İlmələrdə gizlənən tarix - Azərbaycan Milli Xalça Muzeyindən - REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

İlmələrdə gizlənən tarix - Azərbaycan Milli Xalça Muzeyindən - REPORTAJ

Ayşən Salehli10:30 - 17 / 06 / 2025
İlmələrdə gizlənən tarix - Azərbaycan Milli Xalça Muzeyindən - REPORTAJ

Azərbaycanın ən məşhur və qədim dekorativ-tətbiqi sənət növlərindən biri xalçaçılıqdır.

İlk baxışda bir-birinə bənzəyən bu sənət nümunələrinin dili, əslində, anlaya bilənlər üçün olduqca mənalı və zəngindir. Xalçalarda təkcə toxucunun əl bacarığı yox, həm də daxili dünyası əks olunur. Hətta keçmişdə bir qıza elçi düşəndə, toxuduğu xalçalara baxaraq onun daxili dünyasını duymağa çalışarmışlar.

Dərinliyinə gedildikcə insanı valeh edən bu sənət nümunələrini görmək üçün ən ideal yerlərdən biri, sözsüz ki, Azərbaycan Milli Xalça Muzeyidir. Həm yerli, həm də əcnəbi ziyarətçilərə qucaq açan muzey “xovlu” və “xovsuz” xalçalar başda olmaqla olduqca zəngin kolleksiyaya malikdir.

Bu rəngarəng aləmə etdiyimiz səyahətdə ilk yoldaşımız muzeyin direktoru Əminə Məlikova oldu.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylər arasında Milli Xalça Muzey ön sıralardadır.

"Ötən il buraya 150 mindən çox ziyarətçi təşrif buyurub. Azərbaycan xalçaçılıq sənəti əsasən 4 bölgüyə bölünür. Xalçalar naxışlarına və regionlarına görə fərqlənir. Muzeyin ən qədim xalçası XVII əsrə aiddir. Burada, həmçinin, 14 toxucu fəaliyyət göstərir. Bu toxucular qədim və bu günədək gəlib çatmamış xalçaların replikalarını da toxuyurlar".

Muzeydə nümayiş olunan, rəngarəng və hər biri özünəməxsus auraya malik olan bu xalçalarla nağıllardakı kimi uça bilməsək də, onların xəyali qanadları ilə qədim dövrlərə səyahət edirik. Bu möcüzəvi aləmə etdiyimiz səfərdəki növbəti yol yoldaşımız isə muzeyin bələdçisi Ülkər Rəhimzadədir. Onun bilikləri yumoru ilə birləşərək ziyarətimizi daha da unudulmaz və əyləncəli hala gətirir.

Ülkər xanımın sözlərinə görə, muzeyin ən maraqlı eksponatlarından biri amerikalı kolleksiyaçı tərəfindən muzeyə bağışlanan, XVII əsrə aid əjdaha kompozisiyalı xalçadır. Belə ki, kolleksiyaçı vəsiyyət edib ki, ölümündən sonra bu xalçanı Azərbaycanın muzeyinə hədiyyə etsinlər. “Ona öz xalqı yaxşı baxar”, – deyə qeyd edib.

“Aynalı ləmpə” adını daşıyan ecazkar xalçanın böyüklüyünü və üzərindəki ov təsvirlərini səmimi maraqla nəzərdən keçirərkən bir yandan da bələdçimizi dinləyirdik.

“Saray xalçaları ilə məişətdə istifadə olunan xalçalar həm ornamentlərinə, həm də ölçüsünə görə bir-birindən fərqlənir. Yəni saray xalçalarında ov səhnələri kimi status daşıyan insanların məşğuliyyətlərinin təsvirinə geniş yer verilir, ölçüləri isə böyükdür. Böyüklükdən söz düşmüşkən, xalçaların ölçüsü bölgədən-bölgəyə dəyişir. Məsələn, Bakı xalçaları digərlərindən daha kiçikdir. Çünki İçərişəhərdə evlər xana-xana olub. Amma digər bölgələrdə xalçalar daha böyük olub. Xüsusən də, Qarabağ xalçaları ölçüsünə görə çox böyük olurdu. Çünki onların imarətləri olurdu və bu imarətləri döşəmək üçün böyük xalçalara ehtiyac var idi”.

Ülkər xanım ziyarətimiz zamanı Təbriz xalçalarından söhbət açır. Onun sözlərinə görə, “Şiri-Xurşid” yəni “Günəş və Aslan” simvolu Səfəvilər sülaləsinin emblemində olub. “Şiri-Xurşid” elementi Təbriz xalçaları ilə fars xalçalarını qarışdırmamaq üçün əsas yollardan biridir.

Xalçalarda qırmızı rəngdən geniş şəkildə istifadə olunmasına gəlincə, bu da maraqlı bir inancla bağlıdır. Belə ki, qədim dövrlərdən bəri qırmızı rəngin bəd nəzəri qaytardığına inanılıb. Hətta toylarda qırmızı rəngin bu qədər dominant olmağı da “gözdəymə”dən qorunmaq üçün olub. Bu inanc xalça sənətində də öz izini qoyub. Bundan əlavə, insanlar evlərinin divar və döşəmələrində füsunkar gözəlliyə sahib olan xalçalardan istifadə ediblər ki, gələn insanların nəfsi xalçalara yönəlib sınsın.

Məlumata görə, Qarabağ, Şəki və Bakı bölgələrində evlərin qapı və pəncərələrində şəbəkə üslubundan istifadə edilərdi. Yayda evin xalça-palazını yığışdıranda günəşin şüaları sayəsində rəngli şüşələrdən döşəməyə və tavana naxışlar süzülərdi.

Burada ən diqqətçəkən məqamlardan biri də inklüziv muzey layihəsi çərçivəsində Brayl əlifbasından istifadə olunmasıdır. Belə ki, görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş qabarıq toxunmuş kiçikölçülü ornamentlər və Brayl əlifbası ilə qeyd olunmuş məlumat lövhələri muzeyin hər kəs üçün əlçatan olmasını təmin edir.

Bələdçimizin verdiyi digər maraqlı məlumatlardan biri isə xalçaların üzərinə ilmə-ilmə həkk olunan naxışlarıdır. Azərbaycanda xalçaçılar həmişə yenilikçi olublar. Sən demə, xalça üçün yeni naxışlar axtaran xalçaçılar hər hansı bir parçadan və ya şaldan çeşni, yəni eskiz kimi istifadə ediblər. Hətta Rusiyadan gətirilən konfet və sabun kağızlarının üzərindəki naxışlara belə milli ornamentlər qatıb özünküləşdirərək yeni xalça formaları yaradıblar.

Muzeyin ən gözoxşayan nümunələrindən biri isə italyan kolleksiyaçı tərəfindən ərmağan edilən “Qızqarıdan xalça”dır. Belə ki, xalçanın haşiyələri digər xalçalarla müqayisədə həm çoxlu və həm də xırdadır. “Qızqarıdan xalça”nın bu yumoristik adı daşımasının altında onun toxunmasına sərf olunan vaxt, çəkilən böyük zəhmət, göstərilən səbir yatır.

Muzeyin ən gənc, lakin bir o qədər də dəyərli nümunələrindən biri isə “Zəfər xalçası”dır. İlk olaraq həmin vaxtlar işğal altında olan torpaqlarımızın xəritəsi çəkilib. Daha sonra isə azad edildikcə, xəritədə hər bir yerin canlandırılması məhz o bölgəyə məxsus ornamentlərlə həyata keçirilib və xalça indiki halını alıb.

Xalçanın “Əl-ələ” adlanan motivlə tamamlanması isə birliyi təcəssüm etdirir. Bu da belə bir sosial mesaj verir: Qarabağı bütün Azərbaycan qoruyur!

FOTO: Nadir İbrahimli

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər