Zərdabinin heykəli restoranın qapıçısı kimi görünür - Yazıçı Anardan TƏKLİF
"Heydər Əliyev sovet dövründə Azərbaycan Yazıçılar Birliyinin qurultayında Azərbaycan dilində danışırdı. Bu ilk dəfə idi. Çünki ona qədər qurultayda çıxış edən dövlət rəhbərlərinin hamısı rusca danışırdı".
1news.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün ölkəmizdə dilin qorunması ilə bağlı fikirlər səslənsə də, problemlər çoxdur: “Mən başa düşmürəm, niyə dükanların hamısı market adlanmalıdır? Dükan yazılsa, nə olacaq ki? Deyirlər ki, turistlərə görə belə yazıblar. Yəni turist elə kütdür ki, bilmir burada nə satılır? Ona görə də dil və ədəbiyyat mövzusuna çox həssas yanaşmalıyıq”.
Anar Rzayev bildirib ki, dil və ədəbiyyatı hamı bilməlidir: “İçərişəhərdə ensklopediyanın binasının önündə Həsən bəy Zərdabinin heykəli var. Sonradan oranın birinci mərtəbəsini restoran etdilər. İndi Həsən bəyin heykəli orada restoranın qapıçısı kimi görünür. Çox xahiş edirəm ki, o büstün yeri dəyişdirilərək Şəhriyar adına Mədəniyyət Evi (hazırda DTX Mədəniyyət Mərkəzi- red.) ilə üzbəüz Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsün".












