Qiymətlər, Çin avtomobilləri, dəyişən seçimlər, avto kreditlər... – Ekspert avtomobil bazarında vəziyyətdən danışdı | 1news.az | Xəbərlər
Müsahibə

Qiymətlər, Çin avtomobilləri, dəyişən seçimlər, avto kreditlər... – Ekspert avtomobil bazarında vəziyyətdən danışdı

Qafar Ağayev13:14 - Bu gün
Qiymətlər, Çin avtomobilləri, dəyişən seçimlər, avto kreditlər... – Ekspert avtomobil bazarında vəziyyətdən danışdı

Son illərdə avtomobil bazarında həm qiymətlər, həm də təklif çeşidi nəzərəçarpacaq dərəcədə müşahidə olunur.

Xüsusilə, münasib qiymət ilə təklif ediləm Çin istehsalı avtomobillərin sayı sürətlə artır.

Bu tendensiya alıcılara daha geniş seçim imkanı yaradır və bazarda rəqabəti gücləndirir.

Yeni modellər, müasir dizaynlar və texnoloji yeniliklər sayəsində Çin markaları artıq qlobal bazarda olduğu kimi Azərbaycanın avtomobil bazarında da önəmli mövqe qazanıb.

Bəs görəsən ümumilikdə Azərbaycanın avtomobil bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, yay mövsümündə durğunluq yaşayan Azərbaycanın avtomobil bazarında hazırda müəyyən canlanma hiss edilir.

Eldəniz Cəfərov

Onun sözlərinə görə, ənənəvi olaraq ölkədə avtomobil bazarının fəallaşması əsasən sentyabr aylarında müşahidə olunur:

“Hazırda Azərbaycanda hibrid avtomobillərə böyük maraq var və onlar getdikcə daha populyarlaşır. Bununla belə, benzin mühərrikli avtomobillər hələ də ikinci əl bazarında ən çox alınıb-satılan nəqliyyat vasitələridir. Ölkəmizdə yeni avtomobil seqmentində isə mühərrik həcmi 1500–2500 kub santimetr aralığında olan hibrid modellərə tələbat yüksəkdir”.

Avtomobil seçimi

Ekspert bildirib ki, əvvəlki illərdə daha çox krossover tipli hibridlər üstünlük təşkil edirdisə, hazırda sedan tipli hibrid avtomobillərə maraq artıb:

“İkinci əl avtomobil bazarında mühərrik həcmi 2000 kub santimetr olan benzin mühərrikli avtomobillər daha çox alınıb-satılır. Hazırda qiymətlərdə artım müşahidə olunmur, zənnimcə ilin sonuna qədər də kəskin dəyişiklik olmayacaq. Bazarda avtomobillərin qiymətinə ən çox təsir edən amil tələbdir. Hansısa bir modelə tələb artırsa, onun qiyməti sabit qalır, maraq azaldıqda isə ucuzlaşma baş verir”.

Çin atvomobillərinin təsiri

Çindən gətirilən avtomobillərə də toxunan Eldəniz Cəfərli vurğulayıb ki, idxal iki əsas yolla həyata keçirilir:

“Ölkəmizə Çindən həm rəsmi nümayəndəliyi, servisi və istehsalçı zəmanəti olan avtomobillər, həm də zəmanəti və rəsmi nümayəndəliyi olmayan, başqa bazarlar üçün istehsal edilən modellər gətirilir. Əsas olan avtomobilin harada istehsal olunması deyil, hansı bazar üçün nəzərdə tutulması və hansı keyfiyyət standartlarına cavab verməsidir. Azərbaycan avtomobil seqmenti Avropa spesifikasiyasına uyğun olduğundan mən Avropa standartlı avtomobillərə üstünlük verilməsini tövsiyə edirəm”.

Avtomobil parkının yenilənməsi

Ekspert əlavə edib ki, ölkəyə idxal olunan hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq edilən rüsum güzəştləri yeni avtomobillərin sayını artırıb:

“Lakin bu artımın davamlı olması üçün vətəndaşların yeni avtomobil ala bilməsi məqsədilə əlavə imkanlar yaradılmalıdır. Təəssüf ki, hazırda bank sektorunda avtokreditlərin verilməsində çətinliklər mövcuddur. Hətta yüksək əməkhaqqı alan vətəndaşlar belə kreditlə avtomobil almaqda çətinlik çəkirlər, kredit təşkilatları isə bir çox hallarda müraciətləri rədd edirlər”.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər