Qadın avtobus sürücüsü sükan arxasında musiqi dinləyib? - Rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadın avtobus sürücüsü sükan arxasında musiqi dinləyib? - Rəsmi açıqlama

Qafar Ağayev11:26 - Bu gün
Qadın avtobus sürücüsü sükan arxasında musiqi dinləyib? - Rəsmi açıqlama

Dünəndən qadın avtobus sürücüsünün idarəetmə zamanı musiqi dinləməsi ilə bağlı yayılan görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İctimaiyyətin bir qismi avtobusda müasir musiqinin səsləndirilməsini normal hesab etsə də, digərləri bunun diqqəti yayındırdığını və sürücülük qaydalarına uyğun olmadığını bildirir.

Bəs əslində vəziyyət necədir?

Bu məsələ ilə bağlı “BakuBus” MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva 1news.az-ın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə yayılan video sürücünün fəaliyyətinə aidiyyəti olmayan şəkildə hazırlanıb:

“Sosial şəbəkələrdə “BakuBus” MMC-nin qadın sürücüsü ilə bağlı yayılan video görüntülərə dair bildiririk ki, sözügedən görüntülərin sürücünün fəaliyyətinə hər hansı bir aidiyyəti yoxdur. Qeyd olunan video sərnişin tərəfindən çəkilmiş, daha sonra üzərinə musiqi əlavə edilib”.

Əsmər Əliyeva

Qurum rəsmisi bildirib ki, “BakuBus”ın istismarında olan bütün avtobuslarda təhlükəsizlik tələblərinə uyğun şəkildə radio və musiqi sistemləri deaktiv edilib:

“Məlumat üçün bildiririk ki, “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda təhlükəsizlik tələblərinə uyğun olaraq radio və musiqi sistemləri deaktiv edilib. Eyni zamanda, avtobusun idarə edilməsi zamanı mobil telefondan istifadə daxili intizam qaydalarına ziddir və bu hal aşkarlandıqda sürücü barəsində müvafiq intizam tədbirləri tətbiq olunur”.

Əsmər Əliyeva əlavə edib ki, qadın sürücülərin fəaliyyəti cəmiyyətdə həm təqdir, həm də maraq doğurduğu üçün onlar tez-tez sərnişinlər tərəfindən videoya çəkilir:

“Qadın sürücülərimiz 24 noyabr tarixindən etibarən fəaliyyətə başlayıb və onların ictimai nəqliyyatda fəaliyyəti cəmiyyətdə təqdirlə yanaşı maraq da doğurur. Bu səbəbdən tez-tez sərnişinlər tərəfindən videoya çəkilmələri müşahidə olunur. Sərnişinlərdən xahiş edirik ki, avtobus hərəkətdə olarkən sürücünü videoçəkiliş etməklə diqqətini yayındırmasınlar. Bu, həm sərnişin təhlükəsizliyi, həm də nəqliyyat vasitəsinin idarə edilməsinə dair tələblərin yerinə yetirilməsi baxımından vacib hesab olunur”.

Qeyd edək ki, noyabrın 24-dən “BakuBus” MMC-də qadın sürücülər fəaliyyətə başlayıb. Qadın sürücülər 140 və 121E ekspres marşrutlarını idarə edirlər.

Həmçinin oxuyun:
Avtobus sürücüsü olaraq fəaliyyətə başlayan xanım çətinliyi nədə görür? – VİDEOREPORTAJ

Bakıda qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıblar - FOTO

Paylaş:
126

Son xəbərlər

Bütün xəbərlər