Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Qafar Ağayev17:36 - Bu gün
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Yanvarın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

1news.az xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov iclasın gündəliyində 8 məsələnin, o cümlədən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025-ci ilin payız sessiyası dövründə görülən işlərin hesabatının, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinin və bir sıra qanun layihələrinin olduğunu söyləyib.

2025-ci ilin payız sessiyasında görülən işlər barədə məlumat verən Azər Əmiraslanov bildirib ki, bu dövr ərzində komitə öz fəaliyyətini Milli Məclisin qanunvericilik və komitənin iş planlarına uyğun şəkildə həyata keçirib, qanun layihələrinin müzakirələri nəzərdə tutulmuş müddətlərdə aparılıb, ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş görülüb.

Nəzərə çatdırılıb ki, hesabat dövründə komitənin 15 iclası olub, 68 məsələ, o cümlədən 28 qanun layihəsi və 1 hesabat geniş müzakirə edilib. Bununla yanaşı, komitənin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib.

Komitə sədri bildirib ki, 2026-cı ilin yaz sessiyası üçün iş planına əsasən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, qanunlarda dəyişikliklər edilməsi haqqında sənədlərin, habelə 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı, Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatların müzakirəsi nəzərdə tutulub. Bununla yanaşı, ictimai dinləmələrin, konfransların keçirilməsi və digər məsələlər komitənin iş planında öz əksini tapıb.

Müzakirələr zamanı komitə üzvləri hesabat və iş planı ilə bağlı öz qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin yekununda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi təsdiq olunub.

Sonra iclasda gündəlikdəki qanun layihələrinə baxılıb.

Əvvəlcə Komitə sədri Azər Əmiraslanov “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Qeyd olunub ki, sənəddə təklif edilən dəyişikliklər ölkədə ixtira və patent fəallığının yüksəldilməsinə, patent alınması ilə bağlı prosedurların sadələşdirilməsinə, ekspertiza müddətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləğinin artmasına, Qlobal İnnovasiya İndeksi üzrə ölkəmizin beynəlxalq reytinqlərdə göstəricilərinin yaxşılaşmasına, əqli mülkiyyət qanunvericiliyinin daha da təkmilləşməsinə xidmət edəcək.

Gündəliyin digər məsələsi - “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verib. Bildirilib ki, qanun layihəsi yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sənəddə “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində avtomagistral anlayışı yeni redaksiyada təklif olunur. Qeyd edilən dəyişikliyə əsasən, “Avtomobil yolları haqqında” Qanunda da avtomagistral anlayışının müvafiq redaksiyada verilməsi nəzərdə tutulur. Layihədə, həmçinin ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.

Sonra Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.

Komitə sədri Azər Əmiraslanov bildirib ki, layihə ölkəmizin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır.

Sonra tədbirdə iştirak edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müşaviri İlqar Həsənov məsələyə dair fikirlərini açıqlayaraq, “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələbləri barədə məlumat verib və bununla əlaqədar olaraq qanun layihəsində təklif olunan müvafiq dəyişiklikləri təqdim edib.

Daha sonra iclasda “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti açıqlanıb. Məsələ barədə Maliyyə Nazirliyinin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov məlumat verib.

“Mühasibat uçotu haqqında” Qanuna edilən dəyişiklikdə “e-mühasibat” informasiya sistemi ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunur.

“Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin elektron qaydada – “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılması, bu proseslə bağlı bir sıra məsələlərin tənzimlənməsi təmin ediləcək.

Sonra Azər Əmiraslanov növbəti məsələni - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd olunub ki, sənədə əsasən, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılır.

Daha sonra komitə sədri gündəliyin sonuncu məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Təqdim olunan məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrin sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş:
158

Son xəbərlər

Bütün xəbərlər