Azərbaycan sülhə doğru: İlin əsas siyasi hadisələri
2025-ci il tarixə qovuşur, Azərbaycan üçün siyasətdən iqtisadiyyata, sosial inkişafdan təhlükəsizlik məsələlərinə qədər müxtəlif sahələrdə mühüm nəticələr və dəyərli nailiyyətlər qoyub gedir.
Əhəmiyyətli təşəbbüslər paketi və prioritetlərin aydın müəyyənləşdirilməsi ilə yola salınan il yekunlaşdırılır, ölkə isə 2026-cı ili yeni hədəflər, düşünülmüş planlar və sülhə, təhlükəsizliyə, sabitliyə və rifaha yönəlmiş qətiyyətlə qarşılamağa hazırlaşır.
Bəs Azərbaycan 2025-ci ildə hansı uğurlara imza atıb? Oxucuların diqqətinə ölkəmizin həyatında baş verən ən mühüm hadisələrin icmalını təqdim edirik.
Yanvar
Yanvarın 17-də Bakıda sülh və insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən təcavüzkar müharibənin aparılması, soyqırımı, əhalinin məcburi köçürülməsi, təqib, işgəncələrin tətbiqi, hərbi talan və Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı törədilmiş digər qanunsuz əməllərlə bağlı açıq məhkəmə prosesi başlayıb. Sözügedən cinayətlər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilib.
Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və sülh və insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və adətlərinin pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və ya zorla saxlanılması da daxil olmaqla Ermənistanın Azərbaycana qarşı törətdiyi çoxsaylı cinayətlərdə ittiham olunan digər şəxslər barəsində cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılır.
Eyni məhkəmədə Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində də cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. O, sülh və insanlıq əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə, terrorçuluqda, terrorçuluğun maliyyələşdirilməsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan digər ağır cinayətlərdə ittiham olunur.
Bu məhkəmə prosesləri ilk növbədə Ermənistanın işğalçı və təcavüzkar dövlət kimi dövlət məsuliyyətinin, eləcə də onun digər qanunsuz əməllərinin məhkəmə yolu ilə təsdiqlənməsinə xidmət edəcək.
İlin əvvəlində Azərbaycan sosial islahatların növbəti mərhələsinə start verdi. Prezident İlham Əliyev yanvarın 27-də beşinci sosial paketinin icrasına başlanmasını nəzərdə tutan bir sıra fərmanlar imzaladı. Bu paket, o cümlədən əməkhaqlarının, pensiyaların, təqaüdlərin və sosial müavinətlərin artırılmasını əhatə edir və 3 milyon vətəndaşı əhatə edib.
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilər 125 seçki dairəsindən 118-də, 5846 seçki məntəqəsində baş tutub. Səsvermənin nəticələrinə əsasən, 8039 bələdiyyə üzvü seçilib, 1 bələdiyyə natamam tərkibdə formalaşıb, 681 bələdiyyə isə tam tərkibdə formalaşdırılıb.
Fevral
Azərbaycan 13 illik fasilədən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib. Əsəd rejiminin süqutu və Suriyada keçid dövrü hökumətinin formalaşdırılmasından sonra Bakı ilə Dəməşq arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb.
Mart
Martın 5-də Ankarada videobağlantı formatında İğdır–Naxçıvan qaz kəmərinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. İllik ötürücülük qabiliyyəti 730 milyon kubmetr olan qaz kəməri Türkiyə və Azərbaycanın qardaşlığının, eləcə də türk dünyasının birliyinin daha bir rəmzi olmaqla, enerji infrastrukturunun möhkəmləndirilməsinə, həm Naxçıvan Muxtar Respublikasının, həm də Anadolunun şərqinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
May
Mayın 28-də Laçında Azərbaycan və Türkiyə prezidentlərinin, eləcə də Pakistanın baş nazirinin iştirakı ilə sammit keçirilib. Sammitin Azərbaycanın Müstəqillik Günündə, Ermənistan işğalından azad edilmiş Laçında keçirilməsi xüsusi rəmzi məna daşıyıb. Liderlər siyasi, iqtisadi, enerji sahələrində, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər istiqamətlər üzrə əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
İyun
İyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin açılış mərasimi keçirilib. Tədbirdə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan məhəlləsi” 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdən sonra qardaş ölkəyə uzunmüddətli dəstək məqsədilə tikilib. Sahəsi 27,6 hektar olan məhəllədə 68 yaşayış binası, ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi, ticarət və digər sosial obyektlər inşa olunub.
Humanizm, beynəlxalq məsuliyyət və həmrəylik prinsiplərinə sadiq qalan Azərbaycan İsrail–İran arasında 12 gün davam edən müharibə (13–24 iyun) fonunda İran ərazisindən xarici ölkə vətəndaşlarının təxliyəsi istiqamətində mühüm addımlar atıb. Bir çox xarici dövlətlər öz vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz tranzitinin təşkili üçün Bakıya müraciət ediblər. Bu müraciətlərə operativ reaksiya verən Azərbaycan tərəfi insanların “Astara” sərhəd-keçid məntəqəsindən təxliyəsi üçün bütün zəruri şəraiti təmin edib.
Azərbaycanın Daxili İşlər Nazirliyi fevral ayında akkreditasiyası dayandırılmasına baxmayaraq “Rossiya Segodnya” informasiya agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) qeyri-qanuni maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatları əsasında araşdırmalara başlayıb. İyunun 30-da “Sputnik Azərbaycan”ın ofisində əməliyyat-axtarış tədbirləri həyata keçirilib, hüquqpozanlar saxlanılıb.
İyul
İyulun 1-də Azərbaycan iyunun 27-də Yekaterinburqda həmvətənlərimizin xüsusi amansızlıqla qətlə yetirilməsi və onlara xəsarət yetirilməsi ilə bağlı ciddi qanun pozuntularına görə Rusiyaya etiraz notası təqdim edib. Notada, həmçinin, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizə dindirilmə zamanı işgəncələrin verilməsi və insan ləyaqətini alçaldan rəftarla bağlı qəti etiraz ifadə olunub. Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının bu hərəkətləri Rusiya Federasiyasının qanunvericiliyinin, eləcə də beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozulmasıdır.
İyulun 1-də Bakıda İrandan narkotik vasitələrin tranziti, onların onlayn dövriyyəsi və kibercinayətlərdə şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstənin üzvü olan Rusiya vətəndaşları saxlanılıb.
İyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti keçirilib. Sammitin Xankəndidə təşkili Bakının İƏT məkanında əməkdaşlığın inkişafına strateji töhfə vermək niyyətini əks etdirən güclü və simvolik geosiyasi mesaj olub.
İyulun 15-dən etibarən Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Diplomatik nümayəndəliyin fəaliyyəti 2023-cü il yanvarın 27-də baş vermiş terror aktından sonra dayandırılmışdı. Hücumun qarşısı alınarkən səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb. Səfirliyə silahlı hücum törədən şəxs İranda ölüm cəzasına məhkum edilib. Akkreditasiya edən tərəf kimi Tehran “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na uyğun olaraq diplomatik təhlükəsizliyin təmin edilməsi ilə bağlı öhdəliyi çərçivəsində səfirliyimizin yeni binası qarşısında müvafiq təhlükəsizlik tədbirləri görüb.
İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Azərbaycan və Ermənistan liderləri arasında ilk birbaşa dialoq normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün məhz ikitərəfli danışıqların ən səmərəli format olduğunu nümayiş etdirib və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Avqust
Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesində bu mühüm mərhələ avqustun 8-də imzalanmış tarixi Vaşinqton razılaşmaları ilə davam etdirilib. Prezident İlham Əliyevin ABŞ-yə səfəri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması kontekstində mühüm nəticələrlə yadda qalıb. Səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib, sammitin yekununda İlham Əliyev, Nikol Paşinyan, eləcə də şahid qismində Donald Tramp Birgə Bəyannamə imzalayıblar. Bundan əlavə, hər iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsini paraflayıblar. Tərəflər, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinə müraciətlə ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması xahişi ilə birgə məktub imzalayıblar.
Vaşinqton görüşünün yekunlarına dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiqləyib. Sülh sazişi layihəsinin paraflanmasına dair bənd çərçivəsində sənədin imzalanması və ratifikasiyasına nail olunması üçün əlavə tədbirlərin görülməsinin zəruriliyi qeyd edilib. Bu kontekstdə Bakı Ermənistan Konstitusiyasına Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məqsədilə dəyişikliklərin edilməsini gözləyir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət daşıyan digər müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlıdır. Həmin bənddə regional kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsinin vacibliyi vurğulanır. Sənəddə, həmçinin, Ermənistan ərazisində xüsusi birləşdirici layihənin — “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçiriləcəyi də təsbit olunub. Bu müddəa ABŞ tərəfindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin təmin edilməsinə yönəlmiş layihənin icrasını nəzərdə tutur.
Vaşinqtona səfər çərçivəsində İlham Əliyev və Donald Tramp “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Memoranduma əsasən, qarşılıqlı maraq doğuran məsələlər üzrə strateji qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə xidmət edəcək Strateji tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində regional əlaqələr, o cümlədən energetika, ticarət və tranzit; iqtisadi investisiyalar, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur; eləcə də müdafiə, təhlükəsizlik və terrorizmlə mübarizə kimi sahələrdə prioritetlərin müəyyənləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər, həmçinin ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvi ilə bağlı sərəncam imzalaması ilə yadda qalıb. Azərbaycan–ABŞ münasibətlərində keçmişdən qalan mənfi irs hesab olunan 907-ci düzəlişin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş zamanı dayandırılması mühüm simvolik əhəmiyyət daşıyır.
Eyni zamanda səfər çərçivəsində Azərbaycan Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR ilə “ExxonMobil” korporasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd şirkətlər arasında müsbət münasibətlərin möhkəmləndirilməsini, eləcə də Azərbaycanda həm qeyri-ənənəvi, həm də ənənəvi neft-qaz imkanlarının qiymətləndirilməsi sahəsində potensial əməkdaşlıq istiqamətlərinin araşdırılmasını nəzərdə tutur.
Avqustun 9-da Azərbaycandan təbii qaz Türkiyə–Suriya boru kəməri vasitəsilə Suriyanın Homs vilayətinə çatdırılıb. Bununla da Azərbaycan müharibə nəticəsində dağıdılmış Suriyanın bərpasına və sabitliyinin təmin olunmasına mühüm töhfə verib. Sutkalıq ötürmə qabiliyyəti 3,4 milyon kubmetr olan boru kəməri ilə hazırda gündəlik 1,4 milyon kubmetr qaz nəql olunur ki, bu da 250 meqavat elektrik enerjisinin istehsalına imkan yaradır.
Sentyabr
Sentyabrın 22–23-də Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından artıq olan investisiya layihələri üzrə sənədlər imzalanıb. Bunlardan xarici investisiyaların cəlb edilməsi ilə Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarını ötür.
Sentyabrın 25-də Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısı Azərbaycanın tarixində yeni dövrə, Vətən müharibəsində əldə edilən Böyük Qələbəyə, sülhün siyasi vasitələrlə təmin edilməsinə, eləcə də regionda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunması istiqamətində Bakının irəli sürdüyü təşəbbüslərə diqqət çəkib.
Sentyabrın 27-də – Anım Günündə Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Azərbaycan xalqının uzun illər davam edən ədalətsizliklərə baxmayaraq döyüş ruhunu qoruyub saxlamasını, əyilməzliyini və qələbə iradəsini təcəssüm etdirən memorial gələcək nəsillər üçün tariximizin canlı yaddaşı olacaq. Xüsusilə Ermənistan tərəfindən həyata keçirilmiş raket zərbəsi nəticəsində hər iki valideynini itirmiş 7 yaşlı Nilay Əliyeva ilə dövlət başçısının görüşü və söhbəti dərin emosional və rəmzi məna daşıyıb.
Oktyabr
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Sammiti keçirilib. Prezident İlham Əliyev sammitdəki çıxışında vurğulayıb ki, bu gün TDT təkcə əməkdaşlıq platforması deyil, təşkilat ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır: “Ortaq tarixi və etnik köklərimiz, vahid milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək formatda görüş keçirilib. Mütəxəssis dairələrində müzakirə olunan məsələlərə və tərəflərin səsləndirdiyi bəyanatlara əsasən, bu görüş ikitərəfli münasibətlərdə baş vermiş böhrandan sonra Bakı ilə Moskva arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilib. Vladimir Putinin açıqlamalarına görə, Rusiya tərəfi ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Azərbaycanın irəli sürdüyü əsaslandırılmış mövqeyi və şərtləri rəsmi şəkildə qəbul edib. Vladimir Putin faciə ilə bağlı başsağlığı verərək Rusiyanın məsuliyyətini tanıyıb, həlak olanların ailələrinə kompensasiyaların ödəniləcəyini və günahkarların cəzalandırılacağını vəd edib. Ekspertlər qeyd edirlər ki, Moskvanın bu reaksiyası təkcə diplomatik jest deyil, Azərbaycanın siyasi çəkisinin və ölkə rəhbərinin prinsipial mövqeyinin təsdiqidir.
Oktyabrın 13-də Prezident İlham Əliyev Yaxın Şərq üzrə Sülh Sammitində iştirak edib. Dövlət başçısının Misirdə keçirilən sammitdə iştirakı Azərbaycanın regional və qlobal diplomatiyada rolunun ardıcıl şəkildə artmasının əlamətdar təsdiqi olub.
Prezident İlham Əliyev oktyabrın 21-də bildirib ki, işğal dövründən mövcud olan Ermənistan istiqamətində yük tranziti ilə bağlı bütün məhdudiyyətlər Azərbaycan tərəfindən aradan qaldırılıb. Dövlət başçısı qeyd edib ki, bu çərçivədə ilk tranzit yük Ermənistana göndərilən Qazaxıstan buğdası olub: “Düşünürəm ki, bu da Azərbaycanla Ermənistan arasında sülhün artıq təkcə kağız üzərində deyil, praktikada da mövcud olmasının yaxşı göstəricisidir”.
Oktyabrın 21–22-də Azərbaycan və Ermənistanın ekspert ictimaiyyətinin nümayəndələrindən ibarət qrupun birgə təşəbbüsü və hər iki ölkənin rəsmi qurumlarının dəstəyi ilə İrəvanda ikitərəfli “dəyirmi masa” keçirilib. Qeyd edək ki, bir ay sonra — noyabrın 21–22-də “Sülh körpüsü” adlanan təşəbbüs çərçivəsində Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Təşəbbüs sülh gündəliyinin təşviqinə yönəlib və ilk dəfə olaraq Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrini bir araya gətirib. Qarşılıqlı səfərlər zamanı təşəbbüs iştirakçılarının Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Bakıda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla isə İrəvanda görüşləri keçirilib.
Noyabr
Prezident İlham Əliyevin işğal dövründən mövcud olan Ermənistan istiqamətində yük tranziti ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına uyğun olaraq, noyabrın 4-də Rusiyadan Ermənistana Azərbaycan və Gürcüstan ərazisi ilə tranzit daşınma həyata keçirilib. Bu çərçivədə ümumi çəkisi 1048 ton 800 kiloqram olan 15 vaqon buğda Ermənistana göndərilib.
Noyabrın 8-də Bakıda Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi Parad keçirilib. Paradda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ilk dəfə olaraq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər. Azərbaycanın Ordusunun gücünü və qüdrətini nümayiş etdirən Hərbi Paradda Türkiyə və Pakistanın hərbi qulluqçuları da yer alıb.
Noyabrın 8-də paytaxtda Qələbə Muzeyi açılıb. Muzey Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində Vətən müharibəsi Memorial Kompleksinin və Qələbə Muzeyinin yaradılması haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm Qələbənin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.
Noyabr
Noyabrın 17-də Azərbaycan Mərkəzi Asiya dövlət başçıları konsultativ görüşünün tamhüquqlu üzvü olub. Ekspertlər bildirirlər ki, bu tarixi qərar ortaq əməkdaşlıq məkanının formalaşması üçün yol açır, tərəflərə beynəlxalq tranzit, logistika və energetika sahələri də daxil olmaqla yeni imkanlar və geniş əməkdaşlıq perspektivləri təqdim edir.
Noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan sədrliyində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 12-ci görüşü keçirilib. İlk dəfə olaraq komissiyaların görüşü tərəflərdən birinin ərazisində – Azərbaycan şəhəri Qəbələdə baş tutub. Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin delimitasiya işlərinin keçirilməsi qaydalarına dair müvafiq təlimat layihələri müzakirə edilib. Tərəflər növbəti görüşün tarixini Ermənistanın bir şəhərində işçi qaydada müəyyən etməklə razılaşıblar.
Noyabrın 30-da saat 23:59-da ATƏT Minsk prosesinin və ona bağlı strukturların bağlanmasını yekunlaşdırıb. Bu proses 1 sentyabr tarixində bütün 57 ATƏT iştirakçı dövlətinin konsensus qərarının həyata keçirilməsi olub və tarixi Vaşinqton razılaşmalarından sonra qəbul edilib.
Dekabr
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilk dəfə olaraq yerli istehsal olunan neft məhsulları yükünü Ermənistana göndərib. Avtomobil yanacağı Aİ-95 — 22 vaqon-silindrlərə yüklənmiş 1220 ton yük “Azərbaycan Dəmir Yolları”nın yük qatarı ilə Bakı yük stansiyasından Böyük-Kəsik stansiyasına çatdırılıb. Oradan yük Gürcüstan vasitəsilə Ermənistana göndərilib.
Dekabrın 22-də Azərbaycanda Amnistiya Aktının icrasına başlanıb. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb və Milli Məclis müvafiq qanunu qəbul edib. Amnistiya Aktına əsasən, Azərbaycan suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, eləcə də bu əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlillik qazanan şəxslər, həmçinin qadınlar, 60 yaşını tamam etmiş şəxslər, cinayəti törədərkən azyaşlı olanlar və digər şəxslər cəza və ya cinayət məsuliyyətindən azad ediləcəklər. Bundan əlavə, sənədə əsasən, az təhlükəli və ya az ağır cinayətlər törətmiş, eləcə də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəza aldıqda azad ediləcək və ya çəkilməmiş cəzaları azaldılacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Amnistiya Aktı tətbiq olunduğu şəxslərin sayına görə, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Gözlənilir ki, amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək. Ümumilikdə, amnistiya aktının icrası dörd ay çəkəcək.
Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndi şəhərində Qələbə Parkının açılışında iştirak ediblər. Xankəndi şəhərində Qələbə Parkının yaradılması mühüm əhəmiyyət kəsb edir. Əvvəla, bu layihə Azərbaycan xalqının döyüş ruhunu, misilsiz qəhrəmanlığını, tarixi ədalətin bərpası və ölkənin ərazi bütövlüyünün müdafiəsi naminə göstərdiyi cəsarəti, 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirir.
İl ərzində Böyük Qayıdış prosesi davam edib – keçmiş məcburi köçkünlər doğma torpaqlarına – Laçın, Xankəndi, Xocavənd, Ağdam, Xocalı və digər azad olunmuş ərazilərə geri dönürlər. Prezident İlham Əliyev vurğulayır ki, “Böyük Qayıdış” proqramı bu gün dünyada ən uğurla həyata keçirilən qayıdış proqramıdır. Bu proses uğurla davam edir.
Müəllif: Fəridə Bağırova







