Modern.az saytının yaranmasının 16 ili tamam olur

Bu gün Azərbaycanın aparıcı onlayn media qurumlarından biri olan Modern.az xəbər portalının fəaliyyətə başlamasından 16 il ötür.
1news.az xəbər verir ki, Modern.az 2009-cu il sentyabrın 1-də təsis olunub və qısa müddətdə ölkənin media məkanında özünəməxsus dəst-xətti ilə seçilən xəbər portallarından birinə çevrilib. Xəbər platforması gündəlik və operativ xəbər istehsalı ilə yanaşı fərqli təqdimatları, xüsusi layihələri, müsahibə və araşdırmaları ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Müstəqil, obyektiv və qərəzsiz mövqeyi ilə seçilən Modern.az-ın xəbərləri təkcə Azərbaycanda deyil, həm də xaricdə yaşayan soydaşlarımız tərəfindən izlənilir. Bu illər ərzində portal ölkə daxilində baş verən hadisələrlə yanaşı, beynəlxalq gündəmi də diqqətlə işıqlandıraraq oxuculara dolğun informasiya təqdim edib.
Media qurumu informasiya bolluğu dövründə etibarlı mənbə rolunu oynayaraq, oxuculara düzgün və dəqiq məlumat çatdırmağı qarşısına məqsəd qoyub.
Qlobal rəqəmsal dəyişikliklər fonunda Modern.az daim yeniliklərlə ayaqlaşır və yeni texnologiyaların tətbiqinə önəm verir.
Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az-ın təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.