Rafael Həsənov “Abbott World Marathon Majors”un altı ulduzlu medalını qazanan ilk azərbaycanlıdır - FOTO | 1news.az | Xəbərlər
İdman

Rafael Həsənov “Abbott World Marathon Majors”un altı ulduzlu medalını qazanan ilk azərbaycanlıdır - FOTO

09:20 - Bu gün
Rafael Həsənov “Abbott World Marathon Majors”un altı ulduzlu medalını qazanan ilk azərbaycanlıdır - FOTO

1news.az saytı həvəskar qaçışçı Rafael Həsənovla müsahibə təqdim edir. O, tarixdə “Abbott World Marathon Majors”un nüfuzlu altı ulduzlu medalına layiq görülən ilk azərbaycanlı olub.

“Qaçış məni dəyişdi”

Rafael Həsənovun 49 yaşı var. O, ali təhsilini Bakı Dövlət Universitetinin hüquq fakültəsində alıb, daha sonra isə ABŞ-də yerləşən "San Diego State University"də təhsilini davam etdirərək MBA (Master of Business Administration) dərəcəsi qazanıb.

Hazırda ABŞ-da, Kaliforniya ştatının San-Dieqo şəhərində yaşayır. 2016-cı ildə burada “Azure” qəlyan tütünü istehsalını təsis edib.

Onun sözlərinə görə, qaçış həyatına nisbətən gec daxil olub.

“Qaçışa pandemiya dövründə, 2020-ci ilin aprel ayında başladım. Karantin məhdudiyyətləri zamanı özümü məşğul edəcək bir fəaliyyət axtarırdım və qaçmağa başladım. O vaxtdan bəri dayanmamışam. Bu idman növü mənə o qədər maraqlı gəldi ki, artıq 2021-ci ildə ilk yarımmarafonumu qaçdım. Daha sonra bir neçə yarımmarafon iştirakçısı oldum və 2023-cü ildə ilk dəfə tam marafon məsafəsini qət etdim”, – deyə o bildirir.

Qısa müddət ərzində Rafael Həsənov 27 yarımmarafon və 6 tam marafon qaçıb.

“Qaçış insanı çox intizamlı edir. Mən hətta istirahətdə olanda və ya ağır iş günündən sonra belə məşqləri buraxmıram. Marafona hazırlıq 4–5 aylıq davamlı məşqlər tələb edir və hər bir finiş aylarla çəkilən zəhmətin mükafatıdır”.

Onun sözlərinə görə, marafon insanın özünü aşmasıdır.

“Marafon sadəcə 42 kilometr deyil. Bu, insanın özünü aşmasıdır. Xüsusilə 39-cu və 40-cı kilometrlər çox çətin keçir. Həmin anda bədən artıq qaçmaq istəmir, amma sən davam edirsən. Bu hissləri sözlə ifadə etmək çətindir, lakin buna dəyər”.

Tarixi nailiyyət

Rafael Həsənov 1 mart tarixində Tokio marafonunda finişə çataraq dünyada ən nüfuzlu marafon seriyası olan Abbott World Marathon Majors dövrəsini tamamlayıb.

Bu seriyaya aşağıdakı altı marafon daxildir:

Tokio
Boston
London
Berlin
Çikaqo

Nyu-York

Beləliklə, Rafael Həsənov Abbott World Marathon Majors-un altı ulduzlu medalını qazanan ilk azərbaycanlı olub.

Bu seriyanı tamamlayan bütün qaçışçılar Six Star Hall of Fame – Abbott World Marathon Majors-un “Şöhrət zalı”na daxil edilirlər.

“Hazırda Six Star Hall of Fame-ə daxil olan yeganə azərbaycanlı mənəm. Qaçışçılar arasında “romashka” kimi tanınan bu medal marafon dünyasının müqəddəs zirvələrindən biri hesab olunur”, – deyə o qeyd edir.

Bu medalı əldə etmək üçün yalnız 42,195 kilometrlik altı marafonu qaçmaq kifayət etmir. Bunun üçün ciddi qeydiyyat lotereyalarından keçmək, uzun illər məşq etmək, zədələrlə mübarizə aparmaq, qitələrarası səfərlər etmək və böyük iradə nümayiş etdirmək lazımdır.

“Minlərlə qaçışçı bu nailiyyət haqqında illərlə xəyal qurur, lakin yalnız az sayda insan altıncı marafonun finişinə çata bilir. Mən çox xoşbəxtəm ki, artıq Azərbaycan da bu siyahıda yer alır”.

“Başqalarını ilhamlandırmaq istəyirəm”

Rafael Həsənov ümid edir ki, onun nailiyyəti Azərbaycanda qaçışın daha da populyarlaşmasına töhfə verəcək.

“Mən çox istərdim ki, ölkəmizdə qaçış daha geniş yayılsın. Məsələn, Bakı bulvarında qaçışçılar üçün xüsusi yumşaq örtüklü qaçış zolağı yaradılsa, bu idmana maraq daha da artar”.

Onun fikrincə, qaçış hər kəs üçün əlçatandır.

“Yeni başlayanlara məsləhətim sadədir – sadəcə başlayın. İdeal anı gözləməyin. Çölə çıxın və ən azı bir kilometr qaçın. Mən də məhz belə başlamışam”.

O əlavə edir ki, marafonda əsas amil səbir və ardıcıllıqdır.

“Yavaş-yavaş başlayın, yüklənməni tələsmədən artırın və mütləq bədəninizi dinləyin. İlk marafonun finiş xətti həyatın ən unudulmaz anlarından biridir”.

Yeni məqsəd – ilham vermək

Six Star Hall of Fame-ə daxil olduqdan sonra Rafael Həsənov qarşısına yeni məqsəd qoyub.

“Açığı, hazırda əsas məqsədim başqalarını ilhamlandırmaqdır. Mən çox istəyirəm ki, gələcəkdə Six Star Hall of Fame-də azərbaycanlı qaçışçıların sayı artsın”.

O hesab edir ki, Azərbaycanın bunun üçün böyük potensialı var.

“Azərbaycan çempionlar ölkəsidir. Gənclərimiz idmanla böyüyür, intizam və zəhmətin nə olduğunu bilirlər. Sadəcə start xəttinə çıxmaq lazımdır. Qalan hər şey insanın daxilindədir”.

Rafael Həsənov həmçinin qeyd edib ki, bu yolda ailəsinin dəstəyi onun üçün çox böyük rol oynayıb.

“Mən xüsusilə oğluma və bütün ailəmə minnətdaram. Onların dəstəyi və inamı bu uzun yol boyu mənə böyük güc verib”.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər