Sevinc Fətəliyeva: Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli münasibətləri möhkəmləndirir
“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub”.
Bu fikirləri 1news.az-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
“Bu baxımdan ərəb ölkələri ilə əlaqələrin inkişafı xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri də ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir”.
Deputat bildirib ki, dövlətimiz Birləşmiş Ərəb Əmirlikləri ilə sürətlə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Son illərdə ikitərəfli əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib, dövlət başçıları arasında mövcud münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verir. Qarşılıqlı səfərlər isə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, iqtisadi, siyasi və humanitar əməkdaşlıq üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb. Səfərlər zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın strukturunu və gələcək hədəflərini müəyyənləşdirir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Əbu-Dabidə keçirilən “Gələcəyin Oyunları 2025” qlobal idman turnirinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısının səfər çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ikitərəfli görüşü keçirilib. Bu səfərin məqsədi yalnız idman tədbirində iştirakla məhdudlaşmır, həm də Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin regionda stabilliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu yanaşma, həmçinin Azərbaycan və BƏƏ arasında dostluq və tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir, gələcəkdə enerji və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsini asanlaşdırır. Tərəflər arasında imzalanmış sənədlərdə nəzərdə tutulmuş mexanizmlər iqtisadi-ticari əlaqələrin şaxələndirilməsinə, innovasiya və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsinə, eləcə də sosial və humanitar sahələrdə birgə təşəbbüslərin inkişafına şərait yaradır. Nəticədə, iki ölkə arasında əlaqələr yalnız kəmiyyət baxımından deyil, keyfiyyətcə də daha yüksək səviyyəyə çatır, bu isə regionda davamlı sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Nəzərə alaq ki, iki ölkə beynəlxalq platformalarda da fəal əməkdaşlıq edir. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı xüsusi vurğulanmalıdır. Xüsusilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu 2012-2013-cü illərdə BƏƏ-nin ölkəmizə göstərdiyi siyasi dəstək yüksək dəyərləndirilməlidir. Bu əməkdaşlıq tərəflərin beynəlxalq hüquqa və çoxtərəfli diplomatiyaya verdiyi önəmi nümayiş etdirməklə yanaşı, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və siyasi sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstək ikitərəfli münasibətlərin humanitar ölçüsünü aydın şəkildə nümayiş etdirir. BƏƏ hökumətinin bu məqsədlə ANAMA-ya 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırması postmünaqişə dövründə təhlükəsizliyin təmin olunmasına, bərpa və yenidənqurma proseslərinin sürətləndirilməsinə mühüm töhfədir. Bu addım, eyni zamanda, BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə və sülh gündəliyinə verdiyi siyasi, humanitar dəstəyin göstəricisidir”, - deyən Sevinc Fətəliyeva əlavə edib ki, bütövlükdə, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək.












