SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə növbəti dəfə axtarışa verilib
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə növbəti dəfə axtarışa verilib.
1news.az Musavat.com-a istinadən xəbər verir ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır.
İş üzrə iddiaçı Fidan Abbasova Musavat.com-a məlumatı təsdiqləyib, bildirib ki, Orxan İsmayılzadənin saxlanılması barədə təqdimatı icra məmuru Gülarə Məmmədova verib.
Sabunçu Məhkəməsinin hakimi Şəbnur Qədirova təqdimatı əsaslı hesab edib və qəbul olunan qərara görə, polis Orxan İsmayılzadəni saxlamalı və icra orqanına təhvil verməlidir.
Xatırladaq ki, bu, Orxan İsmayılzadə barədə ilk belə qərar deyil. Bundan əvvəl də çıxarılan axtarış qərarı üzrə Orxan İsmayılzadənin saxlanılması Sabunçu Rayon Polis İdarəsinə həvalə olunmuşdu.
O zaman da oliqarx oğlunun axtarışa verilmə səbəbi isə məhkəmə qərarını icra etməkdən yayınması idi. Ötən il Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb. Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu bu günə qədər aliment ödəməkdən yayınır, məhkəmələrin təyin etdiyi atalıq testindən keçməkdən də 7 dəfə yayınıb.












