2025-ci ildə itirdiyimiz məşhur SİMALAR - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

2025-ci ildə itirdiyimiz məşhur SİMALAR - FOTO

Ayşən Salehli10:17 - Bu gün
2025-ci ildə itirdiyimiz məşhur SİMALAR - FOTO

2025-ci ilin həyatımızdan çıxmağına sayılı günlər qalıb.

Bu bir il ərzində baş verən hadisələr içərisində ən yadda qalanları, sözsüz ki, tanınmış simalar və ziyalıların ölümü oldu. Onlar səssiz getdilər, amma geridə qoyduqları sözlər və izlər daim xatirələrdə yaşayacaq.

1news.az 2025-ci ildə itirdiyimiz ziyalı və sənətkarlarımızı təqdim edir:

İlin ilk kədərli xəbəri 5 yanvar tarixində “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” obrazı ilə tamaşaçıların sevgisini qazanan Azər Baxşəliyevlə bağlı oldu. Böyrək çatışmazlığından vəfat edən 39 yaşlı aktyor “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Azər Baxşəliyev

Tanınmış aktrisa və müğənni Çimnaz Sultanova 15 yanvar 2025-ci ildə həyatla vidalaşdı. “Vicdan haqqı” serialındakı Larisa obrazı ilə tanınan 45 yaşlı aktrisa uzun müddət mübarizə apardığı xərçəng xəstəliyinə məğlub olaraq Əmircan qəbiristanlığında dəfn olunmuşdur.

Çimnaz Sultanova

Əməkdar jurnalist Yasin Qaraməmmədli isə fevralın 15-də dünyasını dəyişib. 86 yaşlı Y.Qaraməmmədlinin ölüm səbəbi uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumdu.

Yasin Qaraməmmədli

SSRİ Xalq artisti, balet ustası Tamilla Şirəliyeva 12 mart tarixində 78 yaşında dünyadan köçüb. Beyninə qan sızması nəticəsində vəfat edən Azərbaycanın balet artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Tamilla Şirəliyeva

Xalq artisti, həyatını Azərbaycan kinosuna həsr edən və bir-birindən maraqlı obrazlar yaradan Ənvər Həsənov martın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib. 74 yaşlı sənətkar Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında -həyat yoldaşı olan aktrisa Mömünat Qurbanovanın yanında dəfn edilib.

Ənvər Həsənov

Eyni tarixdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də dünyasını dəyişib.

Ziyadxan Əliyev

Mart ayının 17-də Azərbaycan Rəssamlar İttifaqının üzvü Nağdəli Xəlilov 79 yaşında həyata gözlərini yumdu.

Nağdəli Xəlilov

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu ilin aprelində 66 yaşında vəfat edib. Qeyd edək ki, aktyorun səhhəti əməliyyatdan sonra ağırlaşmışdı.

Möylə Mirzəliyev

Bu ilin 27 iyununda Lənkəranın “Nənələr” folklor qrupunun üzvlərindən olan Xanımbacı Quliyeva 89 yaşında vəfat edib.

Xanımbacı Quliyeva

İyul ayının 6-da bəstəkar və Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu bu ilin iyulunda dünyasını dəyişib. O, Türkiyədə istirahət edərkən qəfil səhhəti pisləşib və xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ruslan Əhmədoğlu

Gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həsən Kür (Həsən Zeynallı) 8 iyul tarixində beyin qanaması səbəbindən xəstəxanada dünyasını dəyişib. O, Vətən müharibəsinin iştirakçısı olub.

Həsən Kür

Əməkdar incəsənət xadimi, professor və fleytaçı Telman Hacıyev 17 iyulda 88 yaşında vəfat edib.

Telman Hacıyev

Eyni ayın 19-da aktyor Əlvan Fərmanoğlu 63 yaşında həyatla vidalaşıb. Xatırladaq ki, şəkərli diabet və digər yanaşı xəstəliklər səbəbindən aktyorun sağ ayağı ötən il amputasiya olunmuşdu.

Əlvan Fərmanoğlu

Avqustun 1-də Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev həyata gözlərini yumub. Sənətkarın 87 yaşı var idi. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Arif Babayev​

Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva avqustun 2-də vəfat edib.

Brilyant Babayeva

Görkəmli yazıçı, dramaturq və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Elçin Əfəndiyev bu il dünyasını dəyişən sənət adamları sırasındadır. Avqust ayının 3-də 82 yaşında dünyasını dəyişən E.Əfəndiyev Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Elçin Əfəndiyev

Avqustun 13-də şair, nasir, jurnalist Kəramət Şükürovun cəsədi küçədə aşkar edilib. Onun vəfat səbəbi isə infarkt olub.

Kəramət Şükürov

Avqust ayında ədəbiyyat dünyasına üz tutan ikinci itki isə Vidadi Babanlının ölümü oldu. 98 yaşlı yazıçı, tərcüməçi, “Şərəf” ordenli yazıçı və məşhur “Vicdan susanda” romanının müəllifi olan V.Babanlı 16 avqust tarixində gözlərini əbədi olaraq yumdu. O, doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.

Vidadi Babanlı

Şair Məmməd İsmayıl isə eyni ayın 19-da ürək çatışmazlığı səbəbindən 85 yaşında həyatını itirib. O, öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında torpağa tapşırılıb.

Məmməd İsmayıl

Azərbaycanın xalq artisti Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.

Hacı Murad Yagizarov

Sentyabrın 23-də “Gizir Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov Ağdamın Mirəşelli kəndi ərazisində minaya düşərək həyatını itirib. Ona şəhidlik statusu verilib. Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsində də könüllü olaraq döyüşüb.

Səyyaf Əhmədov

Əməkdar artist, “Parni iz Baku” KVN komandasının üzvü Cabir İmanov sentyabrın 29-da infarkt səbəbilə həyatını itirib. Onun 49 yaşlı aktyor Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Cabir İmanov

Oktyabrın 3-də Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev dünyasını dəyişib. Onun 75 yaşı var idi.

Oqtay Şirəliyev ​​​​​

9 oktyabrda isə xalq artisti, Azərbaycan qiraət ustası, aktrisa Əminə Yusifqızı həyata gözlərini yumdu. 89 yaşlı qiraət ustası “Qurd Qapısı” qəbiristanlığında dəfn olunub.

Əminə Yusifqızı

Oktyabrın 12-də dünyasını dəyişən jurnalist Nizami Rəhmanlının 73 yaşı var idi.

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlisəmid Kür oktyabrın 13-də vəfat edib. O, aktyor Qorqud Cəfərlinin atasıdır.

Əlisəmid Kür

Oktyabrın 15-də dünyadan köçən xalq artisti, tarzən Ramiz Quliyevin 78 yaşı var idi.

Ramiz Quliyev

Məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova oktyabrın 16-da 86 yaşında vəfat edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sabirabadda Fatma Hüseynova ilə görüşü


Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Bəxtiyarov oktyabrın 16-da uzunsürən xəstəlikdən sonra həyatını itirib. Onun 46 yaşı var idi.

Rəşad Bəxtiyarov

6 noyabrda isə əməkdar artist Vahid Əliyev vəfat edib. 73 yaşlı aktyor Badamdar qəbiristanlığında dəfn olunub.

Vahid Əliyev

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov 18 noyabrda həyatla vidalaşıb. Uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Y.Muradov gecə saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 66 yaşlı aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

Yadigar Muradov

18 noyabr tarixi Xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilovanın vəfat xəbəri ilə yadda qaldı. 96 yaşlı rəqqasə “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Roza Cəlilova

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov isə 17 dekabrda dünyasını dəyişib. Onun sükan arxasında ürəyi dayanıb və avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nadir Hüseynov

Allah rəhmət etsin!

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər