Texnologiyalarda qadınlar: dayanıqlı gələcəyin memarları | 1news.az | Xəbərlər
Köşə

Texnologiyalarda qadınlar: dayanıqlı gələcəyin memarları

16:18 - Bu gün
Texnologiyalarda qadınlar: dayanıqlı gələcəyin memarları

Texnologiya sahəsində qadınların roluna dair müzakirələrdə diqqət əsasən gender bərabərliyi məsələlərinə yönəldilir.

Halbuki daha fundamental məsələ gələcəyin texnologiyalar vasitəsilə hansı məzmun və istiqamətdə formalaşdırılmasıdır.

Neyroelm və liderlik sahələrində aparılan müasir tədqiqatlar göstərir ki, qadınlar və kişilər arasındakı fərqlər intellektual potensialdan deyil, əsasən düşünmə strategiyaları və qərarqəbuletmə mexanizmlərindən irəli gəlir.

Pensilvaniya Universitetinin alimləri tərəfindən aparılmış empirik araşdırmalar (Ruben C. Gur və digərləri, PNAS) müəyyən etmişdir ki, qadınlarda orta statistik göstəricilərə əsasən beynin yarımkürələriarası neyron əlaqələri daha daha yüksək inkişaf səviyyəsinə malikdir. Bu xüsusiyyət kontekstual amilləri, mümkün nəticələri, eləcə də qəbul edilən qərarların insanlara və ətraf mühitə təsirini nəzərə almağa imkan verən sistemli düşünmə qabiliyyətini gücləndirir. Kişilərdə isə əsasən yarımkürədaxili əlaqələrin üstünlük təşkil etməsi müşahidə olunur ki, bu da diqqətin konkret tapşırıqlara fokuslanmasına, operativ icraya və ölçülə bilən nəticələrin əldə edilməsinə şərait yaradır.

Kembric Universitetinin tədqiqatçısı Saymon Baron-Koenin irəli sürdüyü tətbiqi modellərə əsasən, kişi düşüncə tipi daha çox “sistemləşdirici”, qadın düşüncə tipi isə əsasən “empatik” xarakter daşıyır. Başqa sözlə, kişilər qərarvermə prosesində daha çox “Bu işləkdirmi?” sualına, qadınlar isə “Bu hansı məqsədə xidmət edir?” sualına üstünlük verirlər.

Süni intellektin və rəqəmsal transformasiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə ikinci sual birincisi qədər strateji əhəmiyyət kəsb edir və bu yanaşma biznes nəticələrinə də bilavasitə təsir göstərir. Vurğulamaq lazımdır ki, bu kontekstdə stereotiplərin formalaşdırılması və ya qarşıdurmaların yaradılması məqsədi güdülmür; əsas məsələ gələcəyi müəyyən edən qərarların keyfiyyətinin yüksəldilməsidir.

Dayanıqlı, təhlükəsiz və humanist gələcəyin formalaşdırılması yalnız müxtəlif düşüncə tiplərinin, təcrübələrin və dəyərlərin bu prosesdə təmsil olunması ilə mümkündür. Bu baxımdan, qadın baxış bucağı və iştirakı müstəsna əhəmiyyətə malikdir.

Texnologiyalar gücləndirici vasitə kimi: imkanlar və risklər

Müasir dövrdə texnologiyalar iş proseslərinin sürətləndirilməsinə, seçim imkanlarının optimallaşdırılmasına və funksional imkanların genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Bununla yanaşı, onların geniş tətbiqi istifadəçilərin texnoloji sistemlərdən asılılıq səviyyəsinin artması ilə də müşayiət olunur.

Beynəlxalq tədqiqatların nəticələrinə əsasən, əhalinin təxminən 90%-i gündəlik fəaliyyətində rəqəmsal texnologiyalardan iş tapşırıqlarının icrası, kommunikasiya proseslərinin davam etdirilməsi və qərarqəbuletmə məqsədləri üçün istifadə edir. Respondentlərin 70%-i isə qeyd edir ki, zaman keçdikcə şəxsi mülahizələrindən daha çox alqoritmik tövsiyələrə və avtomatlaşdırılmış qərar mexanizmlərinə etibar etməyə başlayırlar.

Qeyd etmək lazımdır ki, qadınlar kişilərlə müqayisədə texnologiyalardan peşə fəaliyyəti, analıq məsuliyyətləri və sosial qiymətləndirmə kontekstində formalaşan emosional asılılıqları daha açıq şəkildə ifadə edirlər. Qadın respondentlərin 60 faizindən çoxu vurğulayır ki, texnologiyalar onların fəaliyyət effektivliyini artırmaqla yanaşı, eyni zamanda emosional yüklənmə hissini, psixoloji təzyiqi və nəzarətin itirilməsi ilə bağlı narahatlığı da gücləndirir.

Texnologiyalardan asılılıq səviyyəsi yüksəldikcə müstəqil düşünmə, intuisiya və fərdi seçim bacarıqlarının zəifləməsi riski artmaqdadır. Bu vəziyyət davranışlarımızın getdikcə daha çox texnoloji sistemlərin fasiləsiz fəaliyyətindən — internetə çıxışın, enerji təminatının və alqoritmik mexanizmlərin mövcudluğundan asılı olması təəssüratını yaradır. Məhz bu mərhələdə insanın fərdi avtonomiyasının tədricən məhdudlaşması prosesi başlayır.

Tarixi kontekst: qadınlar bunu niyə daha kəskin təcrübədən keçirir?

Qadınların bu prosesi emosional baxımdan daha ağrılı şəkildə təcrübədən keçirməsinin bir sıra səbəbləri mövcuddur. İlk növbədə, tarixi kontekstdə qadınlar texnoloji sahələrə kişilərlə müqayisədə xeyli gec və bərabərhüquqlu tərəfdaş kimi deyil, daha çox istisna hallar çərçivəsində daxil olmuşlar. XX əsrin ortalarına qədər texnologiya sahələri faktiki olaraq tam şəkildə kişi fəaliyyəti kimi qəbul edilirdi.

1970–1980-ci illərdən etibarən qadınların informasiya texnologiyaları sahəsində təhsil almaqda fəallığı artmağa başlamışdır. Bununla belə, hazırkı mərhələdə bu sahədə çalışan mütəxəssislər arasında qadınların payı 30 faizi keçmir. Bu göstərici onu təsdiqləyir ki, informasiya texnologiyaları qadınlar üçün yalnız funksional bir vasitə deyil, eyni zamanda mövcudluq, səsə sahib olma və peşəkar tanınma uğrunda mübarizə apardıqları sosial-mədəni bir mühitdir.

Məhz bu səbəbdən qadınlar qərar qəbuletmə proseslərinin şəxsiyyətsizləşdirilməsini və fərdi seçimin alqoritmik mexanizmlərə ötürülməsini daha kəskin şəkildə dərk edirlər.

Şəxsiyyətsizləşməyə qarşı mövqe tutmaq qorxu və ya texnoloji tərəqqidən geri qalma göstəricisi deyil. Əksinə, bu, şüurlu yanaşmanın və məsuliyyətli mövqenin ifadəsidir. Qadınların öz fərdiliyini, müstəqilliyini və qərarvermə məsuliyyətini qorumağa yönəlmiş səyləri tərəqqiyə maneə deyil, müasir cəmiyyət üçün zəruri olan qoruyucu mexanizm funksiyasını daşıyır.

Bu baxımdan, texnologiya sahəsində qadınların rolu ilə bağlı aparılan müzakirələr əslində texnologiyaların insan iradəsini və fərdi səsi əvəz etmədiyi, əksinə, onlara xidmət etdiyi bir gələcəyin keyfiyyəti məsələsini gündəmə gətirir.

Qadınlar texnologiyalara niyə fərqli yanaşır?

Texnologiyalar spontan şəkildə yaranmır; onlar səhvlərdən, eksperimental cəhdlərdən və uğurun əvvəlcədən təmin edilmədiyi sahələrə yönəlmək cəsarətindən doğur. Bunun klassik nümunələrindən biri penisillinin kəşfidir. Aleksandr Fleminq bu ixtiranı ideal şəkildə planlaşdırılmış bir eksperiment nəticəsində deyil, ilkin baxışda “səhlənkarlıq” kimi dəyərləndirilə bilən bir vəziyyət sayəsində əldə etmişdir: Petri qablarının vaxtında təmizlənməməsi nəticəsində kif göbələyinin bakteriyaları məhv etdiyini müşahidə etmişdir. Məhz bu səhv, elmi müşahidə bacarığı ilə birləşərək minlərlə insanın həyatının xilas edilməsinə zəmin yaratmışdır.

Rəqəmsal texnologiyaların inkişaf prosesi də analoji prinsiplər əsasında formalaşmışdır. İnternetin, qlobal mövqeləşdirmə sistemlərinin (GPS) və müasir süni intellekt texnologiyalarının meydana gəlməsi sınaqlar, xətalar və ardıcıl yenidənqurma proseslərinin nəticəsidir. Müasir informasiya texnologiyaları və süni intellekt sahələrində səhv anlayışı qeyri-peşəkarlığın göstəricisi deyil, öyrənmə və inkişaf prosesinin ayrılmaz tərkib hissəsi kimi qəbul olunur. Məhz bu səbəbdən “səhvdən qorxmamaq” prinsipi texnoloji tərəqqinin əsas şərtlərindən birinə çevrilmişdir.

Lakin bu yanaşma tarixən qadınlara eyni dərəcədə şamil edilməmişdir.

Elm və texnologiya tarixi göstərir ki, qadınlar əksər hallarda səhv etmək hüququndan məhrum edilmişlər. Qadınların elmi nailiyyətləri çox vaxt yetərincə tanınmamış, onlardan tələb olunan mükəmməllik səviyyəsi isə kişilər ilə müqayisədə daha yüksək olmuşdur. Nəticədə hər bir uğursuzluq inkişaf və öyrənmə imkanı kimi deyil, peşəkar yararsızlığın sübutu kimi qiymətləndirilmişdir.

Bu tendensiyanın bariz nümunələrindən biri DNT-nin strukturunun müəyyənləşdirilməsində həlledici rol oynamış Rozalind Franklinin ibrətamiz hekayəsidir. Onun verdiyi həlledici töhfələr uzun müddət kölgədə qalmış, elmi tanınma isə əsasən digər tədqiqatçılara nəsib olmuşdur.

Digər bir mühüm nümunə XIX əsrdə ilk alqoritmin müəllifi hesab olunan Ada Lavleysin fəaliyyətidir. Uzun illər ərzində onun elmi işi ciddi elmi nailiyyət kimi deyil, “poetik təxəyyülün məhsulu” kimi dəyərləndirilmişdir. Yalnız sonrakı dövrlərdə o, tarixdə ilk proqramçı kimi tanınmışdır. Oxşar vəziyyət XX əsrin 1950–1960-cı illərində ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan qadın proqramçılarla da müşahidə olunmuşdur: onlar kosmik missiyalar üçün mürəkkəb hesablamalar aparsalar da, mühəndis statusu ilə deyil, sadəcə “hesablama aparan əməkdaşlar” kimi qəbul edilirdilər.

Bu tarixi amillər izah edir ki, qadınlar müasir dövrdə texnologiyalarla fərqli psixoloji və sosial kontekstdə qarşılıqlı əlaqə qururlar. Onlar üçün səhv əksər hallarda öyrənmə fürsəti deyil, peşəkar reputasiya üçün potensial risk kimi dərk olunur ki, bu da texnoloji sahədə eksperiment aparmağa hazırlıq səviyyəsinə birbaşa təsir göstərir.

Bu baxımdan, qadınlar və texnologiyalar mövzusu mahiyyət etibarilə innovasiya üçün hansı sosial və institusional şəraitin formalaşdırıldığı sualını gündəmə gətirir.

Texnoloji tərəqqinin təmin olunması üçün səhvdən qorxu faktoru aradan qaldırılmalıdır.

Qadınların texnologiya sahəsinə tam və bərabər şəkildə inteqrasiyası üçün eksperimentlərə görə qınanma və etiketlənmə riski minimuma endirilməlidir. Çünki innovasiyalar yalnız insanların sınaq aparmaq və səhv etmək imkanına malik olduğu mühitdə mümkün olur.

Reallığın dəyişməsi mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir.

Qadınlar yeni texnologiyalarla ilkin qarşılaşma zamanı, adətən, onların texniki işləmə mexanizmlərindən daha çox yaradılma məqsədləri və funksional əsasları ilə maraqlanırlar. Bu baxımdan, texniki xüsusiyyətlərlə yanaşı, praktiki fayda, gündəlik həyata təsir və mənalandırma aspektləri onlar üçün prioritet əhəmiyyət daşıyır.

Qadınların qərarqəbuletmə prosesində sistemli düşünmə meyli daha qabarıq şəkildə özünü göstərir. Onlar texnologiyaları təcrid olunmuş alətlər kimi deyil, insanlara, sosial münasibətlərə, təhlükəsizlik mühitinə və cəmiyyətin uzunmüddətli inkişafına təsir göstərən kompleks sistemin tərkib hissəsi kimi qiymətləndirirlər. Bu səbəbdən aydın ictimai fayda və dəyər təklif etməyən texnoloji həllər qadınlarda daxili narazılıq və tənqidi mövqe formalaşdırır. Bu münasibət yeniliyə qarşı müqavimət deyil, daha çox əsaslandırılmamış sualların mövcudluğu ilə bağlıdır: konkret olaraq hansı problem, kim üçün və hansı mexanizmlər vasitəsilə həll edilir, qəbul edilən qərarlardan kim fayda əldə edir.

Bu yanaşma zəiflik deyil, əksinə, şüurluluğun və sosial məsuliyyətin ifadəsidir. Bir çox qadın “tech-for-good” konsepsiyasına üstünlük verərək, həyat keyfiyyətini yüksəldən, sistemlərin təhlükəsizliyini, ədalətliliyini və dayanıqlılığını gücləndirən texnoloji həllərin inkişafına yönəlir. Bu zaman şəxsi tanınma və maddi qazancdan daha çox ümumi ictimai fayda ön plana çəkilir.

Süni intellektin sürətlə inkişaf etdiyi dövrdə “niyə?” sualı xüsusi strateji əhəmiyyət kəsb edir. Müasir texnologiyalar yalnız əmək və istehsal proseslərinə deyil, eyni zamanda ictimai normaların formalaşmasına, davranış modellərinə və insan dəyəri haqqında təsəvvürlərin dəyişməsinə də bilavasitə təsir göstərir.

Məhz bu fərqli yanaşmalar qadınların texnoloji sahədə fəal iştirakının niyə keyfiyyətli, gələcəyin formalaşdırılmasında əsas şərt olduğunu izah edir.

Texnologiyalar qadınlar üçün imkanları necə genişləndirir?

Son onilliklərdə texnologiyalar qadınlar üçün peşəkar imkanları əhəmiyyətli dərəcədə genişləndirmişdir.

World Economic Forum-un məlumatına əsasən, yeni yaranan rəqəmsal vəzifələrin 50%-dən çoxu ənənəvi mühəndislik və ya informasiya texnologiyaları təhsili tələb etmir və bu bacarıqları onlayn kurslar və praktik təlimlər vasitəsilə əldə etmək mümkündür. OECD tərəfindən aparılmış araşdırmalar göstərir ki, qadınlar ailə və şəxsi səbəblərə görə kişilərə nisbətən iki dəfə daha çox karyera fasiləsi verirlər. Bu kontekstdə texnologiyalar fasilələrin peşəkar inkişaf üzərində yaratdığı mənfi təsiri azaltmağa imkan yaradır.

McKinsey Global Institute-un məlumatına görə, avtomatlaşdırma və süni intellekt rutin vəzifələrin icrasına sərf olunan vaxtı 20–40% azalda bilər ki, bu da eyni zamanda bir neçə rol və məsuliyyəti daşıyan qadınlar üçün xüsusilə əhəmiyyətlidir.

İş formatlarının çevikliyi bu təsiri daha da gücləndirir. Harvard Business Review-un məlumatına əsasən, qadınlar uzaqdan və ya hibrid işləmə imkanlarına malik olduqda, kişilərə nisbətən 25–30% daha çox bu iş formalarını seçir və məhsuldarlığını daha sabit şəkildə qoruyurlar.

Avtomatlaşdırma həmçinin karyera və biznes quruluşunun qaydalarını dəyişir. Bu, xüsusilə qadın sahibkarlar üçün vacibdir. Boston Consulting Group-un məlumatına əsasən, qadınlara yatırılan investisiya həcmi kişilərə nisbətən 30–40% az olsa da, onların əldə etdiyi investisiya gəlirliliyi daha yüksəkdir.

Texnologiyalar qadınların özünə inamını gücləndirir.

Qadınlar eyni zamanda bir neçə paralel konteksti — peşəkar fəaliyyət, ailə məsuliyyətləri, emosional və sosial rolları — idarə etmək qabiliyyətinə malikdirlər. Bu çoxşaxəli düşüncə prosesi isə mental yüklənmə riskini artırır. Süni intellekt kimi xarici kognitiv dəstək alətlərindən istifadə, bu yükü bölüşdürməyə və düşüncə aydınlığını bərpa etməyə imkan yaradır.

Bu xüsusilə əhəmiyyətlidir. Harvard Business Review-un məlumatına əsasən, texnologiya sahəsində çalışan qadınların 60%-dən çoxu real nailiyyətlərinə baxmayaraq öz kompetensiyalarına şübhə etdiklərini etiraf edirlər. Süni intellektin ideyaları, hipotezləri və təklifləri təhlükəsiz mühitdə sınaqdan keçirmək üçün istifadə olunması bu şübhə və narahatlığı azaldır.

Vacib məqam ondan ibarətdir ki, bu kontekstdə süni intellekt insan səsini əvəz etmir, əksinə onu gücləndirir. Süni intellekt düşüncələri strukturlaşdırır, narahatlığı azaldır, səhv etmə qorxusunu aradan qaldırır və qərarların müəllifliyini qoruyur. O, həqiqətin mənbəyinə çevrilmir; onun funksiyası inamı dəstəkləyən alət kimi formalaşır.

Getdikcə daha çox qadın süni intellekti təhlükə və ya rəqib kimi deyil, etibarlı köməkçi kimi qəbul etməyə başlayır. O, fərdiliyi məhdudlaşdırmadan düşüncənin aydınlaşmasına, inamlı ifadəyə və şüurlu qərarların verilməsinə şərait yaradır.

İnsan mərkəzli texnologiyalar və qadınlar

Texnoloji komandaların tərkibində olan qadınlar diqqəti əsasən insan amili ilə bağlı məsələlərə yönəldirlər:

— istifadəçilərin məhsulla qarşılıqlı əlaqəni necə qəbul edəcəyi;
— hansı vəziyyətlərdə səhvlər və ya stressin meydana gələ biləcəyi;
— hansı istifadəçi qruplarının risk altında qala biləcəyi və ya tamamilə kənarda qalacağı.

Süni intellekt sahəsində qadınların töhfəsi xüsusilə etik və təhlükəsizlik məsələlərinin həllində əhəmiyyətlidir. AI Now Institute-un (Nyu-York Universiteti) məlumatına əsasən, qadınların və humanitar-sosial sahə mütəxəssislərinin daxil olduğu komandalar alqoritmik diskriminasiya, qərəz və gözlənilməz zərərləri daha tez müəyyən edə bilirlər.

Qadınların texnologiyaların yaradılmasında iştirakı zamanı, diqqət imkan nümayişindən təhlükəsizlik və etibarlılığa, sürətli tətbiqdən uzunmüddətli nəticələrə, “sistem nə edə bilər?” sualından “insanda hansı emosiyanı yaradır?” sualına keçir.

Bu yanaşma texnologiyanın inkişafını ləngitmir. Əksinə, tədqiqatlar göstərir ki, bu cür yanaşma daha dayanıqlı, etik və cəmiyyət tərəfindən qəbul edilən texnoloji həllərin formalaşmasına şərait yaradır. Süni intellektin geniş yayıldığı bir dövrdə insan ehtiyaclarını nəzərə alan texnologiyalar artıq arzuolunan deyil, zəruri şərt kimi qiymətləndirilir. Məhz bu kontekstdə qadınların rolu həlledici əhəmiyyət daşıyır.

Nəticə

Nəticə olaraq vurğulamaq lazımdır ki, texnologiyaların inkişafı yalnız onların intellektual imkanlarından deyil, eyni zamanda humanist dəyərlərlə necə inteqrasiya olunmasından asılıdır. Qarşıdakı dövrdə qadın yanaşması alternativ kimi deyil, texnologiyaların keyfiyyətini müəyyən edən əsas amil kimi qiymətləndiriləcək.

Qadınlar texnologiyalara avtomatlaşdırıla bilməyən insani keyfiyyətlər gətirirlər: insanlara diqqət, nəticələrə görə məsuliyyət daşımaq və bütöv sistem mənzərəsini görmək bacarığı. Bu xüsusiyyətlər texnologiyaları yalnız alət olmaqdan çıxarır, etibar edilə bilən, dayanıqlı sistemlərə çevirir.

Texnologiyalarda qadınlar gələcəyin memarlarıdır. Onların texnoloji həllərin yaradılmasında iştirakı tərəqqinin yalnız innovasiya sürəti ilə deyil, həm də cəmiyyətə təsiri ilə ölçüldüyü bir dünyanı formalaşdırır. Qadınların konteksti görmək, nəticələri hesablamaq və diqqəti insanlar istiqamətinə yönləndirmək bacarığı texnologiyalara dayanıqlılıq qazandırır — innovasiyaların mənasını itirdiyi nöqtədə belə, dərinlik və etimad yaradır. Əgər texnologiyalar həqiqətən insanlara xidmət etməlidirsə, qadınların bu prosesdə iştirakı sadəcə bir arzu deyil, həmçinin balansın, dayanıqlılığın və uzunmüddətli dəyərin əsas təməlidir.


Müəllif: Elnara Məcidova — "Azerconnect Group"da İşçi Transformasiya Proqramlarının Rəhbəri, "Women in Tech Azerbaijan" təşkilatının tərəfdaşı

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər