Azərbaycan və İsveç vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və İsveç vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qafar Ağayev17:24 - Bu gün
Azərbaycan və İsveç vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti İsveç Krallığına səfər çərçivəsində həmin ölkənin Vergi Agentliyində işgüzar görüşlər keçirib.

DVX-dən 1news.az-a bildirilib ki, səfərin əsas məqsədi təcrübə mübadiləsinin aparılması, vergi inzibatçılığı sahəsində qabaqcıl beynəlxalq yanaşmaların öyrənilməsi, rəqəmsal transformasiya proseslərinin təhlili, süni intellekt texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, borc idarəçiliyi və riskə əsaslanan vergi nəzarəti modellərinin müqayisəli qiymətləndirilməsi olub.

Səfər çərçivəsində DVX-nin nümayəndə heyəti süni intellekt əsaslı xidmət modelləri, aksiz vergilərinə nəzarət mexanizmləri, rəqəmsallaşdırılmış vergi bəyannaməsi ekosisteminin funksional xüsusiyyətləri və insan resurslarının inkişafı strategiyaları üzrə keçirilən təqdimat və müzakirələrdə iştirak edib. Bununla yanaşı, beynəlxalq məlumat mübadiləsinin genişləndirilmiş tətbiqi, böyük həcmli məlumatların risk auditlərində istifadəsi, vergi intizamının gücləndirilməsi və müasir nəzarət alətlərinin səmərəliliyi mövzularında fikir mübadiləsi aparılıb.

Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də birgə təlim və təcrübə proqramlarının davam etdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə ortaq təşəbbüsləri nəzərdən keçiriblər.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər