Fərhad Məmmədov: Sülh prosesinin taleyi Ermənistandakı parlament seçkilərindən asılıdır | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Məmmədov: Sülh prosesinin taleyi Ermənistandakı parlament seçkilərindən asılıdır

Qafar Ağayev11:25 - Bu gün
Fərhad Məmmədov: Sülh prosesinin taleyi Ermənistandakı parlament seçkilərindən asılıdır

“Azərbaycanla Ermənistan arasında sülh prosesi iki dövlət səviyyəsində aparılır və bu prosesin davamlılığı bir sıra siyasi şərtlərlə bağlıdır”.

1news.az xəbər verir ki, bunu bu gün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, irəli sürülən şərtlərin həyata keçirilməsi üçün Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir və bu dəyişikliklər olmadan Bakı–İrəvan arasında davamlı sülh sazişinin imzalanması mümkün deyil.

F. Məmmədov bildirib ki, hazırda müxtəlif istiqamətlər üzrə dövlət qurumları arasında təmaslar mövcuddur və növbəti mərhələdə vətəndaş cəmiyyətinin prosesə cəlb olunması xüsusi əhəmiyyət daşıyır.

“Bu baxımdan, sülh sazişinin gələcək taleyi böyük ölçüdə Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılıdır.
Ermənistanda indiki hakimiyyət parlament seçkilərində qalib gələrsə, bu, sülh prosesində vətəndaş cəmiyyətinin iştirakının institutlaşmasına imkan verəcək. Bugünkü nailiyyətimiz odur ki, iki tərəf arasında ünsiyyət artıq vətəndaş cəmiyyətləri səviyyəsində formalaşıb”, – deyə Məmmədov vurğulayıb.

Politoloq qeyd edib ki, etimad amili sülh prosesində həlledici rol oynayır və ilk görüşlə sonuncu görüş arasında ciddi fərq müşahidə olunur.

Onun fikrincə, iki dövlət arasında atılan hər bir addım qarşılıqlı etimadı gücləndirir.

“Bu gün erməni tərəfini ən çox narahat edən məsələ müharibənin yenidən başlaya biləcəyi ehtimalıdır. Ancaq bu görüşlər, müzakirələr vasitəsilə onların bu narahatlığı aradan qaldırılır, görürlər ki, Azərbaycanın məqsədi sülhdür

“Bu kontekstdə Azərbaycan diplomatiyasının yanaşması ondan ibarətdir ki, hansısa məsələnin dərhal həlli mümkün olmadıqda, onun gələcəyə saxlanılması daha rasional hesab olunur.

O əlavə edib ki, Azərbaycanın əsas mövqeyi Ermənistanın Azərbaycana qarşı üçüncü tərəflər tərəfindən alətə çevrilməməsidir.

Məmmədov həmçinin vurğulayıb ki, iki cəmiyyət arasında sülhün təşviqi uzunmüddətli və mürəkkəb prosesdir. Aydındır ki, bu model Sovet dövründəki kimi olmayacaq. Gənc nəsil qonşu ölkə obrazını yeni yanaşmalar, təhsil və maarifləndirmə vasitəsilə formalaşdırmalıdır. Bununla belə, yaxın 5–10 il ərzində prosesin çətin olacağı və müəyyən qeyri-müəyyənliklərin qalacağı istisna edilmir.

Politoloq diqqətə çatdırıb ki, İrəvanda onların görüşlərinin keçirildiyi bir zamanda Sputnik Armenia tərəfindən Azərbaycan nümayəndə heyətinin qaldığı otelin adının açıqlanmasından sonra ərazidə müəyyən gərginlik yaranıb.

“Buna baxmayaraq, görüşlər heç bir insidentsiz keçirilib, müzakirələr normal şəraitdə aparılıb”.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər