İstirahət günündə işləyənlərə ikiqat maaş: Deputatdan İZAH
Milli Məclisin deputatı Vüqar Bayramov Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı açıqlama verib.
1news.az xəbər verir ki, deputat bildirib ki, Prezident tərəfindən təsdiqlənən dəyişikliklər əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunmasına, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənzimlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir”, – deyə Vüqar Bayramov qeyd edib.
Deputatın sözlərinə görə, əsas yeniliklərdən biri istirahət günləri, səsvermə günləri, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində görülən işlərə görə əməkhaqqının hesablanması mexanizmi ilə bağlıdır:
“Vacib dəyişikliklərdən biri də ondan ibarətdir ki, bu günlərdə görülən işə görə əməkhaqqı hesablanarkən artıq yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq”.
Vüqar Bayramov bildirib ki, yeni qaydalara əsasən, həmin günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, işəmuzd ödəniş sistemində isə ikiqat işəmuzd qiymətlərindən az olmayan məbləğdə əməkhaqqı ödəniləcək:
“Aylıq maaş alan işçilər üçün isə iş aylıq iş vaxtı norması çərçivəsində görüldükdə maaşa əlavə olaraq gündəlik və saatlıq vəzifə maaşı məbləğindən az olmayan, normadan artıq vaxtda görüldükdə isə ikiqat məbləğdən az olmayan ödəniş nəzərdə tutulur”.
Deputat “saatlıq vəzifə maaşı” anlayışının məcəlləyə daxil edilməsini xüsusi vurğulayıb:
“Burada vacib dəyişikliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının Əmək Məcəlləsində istifadə olunmasıdır. Bu, işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi”.
Onun sözlərinə görə, bəzi hallarda həmin günlərdə iş tam iş günü deyil, yalnız müəyyən saatları əhatə edir və yeni mexanizm bu məsələyə aydınlıq gətirir:
“Yeni dəyişiklik praktikada işçilərə hər bir saat üçün əlavə maaş ödənilməsinə imkan yaradacaq”.
Vüqar Bayramov konkret nümunə də çəkib:
“Əgər işçinin saatlıq tarifi 30 manatdırsa və o, istirahət, səsvermə, bayram və ya ümumxalq hüzn günündə 4 saat işləyibsə, həmin saatlara görə 120 manat deyil, minimum 240 manat əməkhaqqı hesablanacaq”.
Deputat əlavə edib ki, ölkədə saatlıq iş rejiminə keçidlə bağlı müzakirələr fonunda bu dəyişikliklər əməkhaqqı ödənişlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək.












