Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.
Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.
Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:
1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);
2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);
3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m);
4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m).
Layihə üzrə bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işlərinin tikintisi davam edir.
Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.


























