Reabilitasiya, yoxsa həbs? 1news.az Nəsimi Nəbizadə ilə bağlı hadisəni araşdırır
Bir neçə gün əvvəl tanınmış teleaparıcı və jurnalist Nəsimi Nəbizadənin müalicə kursu keçdiyi Qurtuluş Reabilitasiya Mərkəzini özbaşına tərk etməsi ilə bağlı məlumat yayılmışdı.
Daha sonra Nəbizadənin tapıldığı məlum olub. Mövcud məlumatlara görə, o, mərkəzdən ayrıldıqdan sonra Abşeron rayonunun Saray qəsəbəsindəki evlərin birində gizlənib. Reabilitasiya mərkəzinin əməkdaşları həmin şəxsin axtarışı məqsədilə qeyd olunan yaşayış məntəqəsinə yollanıblar.
Bu hadisə qısa zamanda fərdi insident çərçivəsindən çıxaraq cəmiyyətdə rezonans doğuran daha geniş bir sualı gündəmə gətirib: Azərbaycanda reabilitasiya mərkəzi nədir – tibbi müəssisə, yoxsa faktiki olaraq hərəkət azadlığının məhdudlaşdırıldığı qapalı zona?
Nəbizadənin mərkəzi icazəsiz tərk etməsi və daha sonra Abşeron rayonunun Saray qəsəbəsindəki evlərin birində aşkarlanması ilə bağlı məlumatlardan sonra cəmiyyətdə haqlı olaraq çaşqınlıq yaranıb. Yetkin və hüquq qabiliyyətli bir şəxsin axtarılmasına niyə ehtiyac yaranıb? Reabilitasiya mərkəzinin əməkdaşları hansı əsasla onun arxasınca gediblər və onların buna dair qanuni səlahiyyətləri varmı?
Mövcud vəziyyət reabilitasiya mərkəzlərinin fəaliyyəti ətrafında formalaşmış daha dərin bir problemi – hüquqi “boşluğu” üzə çıxarıb. Pasiyentin istənilən vaxt müalicədən imtina edərək müəssisəni tərk etmək hüququ varmı? Əgər yoxdursa, bu hansı qanunla tənzimlənir? Əgər varsa, onun gedişi niyə fövqəladə hadisə kimi təqdim olunub?
İctimai müzakirələr getdikcə daha sərt və narahatedici suallar doğurur: könüllü reabilitasiya prosesi məcburi saxlanma elementləri ilə əvəzlənmir ki? Pasiyentə qayğı harada bitir və onun fundamental hüquqlarının pozulması harada başlayır?
1news.az bu hadisəni araşdırır və aşağıdakı suallara cavab axtarır:
– reabilitasiya mərkəzlərində insanların azadlığını məhdudlaşdıran qərarları kim və hansı əsaslarla qəbul edir,
– bu qurumların fəaliyyətini tənzimləyən aydın hüquqi çərçivələr mövcuddurmu,
– və nə üçün cəmiyyət bu mexanizmlər barədə yalnız rezonans doğuran insidentlərdən sonra məlumatlanır?
Baş verənlərin mahiyyətini aydınlaşdırmaq üçün 1news.az Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbərliyi ilə əlaqə saxlayıb. Suallarımızı mərkəzin rəhbəri Ceyhun Salmanov və proqram rəhbəri Məmmədrza Qafarov cavablandırıb.
İlk növbədə, mərkəzin nümayəndələri mediada yer alan Nəsimi Nəbizadənin guya birbaşa reabilitasiya müəssisəsindən “qaçması” ilə bağlı ifadəni təkzib ediblər. Proqram rəhbəri Məmmədrza Qafarovun sözlərinə görə, hadisə tamam fərqli şəkildə cərəyan edib.
Onun bildirdiyinə görə, həmin gün mərkəzin rəhbəri Ceyhun Salmanov Nəsimi Nəbizadə ilə birlikdə pasiyentin şəxsi işləri ilə bağlı mərkəzdən kənara çıxıb. Belə ki, jurnalistə mərkəzin vəsaiti hesabına stomatoloji bərpa prosedurları həyata keçirilib. Daha sonra onlar bir kafeyə daxil olublar. “Bir məqamda Ceyhun Salmanov tualetə gedib, geri qayıdanda isə Nəsimi Nəbizadə artıq orada olmayıb”, – deyə M.Qafarov bildirib.
Reabilitasiya prosesinin özünə toxunan Ceyhun Salmanov qeyd edib ki, mərkəzdə tətbiq olunan proqram koqnitiv-davranış terapiyasına əsaslanır və beynəlxalq standartlara tam uyğundur. Onun sözlərinə görə, ümumi reabilitasiya kursu altı ay üçün nəzərdə tutulub – üç ay stasionar, üç ay isə ambulator müalicə mərhələsindən ibarətdir. Nəsimi Nəbizadə mərkəzdə təxminən dörd ay qalıb. Salmanovun vurğuladığı kimi, pasiyentlərlə bu sahə üzrə ixtisaslaşmış peşəkar psixoloqlar çalışır.
Pasiyentlərin mərkəzin ərazisini tərk edib-etməməsi məsələsinə münasibət bildirən proqram rəhbəri qeyd edib ki, belə hallara yalnız istisna vəziyyətlərdə və ciddi əsas olduqda yol verilir. O vurğulayıb ki, reabilitasiya mərkəzi ciddi rejimli müəssisə deyil. Onun sözlərinə görə, pasiyentlər həkimə getmək və ya müəyyən məişət məsələlərini həll etmək üçün mərkəzin əməkdaşlarının və ya könüllülərinin müşayiəti ilə ərazidən kənara çıxa bilərlər. Söhbət qapalı müəssisədən deyil, reabilitasiya və sosial adaptasiya mərkəzindən gedir.
Məmmədrza Qafarov asılılığın tibbi tərəfinə də ətraflı toxunub. O bildirib ki, xəstəliklərin beynəlxalq təsnifatına əsasən, psixoaktiv maddələrin istifadəsi ilə bağlı pozuntular F10–F19 kodları altında qeyd olunur. Onun sözlərinə görə, asılılığın təzahürlərindən biri də obsessiv-kompulsiv pozuntudur ki, bu da davamlı və çox vaxt özünüməhvetməyə yönəlmiş düşüncələrlə müşayiət olunur. “Əslində bu, ləng intihardır. Bizim mütəxəssis kimi əsas vəzifəmiz bu prosesi nəzarətdə saxlamaq və pasiyentlərin psixikasının bərpasına kömək etməkdir”, – deyə o vurğulayıb. Qafarov əlavə edib ki, mərkəz yeni, sağlam vərdişlərin formalaşdırılması modeli üzrə çalışır və bu model maddə istifadəsini və qumar asılılığını tam istisna edir.
M.Qafarovun sözlərinə görə, baş verən hadisəyədək Nəsimi Nəbizadədə qaçmaq niyyəti ilə bağlı hər hansı əlamət müşahidə olunmayıb. O, jurnalistlə birgə Qarabağa, Şəhidlər xiyabanına və Fəxri xiyabana edilən səfərləri xatırladaraq, bu müddət ərzində heç bir insidentin yaşanmadığını qeyd edib. Onun fikrincə, baş verənlər mütəxəssislərin və ya etibarlı şəxslərin yaxınlıqda olmadığı bir anda asılılığın qəfil “alovlanması” kimi dəyərləndirilə bilər və bu zaman insan impulsiv qərar verə bilər. Qafarovun vurğuladığı kimi, əvvəlki çıxışlara baxmayaraq, bu hadisə pasiyentin müşayiətsiz şəkildə ərazini tərk etdiyi ilk hal olub.
Mərkəz əməkdaşlarının guya Nəsimi Nəbizadənin yerini müəyyən edərək onun ardınca getməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirən Ceyhun Salmanov qeyd edib ki, mərkəz jurnalistin yaxınları tərəfindən dəvət olunub. Onlarla birlikdə Nəbizadənin olduğu ehtimal edilən ünvana yollanıblar. Lakin çoxsaylı cəhdlərə baxmayaraq, evə daxil olmaq mümkün olmayıb. Qohumların sözlərinə görə, həmin evdə Nəsimi Nəbizadənin qardaşı da olub və iddia edildiyinə görə, o, narkotik vasitələrin satışı ilə məşğuldur və qapını açmaqdan imtina edib.
Nəsimi Nəbizadənin yenidən mərkəzə qayıtması və müalicə proqramının dəyişdirilməsi ehtimalı ilə bağlı suala cavab verən Ceyhun Salmanov bildirib ki, hazırkı proqram tam şəkildə formalaşdırılıb və düzgün seçilib. Onun sözlərinə görə, jurnalist mərkəzdə müalicəni tamamilə ödənişsiz şəkildə keçib və mərkəz ona yenidən kömək əlini uzatmağa, ikinci şans verməyə, reabilitasiya kursunu davam etdirməyə hazırdır ki, o, gələcəkdə cəmiyyət və dövlət üçün faydalı ola bilsin.
Söhbət zamanı məsələnin hüquqi tərəfinə də toxunulub. Ceyhun Salmanov qeyd edib ki, əksər hallarda mərkəzə pasiyentlərin yaxınları müraciət edərək doğmalarına yardım göstərilməsini xahiş edirlər. Bununla yanaşı, asılılığı olan şəxslərin öz istəkləri ilə mərkəzə müraciət etdikləri hallar da az deyil. Lakin pasiyent müalicəni davam etdirməkdən qəti şəkildə imtina edərsə, mərkəzin onu zorla saxlamaq hüququ yoxdur. “Bu, insan hüquqlarının pozulması olardı”, – deyə o vurğulayıb.
İnsan hüquqları mövzusuna toxunulduğuna görə, vəziyyətə hüquqi qiymət verilməsi məqsədilə 1news.az redaksiyası tibb hüququ üzrə ekspert, hüquq elmləri doktoru, professor Aytən Mustafazadəyə müraciət edib.
Onun sözlərinə görə, insan öz vəziyyətinə nəzarət edə bilmədiyi və özünə zərər yetirdiyi hallarda, yaxın qohumlar onun həyatını xilas etməyə yönəlmiş qərarlar qəbul etmək hüququna malikdirlər. O, asılılıq probleminin ictimai əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu cür halların sayı getdikcə artır.
A.Mustafayeva həmçinin qeyd edib ki, pasiyentlər çox vaxt reabilitasiya kursunu yarımçıq dayandırır və bununla da mütəxəssislərin əvvəlki səylərini nəticəsiz qoyurlar. Onun fikrincə, reabilitasiya mərkəzləri bağlanmış müqavilələr çərçivəsində pasiyentin relaps riskinin yüksək olduğu xarici mühitlə təmasını məhdudlaşdırmağa yönəlmiş tədbirlər görmək hüququna malikdirlər. “Bu, çox vaxt insanın özünə qarşı apardığı mübarizədir”, – deyə o bildirib.
Aytən Mustafayevanın sözlərinə görə, bu kimi vəziyyətlərdə insan hüquqları məsələsi son dərəcə mürəkkəb və ziddiyyətlidir. O, reabilitasiya mərkəzlərinə və pasiyentlərin ailələrinə dəstək verdiyini vurğulayaraq qeyd edib ki, asılılıq zamanı ilk növbədə yaxın insanlar əziyyət çəkir. “Əgər insan özü-özünə zərər yetirirsə, bu hansı hüquqdur – gedib özünü məhv etmək hüququmu?” – deyə o əlavə edib.
Araşdırmanın davamı olaraq redaksiya reabilitasiya mərkəzlərinin fəaliyyətinin lisenziyalaşdırılması və nəzarətinin hansı qurumlar tərəfindən həyata keçirildiyini aydınlaşdırmaq məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edib.
Mərkəzdən bildirilib ki, Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” Qanununun 14.2-ci maddəsinə əsasən, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Reabilitasiya mərkəzləri ayrıca fəaliyyət növü kimi qeydiyyata alınmadığı üçün onların sayı ilə bağlı vahid rəsmi statistika mövcud deyil.
“Mərkəzlərin fəaliyyətinə nəzarət məsələsi onların funksional istiqamətindən asılıdır. Belə ki, əgər reabilitasiya mərkəzində bilavasitə tibbi fəaliyyət həyata keçirilirsə – yəni həkim-mütəxəssislər cəlb olunur, dərman vasitələrindən istifadə edilir, tibbi diaqnostika və ya reseptlə müalicə aparılırsa – bu halda həmin müəssisələr digər özəl tibb təşkilatları kimi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən verilən müvafiq lisenziyaya malik olmalıdırlar”, – deyə Mərkəzdə bildirilib.
Mərkəzdə o da qeyd olunub ki, müəssisədə tibbi fəaliyyət həyata keçirildiyi hallarda cəlb olunan həkimlər və digər tibb işçiləri qanunvericiliklə müəyyən edilmiş ixtisas, sertifikasiya və rəsmi əmək münasibətləri tələblərinə cavab verməlidirlər: “Əgər reabilitasiya mərkəzi müalicə fəaliyyəti həyata keçirmirsə (yəni lisenziya tələb edən tibbi xidmətlər göstərmirsə), bu cür müəssisələr üzərində nəzarət Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid deyil. Belə hallarda həmin təşkilatların fəaliyyəti qanunvericiliyə uyğun olaraq müvafiq dövlət və hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilə bilər”, – deyə təqdim olunan məlumatda bildirilir.
Mərkəzdə həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının qorunması haqqında” Qanununun tələblərinə əsasən, hər hansı bir müəssisədə yoxlama yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq dövlət qurumlarının rəsmi müraciəti əsasında həyata keçirilə bilər. Bu baxımdan, vətəndaşlardan və ya aidiyyəti qurumlardan müəssisədə lisenziyasız tibbi fəaliyyətin həyata keçirilməsi ilə bağlı əsaslandırılmış müraciət və bunu təsdiqləyən sənədlər daxil olduğu təqdirdə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tibbi xidmətlərin göstərilməsi faktının müəyyən edilməsi məqsədilə növbədənkənar yoxlama apara bilər.
“Müvafiq yoxlama zamanı lisenziyasız tibbi fəaliyyət faktı aşkar edilərsə, Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi, vəzifəli və ya fiziki şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib olunur və müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilir. Zərurət yarandığı halda məsələ əlavə hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilir”, – deyə Mərkəzin təqdim etdiyi məlumatda bildirilir.
Reabilitasiya mərkəzlərinin fəaliyyətinə dair lisenziyaların hansı qurum tərəfindən verildiyini aydınlaşdırmaq məqsədilə redaksiya İqtisadiyyat Nazirliyinə də müraciət edib.
Nazirlikdən bildirilib ki, bu fəaliyyət növü onların səlahiyyətlərinə aid deyil və reabilitasiya mərkəzlərinin fəaliyyəti üçün İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmir.
“Bizə məlum olan qədərilə, bu fəaliyyət növü lisenziya tələb etmir”, – deyə İqtisadiyyat Nazirliyində əlavə edilib.
Yekun
Beləliklə, əldə olunan rəsmi cavablar kifayət qədər narahatedici mənzərə ortaya qoyur: reabilitasiya mərkəzlərinin əhəmiyyətli bir hissəsi faktiki olaraq vahid, şəffaf və aydın tənzimlənən lisenziyalaşdırma və nəzarət sistemindən kənarda fəaliyyət göstərir. Bu isə o deməkdir ki, dövlət hər zaman həssas vəziyyətdə olan insanlarla kimlərin, hansı əsaslarla və hansı metodikalarla işlədiyi barədə dolğun məlumata malik olmur.
Bu şəraitdə suallar yalnız personalın peşə hazırlığı səviyyəsi ilə məhdudlaşmır, həm də bu tip müəssisələrin fəaliyyət fəlsəfəsinə yönəlir. Qəbul edilən qərarlara görə məsuliyyəti kim daşıyır? Detoksikasiya və reabilitasiya proseslərinin tibbi standartlara uyğun aparıldığına hansı təminatlar var, yoxsa bu proseslər konkret mərkəzin subyektiv daxili qaydalarına əsaslanır? Ən əsası isə pasiyentin əsas hüquqları – müalicənin könüllülüyü və hərəkət azadlığı necə təmin olunur?
Aydın hüquqi çərçivələrin və vahid nəzarət mexanizminin olmaması reabilitasiya sahəsini hüquqi “boz zona”ya çevirir. Bu zonada yardım və xilasetmə şüarları altında kifayət qədər peşəkar, etik və hüquqi əsaslara söykənməyən praktikalar mövcud ola bilər. Belə bir vəziyyətdə məsələ artıq fərdi insident hüdudlarını aşaraq ictimai əhəmiyyət kəsb edir: müalicə ilə azadlığın məhdudlaşdırılması arasındakı sərhəd haradan keçir və bu sərhədə bu gün kim nəzarət edir?
Cəmiyyət bu suallara hələlik dolğun və qəti cavablar ala bilməyib.
Müəllif: Faiqə Məmmədova







