AzMİU rektoru: Beynəlxalq reytinqlərdə mövqeyimiz ilbəil möhkəmlənir | 1news.az | Xəbərlər
Cəmiyyət

AzMİU rektoru: Beynəlxalq reytinqlərdə mövqeyimiz ilbəil möhkəmlənir

Qafar Ağayev13:01 - Bu gün
AzMİU rektoru: Beynəlxalq reytinqlərdə mövqeyimiz ilbəil möhkəmlənir

“Beynəlxalq reytinqlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin ilbəil möhkəmlənir”.

1news.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova universitetin 50 illik yubiley tədbirində çıxışı zamanı ali məktəbin beynəlxalq əməkdaşlıq və reytinq göstəricilərindən danışıb.

Rektor bildirib ki, AzMİU-nun tərəfdaşları sırasında İstanbul Texnik, Qazi, Yıldız Texnik universitetləri, İtaliyanın Milan Politexnik və La Sapienza universitetləri, Böyük Britaniyanın Vestminster Universiteti, eləcə də Cənubi Koreya, Çin və Mərkəzi Asiya ölkələrinin aparıcı ali təhsil müəssisələri yer alır.

“Bu tərəfdaşlıqlar çərçivəsində tədqiqat mübadiləsi, müəllim və tələbə mobilliyi, birgə layihələrin icrası geniş şəkildə həyata keçirilir”, – deyə G.Məmmədova qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq fəaliyyətin mühüm istiqamətlərindən biri ikili diplom proqramlarıdır:

“Hazırda 12 ikili diplom proqramı Ankara Universiteti, Vestminster Universiteti, Texas Texniki Universiteti, Ege Universiteti, İstanbul Texniki Universiteti və Milan Politexnik Universiteti ilə uğurla icra olunur”.

Rektor vurğulayıb ki, beynəlmiləlləşmə prosesinin məntiqi nəticəsi olaraq AzMİU nüfuzlu beynəlxalq reytinqlərdə də təmsil olunur:

“QS World University reytinqində yer almaq və QS Stars qiymətləndirməsində maksimal 5 ulduzla dəyərləndirilmək son illərin əsas nailiyyətlərindəndir”.

O əlavə edib ki, Times Higher Education World University Rankings reytinqində də universitetin mövqeyi ilbəil möhkəmlənir:

“Digər beynəlxalq reytinqlərdə iştirak edir, dünya universitetləri ilə müxtəlif istiqamətlərdə rəqabət aparırıq”.

G.Məmmədova beynəlxalq ali təhsil müəssisəsi olmağın əsas göstəricilərindən birinin ixtisas proqramlarının akkreditasiyası olduğunu da diqqətə çatdırıb:

“Bu istiqamətdə atılan ilk uğurlu addımlar memarlıq, inşaat və nəqliyyat mühəndisliyi ixtisaslarının beynəlxalq qiymətləndirmədən keçməsidir”.

Rektor sonda qeyd edib ki, AzMİU 50 il ərzində 70 mindən çox mütəxəssis hazırlayıb:

“Bu gün respublikanın demək olar ki, bütün iri tikinti layihələrində universitetimizin məzunları fəal iştirak edirlər”.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər