AKTUAL problem: Paytaxtın bəzi yeraltı piyada keçidlərində eskalatorlar illərdir niyə işləmir? - VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

AKTUAL problem: Paytaxtın bəzi yeraltı piyada keçidlərində eskalatorlar illərdir niyə işləmir? - VİDEOREPORTAJ

11:16 - Bu gün
AKTUAL problem: Paytaxtın bəzi yeraltı piyada keçidlərində eskalatorlar illərdir niyə işləmir? - VİDEOREPORTAJ

Yeraltı piyada keçidlərindəki eskalatorlar şəhər mühitini daha rahat və təhlükəsiz etmək məqsədi daşıyır.

Bu xüsusilə yaşlı insanlar, uşaq arabası olan valideynlər, fiziki məhdudiyyətli şəxslər və əlində ağır yük daşıyanlar üçün böyük əhəmiyyət kəsb edir. Eskalatorlar pilləkənlə qalxmaq və enmək zərurətini aradan qaldıraraq sakinlərə həm rahatlıq, həm də təhlükəsizlik təmin edir.

Lakin 1news.az redaksiyasına ünvanlanan oxucu məktublarında paytaxtın bir sıra yeraltı keçidlərində eskalatorların uzun müddət işləməməsindən şikayətlər yer alır. İddialara görə, bu problem xüsusilə şəhərin ən sıx hərəkətli yerlərində – Heydər Əliyev Sarayının yaxınlığındakı parkda, həmçinin Qış parkı və Mərkəzi parkda daha kəskin hiss olunur.

Bəzi keçidlərdə bir eskalator, bəzilərində isə hər iki eskalator işləmədiyindən, onlar adi pilləkənlərə çevrilib.

Məsələni yerində araşdırmaq üçün 1news.az-ın əməkdaşları qeyd edilən ərazilərə baş çəkiblər. Araşdırma zamanı məlum olub ki, Heydər Əliyev Sarayının arxasında yerləşən və Qış parkına çıxışı olan yeraltı keçiddə hər iki eskalator işləmirdi. Keçidin bir tərəfində eskalator yalnız yuxarı qalxma istiqamətində fəaliyyət göstərir, enmə istiqamətində isə işləmir. Qarşı tərəfdə isə əksinə — eskalator enmə istiqamətində işləyir, lakin yuxarı qalxma istiqamətində fəaliyyət göstərmir.

Paytaxt sakinləri arasında apardığımız sorğuda onların böyük əksəriyyəti mövcud vəziyyətdən narazılıq ifadə edib. Xüsusən yaşlı insanlar, uşaq arabası və ya körpə uşaqları olan qadınlar eskalatorların işləməməsi səbəbindən yuxarı qalxıb-enməkdə çətinlik çəkdiklərini bildiriblər. Bəzi sakinlər etiraf ediblər ki, bu səbəbdən yolu müəyyən olunmamış yerlərdən keçməyə məcbur qalırlar ki, bu da, təbii olaraq, həm onların, həm də digər insanların təhlükəsizliyi üçün risk yaradır.

Nişanlanmayan yerlərdən yol keçmənin təhlükəli olduğunu nəzərə alaraq, 1news.az redaksiyası işləməyən eskalatorlarla bağlı problemin nə vaxt həll olunacağını öyrənmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb.

Anar Nəcəfli

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, eskalatorlar müəyyən müddətdən sonra təmirə ehtiyac duyan mexanizmlərdir:

“Yeraltı və yerüstü piyada keçidlərindəki eskalatorların işlək vəziyyətdə saxlanılması üçün xüsusi təmir briqadalarımız var. Hər hansı nasazlıq yarandıqda briqada dərhal əraziyə göndərilir və imkan daxilində təmir işləri elə yerindəcə aparılır ki, eskalatorların fəaliyyəti mümkün qədər tez bərpa olunsun”, – deyə A. Nəcəfli qeyd edib.

O əlavə edib ki, əgər təmiri yerində aparmaq mümkün olmursa, bu halda xüsusi təmir sexlərindən istifadə olunur: “Sexlərə lazım olan ehtiyat hissələri siyahı üzrə çatdırılır, təmir işləri görülür və bundan sonra eskalatorlar yenidən istismara verilir”.

A. Nəcəflinin sözlərinə görə, eskalatorlar ölkəmizdə istehsal olunmur və ehtiyat hissələrinin xaricdən sifarişi zamanı onların gətirilməsi, gömrük rəsmiləşdirilməsi və quraşdırılması müəyyən vaxt tələb edir: “Bu müddət ərzində eskalator müvəqqəti olaraq işləməyə bilər. Lakin biz çalışırıq ki, problemi ən qısa zamanda aradan qaldıraq”.

Qış parkının ərazisindəki yeraltı keçidlərə də ayrıca toxunan A. Nəcəfli bildirib: “Buradakı eskalatorlar, digər yerlərdən fərqli olaraq, Agentliyimizin balansında deyil”.

Görünüşdə sadə bir məsələ kimi — eskalatorların işlək vəziyyətinə kim cavabdehdir sualına cavab tapmaq — düşündüyümüzdən daha mürəkkəb oldu. Qış parkındakı eskalatorların hansı quruma məxsus olduğunu öyrənmək cəhdimiz əslində bir növ “axtarış missiyasına” çevrildi.

Məlumat əldə etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Oradan isə bizə bildirildi ki, sözügedən ərazi onların tabeliyində deyil.

Beləliklə, vəziyyət paradoksal təsir bağışlayır: eskalatorlar var, amma onlara kim məsuldur sualı demək olar ki, “filosofik müzakirə” mövzusuna çevrilib.

Sonda biz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Tural Orucovun sözlərinə görə, bu ərazi onların nəzarətindədir və obyektin istismara verilməsi zamanı bir sıra çatışmazlıqlar aşkarlanıb.

Tural Orucov

“Qış parkının altında yerləşən yeraltı avtodayanacaq istismara verildiyi zaman burada bir sıra çatışmazlıqlar mövcud idi. Xüsusilə, liftlərin və eskalatorların nasaz olduğu və işləmədiyi müəyyən edilmişdi. Yaxın vaxtlarda avtodayanacaqda lift və eskalatorların əsaslı təmiri həyata keçiriləcək”.

Ümid edirik ki, səsləndirilən təmir planları tezliklə reallaşacaq.

Çünki eskalatorların fasiləsiz işləməsi təkcə rahatlıq məsələsi deyil, eyni zamanda minlərlə sakin, xüsusilə də ən həssas qruplar üçün təhlükəsizlik baxımından olduqca vacibdir. Arzu edirik ki, çox yaxın zamanda bu narahat pilləkənlər yenidən insanların həyatını asanlaşdıran, rahat və etibarlı köməkçilərə çevrilsin.

Faiqə Məmmədova

Foto-video: Nadir İbrahimli

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər