Günahı təcavüz edən 64 yaşlı kişidə yox, 4 yaşlı uşaqda görənlər... - “Əməlli-başlı faciədir” – ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Günahı təcavüz edən 64 yaşlı kişidə yox, 4 yaşlı uşaqda görənlər... - “Əməlli-başlı faciədir” – ŞƏRH

Ayşən Salehli17:27 - Bu gün
Günahı təcavüz edən 64 yaşlı kişidə yox, 4 yaşlı uşaqda görənlər... - “Əməlli-başlı faciədir” – ŞƏRH

Məşhur Türkiyə yazıçısı Aziz Nesinin uşaqlarla bağlı belə misraları var:

Elə bir ağlayam,
Elə bir ağlayam, uşaqlar
Sizə heç göz yaşı qalmaya.

Bu misralar böyük ürək yanğısı ilə qələmə alınmışdı, çünki Aziz Nesin də yaxşı bilirdi ki, uşaqları pisniyyətli insanlardan qorumaq heç də həmişə mümkün olmur. İşin ən acınacaqlı tərəfi isə budur ki, belə təhlükəli insanlar yadların yox, məhz evimizin, yaxın bildiklərimizin içindən çıxırlar. Bir neçə gündür sosial şəbəkələrdə 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı yayılan görüntülər uşaqları xəstətəfəkkürlü adamlardan qoruya bilmədiyimizi şillə kimi üzümüzə vuranda yer ayağımızın altından qaçsa da, yıxılmadıq. Bizi yıxan növbəti və ən ağır zərbə, yəni uşağa qarşı yazılan şərhlər oldu. Azyaşlının könüllü şəkildə bu təcavüzün bir parçası olduğunu yazan bəzi insanlar cəmiyyətin şam kimi əriyən ürəyinə elə şok dalğası yaydı ki, dodaqlar kilidləndi, gözlər yerə dikildi. Yoğurduqca daha çox su aparan bu xəmirin başqa bir azyaşlının boğazında ilişib qalmaması üçün artıq sərt addımlar atılmalıdır. Görək, ölkəmizdə qanunvericilik bu cür hallarda uşaqları necə qoruyur? Bəs 64 yaşlı kişini kənara qoyub 4 yaşlı uşaqda günah axtaran insanlar üçün nə demək olar? Ümumiyyətlə, deyiləcək bir söz qalıbmı?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, uşağa qarşı bu hərəkəti edən şəxsə ağır cəza verilməlidir.

“Amma cəmiyyətin mənə yaşatdığı şok, bəlkə də baş verən hadisədən yaşadığım qədər olmadı. Çünki 4 yaşlı uşağı qınamaq artıq bütün normaları keçmək deməkdir. Mən o şərhləri görəndə çox pis oldum. Cəmiyyətdə ciddi şəkildə maarifləndirmə işini gücləndirməliyik. 4 yaşlı uşağın ittiham edilməsi cəmiyyətdəki qadına münasibətin birmənalı şəkildə göstəricisidir. 10-12 il bundan əvvəl belə bir hadisə baş vermişdi və bütün cəmiyyət o uşağın müdafiəsinə qalxmışdı. Hadisə rayonların birində baş vermişdi. Həm əhalidən, həm də sosial şəbəkələrdən uşağa dəstək gəlmişdi. Bugünkü mənzərə sözün əsl mənasında mənə ağrı yaşatdı. Bu elə-belə bir şey deyil, çox ciddi siqnaldır. Cəmiyyəti başa salmaq lazımdır ki, bu ciddi cinayətdir. Əvvəllər daha çox 13-14 yaşında uşaqlara bu sözlər deyilər, uşaq olmasına baxmayaraq, daha çox onlar ittiham olunardı. İndi hətta 4 yaşında uşağa qarşı bu ittihamları səsləndirmək sadəcə dəhşətdir, əməlli-başlı faciədir”.

O, aidiyyəti qurumalara səslənməyi də unutmadı:

“Mən bütün bu sahə ilə məşğul olan dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına səslənərək deyirəm ki, bu baxışların və streotiplərin dəyişməsi üçün tədbirlər görülməlidir. Bu cür şərhlər sabah digər cinayətlərin ört-basdır olunmasına gətirib çıxaracaq. Cinayətkar rahat şəkildə gəzəcək, daha çox zərərçəkənlər olacaq və özünü daha güclü hesab edəcək.

Bu travmalar, uşaqlar böyüyüb olanları dərk etdikdə özünə qəsd etməsi ilə nəticələnə bilər. Əhaliyə başa salınmalıdır ki, cinsi hərəkətlərlə baş verən cinayətlər bunu edən şəxsin günahıdır, qarşı tərəfin yox. Bu cür insanlar qarşısında uşaq görmür, cinsi obyekt görür. Çox biabırçı bir şeydir, ciddi siqnaldır və mütləq ciddi şəkildə tədbir görülməlidir”.

M.Zeynalova belə halların video çəkilməsinə də münasibət bildirib:

“Əhali arasında maarifləndirmə işləri aparılmalıdır ki, qaynar xəttlərə dərhal müraciət edilməlidir. Bu video olmasaydı, kişini cəzalandırmaq da olmayacaqdı, çünki sübut olmayacaqdı. Belə halda həmin şəxs özünü böhtana məruz qalmış olaraq göstərəcək, hətta qarşısındakını borclu çıxarmağa çalışacaqdı. Sübut olmamağı cinayətkarın qarşı tərəfi cinayətkar göstərməsinə gətirib çıxaracaqdı. Təbii ki, bu videonun çəkilməsi yaxşı deyil, amma digər tərəfdən də sübutdur. Bu sübut olmasaydı, bu adamı cəzalandırmaq olmayacaqdı. Ətrafdakıları danışdırıb öyrənmək lazımdır. Yəqin ki, hansısa addımlar atıb. Ona görə də 4 yaşlı uşağa da tamah salıb”.

“Mən belə görüntülərin yayılmasının əleyhinəyəm” – deyə o, sözlərinə davam edib.

“Biz psixoloji zorakılığı sübut edə bilmirik. Sabah məhkəməyə də getsək, bizə deyəcəklər ki, sübut yoxdur, sən yalan danışırsan. Burada da cinsi qısnama olduğuna görə heç kəsi inandırmaq olmayacaq. Bu baxımdan sübut toplamaq yaxşıdır. Amma bunu sosial şəbəkələrdə yaymaq qeyri-etikdir. Bunu yayanlar düşünmürlər ki, sabah bunu saxlayanlar, o ailə haqqında məlumat toplayanlar olacaq. O uşaq gələcəkdə yaşananları başa düşəndə həyatı məhv olacaq. Etik normalar var və bu normaları keçmək olmaz. Bunu sosial şəbəkələrə yox, dərhal hüquq-mühafizə orqanlarına göndərmək lazımdır. Görüntülər belə geniş şəkildə yayılanda insanlar düşünürlər ki, onu biabır edirlər, amma anlamırlar ki, başqaları üçün şərait yaradır, yəni oyadırlar. Ümumiyyətlə belə məsələlərdə jurnalistlər də, əhali də çox həssas yanaşmalıdır. Sübut varsa, onu hüquq-mühafizə orqanlarına təqdim etmək lazımdır. Bilirsiniz ki, cinsi xarakterli cinayətləri adətən ən yaxın adamlar – yaxın qohumlar, qonşular, uşaqların etibar edildiyi şəxslər törədirlər”.

Sədr sonda görülməli olan işlərə diqqət çəkib:

“Yaxşı olar ki, məktəblər də, ailələrdə ciddi şəkildə söhbətlər aparılsın. Məsələnin bir tərəfi də budur ki, belə hadisələr dəyərlər sistemini də köklü şəkildə pozur. Biz artıq heç kəsə etibar edə bilmirik. Bu da insanlarda psixoloji gərginlik yaradır. Ehtiyacın olanda kiməsə doğru gedə bilmirsən, çünki ehtiyat edirsən. Mənə elə gəlir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür. Məktəblərdə psixoloqlar etik normalar çərçivəsində söhbətlər aparmalıdır. Bu söhbətlər ittiham formasında olmamalıdır. Belə hallar varsa, psixoloqlar uşaqların hərəkətlərindən, sözlərindən bunu müəyyən etməlidirlər. Bu məsələdə uşağın sözü əsas götürülməlidir. Çünki uşaq öz fantaziyası ilə belə şeylər göstərə bilməz. Biz çox vaxt uşaqlara inanmırıq ki, uşaqdır, özündən uydurur. Amma yaxşı mütəxəssislər bunu müəyyən edə bilirlər. Ona görə də yaxşı mütəxəssislər hazırlamaq lazımdır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə 1news.az-açıqlamasında bu cür hallarla bağlı qanunvericilikdə müəyyən maddələr nəzərdə tutulduğunu söyləyib.

“Qanunvericiliyə əsasən belə hərəkətlərə yol verən insanlar üçün cəza var. Çünki bu, uşaqlara qarşı zorakılıq əməli kimi cinayət sayılır. Belə hallar bəzən üzə çıxır, bəzən isə çıxmır”.

Deputat baş verən hadisənin mənəvi dəyərlərin korlanması ilə bağlı olduğunu vurğulayıb:

“Hesab edirəm ki, bütün bu məsələlərin kökündə cəmiyyətdə dəyərlərin transformasiyası və deqradasiyası durur. Cəmiyyətdə birinci əxlaqi və mənəvi dəyərləri gücləndirməliyik. Bundan sonra müəyyən nəticələr əldə etməliyik. Burada digər məsələ isə qanunun sərtləşdirilməsi və daha sərt qaydaların qəbuludur. Sistemli, ardıcıl işlərdən söhbət gedir. Əslində bizim dəyərlərə əsasən bu yaşda olan insanlar ağsaqqal sayılır və davranışlarında da bu prinsipi gözləməlidirlər. Amma bu gün biz tam əksini görürük”.

Yazıçı və psixoloq İlqar Kamil məsələ ilə bağlı şərhində pedofiliya xəstəliyindən və atılmalı olan addımlardan söz açıb.

“Bütün hallarda böyük bir cinayət hadisəsidir. Pedofiliya xəstəlikdir. Müasir psixologiyada da bu xəstəlik kimi təsnifləndirilir. Amma bu belə cinayətə bəraət qazandırmır. Hüquq-mühafizə orqanları həmin şəxsi yoxlamalardan keçirdikdə pedofiliya aşkar olunsa belə, bu insan azadlığa buraxılmamalıdır. Mütləq şəkildə müəyyən tədbirlər görülməli, müalicələr almalı, yəni gələcəkdə törədəcəyi hadisələrin qarşısını almaq üçün təcrid olunmalıdır. Çünki təhlükə mənbəyidir.

4 yaşlı uşaqla bağlı yazılan şərhlərə gəlincə, o bu məsələlərdən bixəbərdir. Bunu uşağın boynuna atmaq sözün əsl mənasında gülməlidir. Burada maariflənmədə ciddi işlər aparılmalıdır. Uşaq şəxsi sərhədlərini tanısa, bu kimi hallar yaşadıqda kimə və hara müraciət etməli olduğunu bilsə, belə cinayətlərin qarşısını öncədən almaq olar”.

“Uşaq deyib keçməyin, hər uşaq bir evin, bir gələcəyin ümididir” – deyib Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk. Gəlin balaca ümidlərimizi onlara uzadılan çirkli əllərdən, vicdandan nəsibini almayanların böhtanlı dillərindən qoruyaq. Unutmayaq ki, bizim də başımıza bir hadisə gələndə dadımıza çatacaq qanun keşikçiləri günahlandırdığımız o uşaqların arasından çıxacaq”.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər