə təşəkkür edib.
O, bildirib ki, növbəti qarşılaşmalarda daha güclü və inamlı olacaq:
"Bəzən qalxırsan, bəzən isə yıxılırsan. Amma əsas olan ayağa qalxmağı bacarmaqdır. Bu dəfə qələbə qismət olmadı. İnsan çox çalışır və inanır, amma həyat bizə fərqli sınaqlar təqdim edir. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyəti, siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız".
T.Musayev azarkeşlərə də müraciət edib:
"Sizin səsiniz, arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insan, dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşdə məğlub ola bilərik, amma belə sevgini uduzmaq mümkün deyil. Bu, son deyil. Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı. Hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Xalil Rauntri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. X.Rauntri yekunda qalib elan olunub.
Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Baxamondesə qalib gəlib.