Nərmin Xankişiyevanın hekayəsi: “TikTok”dakı gülməli ailə dramlarından “Oskar” xəyalına uzanan yol - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Nərmin Xankişiyevanın hekayəsi: “TikTok”dakı gülməli ailə dramlarından “Oskar” xəyalına uzanan yol - FOTO - VİDEO

16:41 - Bu gün
Nərmin Xankişiyevanın hekayəsi: “TikTok”dakı gülməli ailə dramlarından “Oskar” xəyalına uzanan yol - FOTO - VİDEO

Zarafatçıllığı və səmimiliyi ilə çoxlarının könlünü fəth edən aktrisa və bloger Nərmin Xankişiyeva “TikToker”, gələcək planları və populyarlığı barəsində danışıb.

1news.az müsahibəsini təqdim edir:

- Nərmin, 1news.az oxucularına bir az özünüzdən danışın. Kimsiniz - bloger, “TikTok” fenomeni, yoxsa aktrisa?

- Xankişiyeva Nərmin – “TikToker”, həm də aktrisa. ADMİU (SABAH qrupları) Musiqili teatr rejissorluğunu bitirmişəm. 3 il 198 manata səs rejissoru işləmişəm. Özümü bloger saymıram amma gələcəkdə bəlkə də ola bilərəm

- Sosial şəbəkələrdə hər şey necə başladı? Sizin yolunuzun başlanğıc nöqtəsi nə oldu?

- Mənim “TikTok”la tanışlığım, bu kontenti yaratmağım koronavirus vaxtlarına təsadüf edir. “TikTok”da effektlərlə gülməli videolar çəkənləri görüb dedim, mən də çəkim və “ailə dramı” adlı komedik bir kontent yaradıb dostlarımın “Whatsapp” qrupuna göndərdim (paylaşmaq fikrim yox idi). Ən yaxın rəfiqəm də dedi, bombadır, məncə, paylaş. Mən də paylaşdım, gözləmədiyim maraq yaranandan sonra davam etməyə başladım

- Zarafat və obrazlarla dolu videolarınız yüz minlərlə baxış toplayır. Personajlarınız necə yaranır? İdeyalar hardan gəlir?

- Effektlərə uyğun personajlar yaratdım. Nüşabə (ana obrazı) bir az anamı xatırladır, daha doğrusu bütün Bakılı anaları. Aydın (oğul obrazı) personajı isə dayım oğlunu xatırladır, ən çox da danışığı. Xüsusi olaraq idea fikirləşib çəkmirəm sadəcə telefonu götürüb, effektləri əlavə edib danışıram

- Sizin üçün ən sevimli və yaxud ruhən ən yaxın obraz hansıdır? Və niyə məhz o?

- Etibar (ata) obrazı. Çünki heç nəyi ciddiyə almır və ürəyi nə istəyir edir.

- Şöhrət sizə necə və nə vaxt gəldi? Bu, həyatınıza nə kimi dəyişikliklər gətirdi? Ani məşhurluğa bağlı hər hansı çətinliklər və ya gözlənilməz hallar oldu?

- Mən uşaq vaxtından evdə, bağda,məktəbdə hamını - qohumları filan yamsılayırdım. Hər məclisdə hamını güldürürdüm. Həmişə özümə çox inanmışam və özümü bu sahədə görmüşəm. Bilirdim ki, bu necəsə baş verəcək. Sosial şəbəkədə tanınmağım mənim özümü ifadə etməyə təkan verdi. Əvvəllər sənin yanından düz keçən insanlar indi səni görən kimi gülümsəyir, şəkil çəkdirib söhbət etmək istəyir. Bu möhtəşəm hissdir, amma çətin tərəfi odur ki, çox göz önündə olursan, səhv etməyə haqqın yoxdur. Çünki 1 dəfə gözdən düşdünsə, heç kimə maraqlı olmursan.

- Dilarə Əliyeva ilə birlikdə çəkildiyiniz komediyada və “YouTube” layihələrində iştirak etmisiniz. Çəkiliş meydançasındakı təəssüratlarınızı paylaşa bilərsiniz? Ən çox nə yadınızda qalıb və nələr öyrəndiniz?

- Mənim belə bir problemim var ki, dayanan yerdə nəsə yadıma düşsə, gülə bilərəm və 1,2 saat bunun təsirindən çıxa bilmərəm. Bu da mənim, komandanın işini çətinləşdirir. Çəkildiyim “Cin atı” filmində o qədər gülürdüm ki, artıq hiss edirdim, məndən nifrət edirlər və çarələri olsa məni döyərlər (Gülür-red.). Amma indi özümü bu mənada tərbiyələndirmişəm. Gülməyi, fasilə veriləndə komanda ilə ünsiyyət qurub fikrimi dağıtmağı özümə qadağa qoymuşam.

- Sosial şəbəkələr üçün videolarınızda müxtəlif rollar oynayırsınız. Bəs aktrisa kimi xəyalını qurduğunuz rol varmı?

- Xəyalını qurduğum xüsusi rol yox, janr var. Ətrafımda düşünür ki, mən dramda çox da oynaya bilmərəm. Onları səhv çıxartmağı 4 gözlə gözləyirəm.

- Deyirlər ki, tamaşaçını güldürmək, onu ağlatmaqdan daha çətindir. Siz bu fikirlə razısınız? Sizin üçün hansı rol daha çətindir: komediya, yoxsa dramatik?

- Bəli, razıyam güldürmək daha çətindir. Şəxsən məni çox nadir hallarda güldürə bilirlər. Heç bir janrda oynamaq mənə çətin gəlmir. İnanmaq, istəmək və məşqdən çox şey asılıdır.

- Sosial şəbəkələrdə yaradıcılıqla peşəkar aktrisalıq arasında necə balans yaradırsınız? İndi sizin üçün hansı daha önəmlidir?

- Dediyim kimi, sosial şəbəkələrdə tanınmağım aktrisalıq təcrübəmə təkan verdi və hələ də verir. Aktrisalıq bacarıqlarımı sosial şəbəkədə çəkdiyim videolarla göstərirəm.

- Azərbaycan yumorunun xüsusiyyəti nədir, sizcə? Digər ölkələrin yumorundan nə ilə fərqlənir və sizin fikrinizcə, niyə azərbaycanlı tamaşaçılar arasında bu nə qədər populyardır? Müasir Azərbaycan yumorunda nələri bəyənmirsiniz?

- Məncə, yumorun spesifik bir xüsusiyyəti olmur. Axırda gülürsənsə, bu yumordur. Digər ölkələrin yumorunun bizdə populyar olmasına gəldikdə isə, bu bir az da rəqabət çeşidliliyi ilə əlaqəlidir. Bazar böyüdükcə bizim yumor sahəmiz də öz ölkəmizdə daha geniş kütlə qazanacaq.

- Sizcə, Azərbaycanda niyə komediya sahəsi ilə məşğul olan bloger xanımların sayı azdır? Bunun səbəbi nədir və istərdinizmi ki, belə blogerlərin sayı artsın?

- Düşünürəm ki, bizdə xanımlar daha çox özlərini olduğu kimi qəbul etməyə çəkinir. Yaşadıqları həyatı, baş verənləri olduğu kimi qəbul edib yumora çevirməkdənsə onları daha ciddi təqdim etməyi tərcih edirlər. Əlbəttə ki, istərdim ki, say artsın. Bayaq da dediyim kimi, güldürmək daha çətindir. Bu bir az da insanın genetikasında olmalıdır, ona görə də hamıda olmaması normaldır. Bir hadisəni iki fərqli şəxsdən dinləyib, birinə gülüb, digərinə reaksiya verməyə bilərik.

- Sizcə, yumorda hansı mövzular azərbaycanlı auditoriya üçün hələ də tabu sayılır? Hansı mövzuları şərh və zarafat vasitəsilə müzakirə etmək olar ?

- Belə mövzular çoxdur. Təbii ki, hər məsələdə olduğu kimi bu vəziyyətdə də cəmiyyətin nəbzinə görə hərəkət etməkdə fayda var. Düşünürəm ki, hər mövzunun özünə xas zarafat səthi üçün yeri var. Amma yerini və qədərini bilmək lazımdır.

- Yumorunuzun daşıdığı mesaj üçün məsuliyyət hiss edirsinizmi? Gülməli ilə etik arasında necə balans yaradırsınız?

- Yumorumun hələ o qədər də böyük mesaj daşıdığını düşünmürəm. Yaratmıram, hazır balanslardan istifadə edirəm.

- Zarafatlarınız bəzən fərqli qəbul edildiyi və ya tənqidə səbəb olduğu hallar olubmu? Belə vəziyyətlərlə necə mübarizə aparırsınız? Ümumiyyətlə, tənqidə münasibətiniz necədir?

- Tənqidə münasibətim normaldır, çünkü bu inkişafa gətirən amildir. Tənqid məni mövzu barədə yenidən düşünməyə vadar edir. Özümü də auditoriyadan biri olaraq gördüyüm üçün tənqidi mövzulara girmirəm.

- Bu gün “TikTok” istifadəçiləri, bəzi televiziya aparıcıları və ümumilikdə televiziyaya qarşı çox tənqid səslənir. Sizcə, televiziya və sosial şəbəkələrdə müəyyən nəzarət mexanizmi (senzura) olmalıdırmı? Bu, daha keyfiyyətli və faydalı məzmunun yaranmasına kömək edə bilərmi?

- Əgər kimsə mənə söz versə idi ki, senzuranın sabahından etibarən bütün sadaladığınız problemlər həll olacaq, onda düşünmək olardı. Amma ümumilikdə senzuranın yaradıcılığın qarşısına keçən bir “əngəl” olmasını istəməzdim.

- Yaxın gələcəkdə “stand-up şou”da iştirak etməyi planlaşdırırsınız? Yaradıcı fəaliyyətinizdə növbəti addım nə olacaq?

- Təbii ki, planlaşdırıram. Gözləmədə qalın.

- Sizcə, milyonların diqqətində olduğunuz müasir dünyada özün olmaq nə deməkdir? Səmimiyyət və təbii olmaq üçün nə edirsiniz?

- Ümumiyyətlə hər sahədə gərək özün olasan, xüsusən də, bu sahədə - nə artıq, nə əskik. Səmimi davranmaq, insanlara yuxarıdan aşağı baxmamaq və eqoist olmamaq sənə gözləmədiyin qapılar aça bilər. Bu o demək deyil ki, bunu planlı şəkildə edirəm. Yox, kifayət qədər səmimi olduğumu düşünürəm. Bu eyni zamanda mənim özümün özümə dürüst olmağım deməkdir.

- İnsanlarda hansı keyfiyyətləri dəyərləndirirsiniz və özünüzdə inkişaf etdirməyə çalışırsınız?

- Mənim üçün dəyərli olan, tutduğu status və mövqeyindən asılı olmayaraq insanların bir-birinə hörmət etməli olduqlarıdır. Özümdə inkişaf etdirməli olduğum məqamlar çoxdur. Ən əsası isə insani keyfiyyətlərdir.

- Nə sizi ilhamlandırır və əldə etdiklərinizlə kifayətlənməməyə həvəsləndirir?

- Məncə, mən yolun başındayam. Əldə etməli olduğum bir çox şey var. Sıfırdan öz gücünə müəyyən yerlərə gələn insanlar, tənbəl olmayan, özünə inanan insanlar məni ilhamlandırır.

- Həyatda çətin anlarla necə mübarizə aparırsınız? Özünüzə aid hansı şəxsi rituallarınız və ya ruh halınızı qorumaq üçün sirləriniz var?

- Hər halımda şükr etməyi və dua etməyi unutmuram. Heç bir hadisə mənim özümə olan inancımı söndürə bilməz. Bu cür hallarda da evdə oturmamağı, dostlarımla vaxt keçirməyi çox sevirəm. Onlar mənə necə gücə sahib olduğumu xatırladandan sonra mənfi düşüncələri dəf edib rahat yatıram.

- Yaradıcılıqla bağlı olmayan hansı arzularınızı və hədəflərinizi gələcəkdə reallaşdırmaq istəyirsiniz?

- Öz brendimi yaratmaq.

- Əgər beş il əvvəlki özünüzə müraciət edə bilsəydiniz, hansı məsləhəti verərdiniz?

Məsləhətim o olardı ki, Nərmin, heç də asan olmayacaq, amma mümkünsüz də deyil. Sevdiklərin səni nə qədər ürəkləndirsə də, əslində sənin həyatın onlara o qədər də maraqlı deyil. Çalış həvəsdən düşmədən səbrlə, özün özünün ağası ol!

- Tamaşaçılarınız sosial şəbəkələrdə gördüklərindən başqa sizin haqqınızda nəyi bilməlidir?

- Nə qədər gülməli biri görünsəm də, əslində soyuq biriyəm. Nə qədər vecsiz olsam da, ən xırda bir detalı belə bəzən günlərlə düşünə bilirəm. Bacarıq olaraq isə sözləri və cümlələri tərsinə oxuya bilirəm.

- Təkcə sənətçi yox, həm də bir insan kimi on il sonra özünüzü necə görürsünüz?

- Dünyaca məşhur aktrisa və “stand-up”çıyam, “Renessans Palace”dakı evimdə oturub, “iced Americano” içə-içə “Oscar” tədbirinə hazırlaşıram.

Müəllif: Feliks Vişnevetski

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər