Parklanma üçün qanunsuz ödəniş tələb edənləri hansı cəza gözləyir? – AYNA-dan XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Parklanma üçün qanunsuz ödəniş tələb edənləri hansı cəza gözləyir? – AYNA-dan XƏBƏRDARLIQ

Qafar Ağayev17:04 - Bu gün
Parklanma üçün qanunsuz ödəniş tələb edənləri hansı cəza gözləyir? – AYNA-dan XƏBƏRDARLIQ

Bakı şəhərində saat 22:00-dan 07:00-dək və bazar günləri avtomobil parklanmasının ödənişsiz olmasına baxmayaraq, bəzi şəxslər hələ də sürücülərdən qanunsuz şəkildə pul tələb etməyə davam edirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu hallarla bağlı dəfələrlə xəbərdarlıq etsə də, problem tam həllini tapmayıb.

Bəs qanunsuz yığımlarla məşğul olan şəxslərə qarşı hansı cəza tədbirləri tətbiq edilir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov 1news.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, saat 22:00-dan 07:00-dək, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.

"Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı ödəniş tələb edilə bilməz. Sürücülərdən parklanma adı altında nağd pul tələb edilməsi tamamilə qanunsuzdur. Bu cür hallarla qarşılaşan vətəndaşlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunur".

Tural Orucov

AYNA rəsmisi deyib ki, Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi və ya bu xidmətə görə ödənişin tələb edilməsi inzibati məsuliyyət yaradır.

"Qanunvericiliyə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimə edilir. Bu tədbirlərin kifayət etmədiyi hallarda isə 15 günədək inzibati həbs tətbiq oluna bilər. Hüquqi şəxslər üçün cərimə məbləği 1500 manatdan 2500 manatadək müəyyən edilib.

T.Orucov vurğulayıb ki, “AzParking” əməkdaşları bazar günləri paytaxtın müxtəlif ərazilərində yerləşən küçə parklanma yerlərində maarifləndirmə işləri aparır. Kampaniyanın əsas məqsədi sürücüləri bazar günləri parklanmanın ödənişsiz olması barədə məlumatlandırmaq və qanunsuz halların qarşısını almaqdır".

Paylaş:
170

Son xəbərlər

Bütün xəbərlər