Nigar Məmmədova: Azərbaycan müharibə cinayətləri törətmiş canilərin qanun qarşısında cavab verməsini təmin etdi | 1news.az | Xəbərlər
Siyasət

Nigar Məmmədova: Azərbaycan müharibə cinayətləri törətmiş canilərin qanun qarşısında cavab verməsini təmin etdi

Qafar Ağayev10:17 - Bu gün
Nigar Məmmədova: Azərbaycan müharibə cinayətləri törətmiş canilərin qanun qarşısında cavab verməsini təmin etdi

"Məhkəmə prosesi Azərbaycanın suverenliyinin və hüquqi dövlət prinsipinin növbəti təsdiqi kimi qiymətləndirilir".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova 1news.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Ermənistan tərəfindən vaxtilə qanunsuz şəkildə yaradılmış qondarma rejimin rəhbərlərinin – Araik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin məhkəmə qarşısına çıxarılması uzun illər davam etmiş cinayət əməllərinə verilən hüquqi qiymətdir.

“Bu proses ilk növbədə Azərbaycanın suveren və hüquqi dövlət olduğunu bir daha təsdiqləyir. Dövlət öz ərazisində ağır cinayətlər törətmiş şəxslərin qanun qarşısında cavab verməsini təmin etdi. Bu, həm də şəhid ailələri, müharibə qurbanları və keçmiş məcburi köçkünlər üçün mənəvi ədalətin bərpasıdır”.

Onun sözlərinə görə, illərlə gözlənilən bu hüquqi qərar cəmiyyətdə ədalət prinsipini daha da möhkəmləndirir.

“Heç bir cinayət cəzasız qalmır. Azərbaycan dövləti xalqımıza qarşı amansız cinayətlər törətmiş şəxslərin mütləq məsuliyyətə cəlb olunacağını bəyan etmişdi və bu gün həmin vəd reallığa çevrildi”.

N.Məmmədova vurğulayıb ki, proses beynəlxalq hüquq çərçivəsində həyata keçirilib.

“Azərbaycan məhkəmə prosesinə tam hüquqi müstəvidə, Cenevrə konvensiyalarına və beynəlxalq humanitar hüququn prinsiplərinə uyğun yanaşıb. Bu isə ölkəmizin beynəlxalq arenada haqlı mövqeyini daha da gücləndirir”.

Deputat əlavə edib ki, separatçıların məhkəmə qarşısında cavab verməsi separatizmə qarşı ciddi xəbərdarlıqdır.

“Bu, regionda sülh və sabitliyin təmin olunması üçün mühüm presedent yaradır və göstərir ki, qeyri-qanuni silahlı fəaliyyətlər, insanlığa qarşı cinayətlər gec-tez hüquqi məsuliyyətlə nəticələnir”.

O, həmçinin bildirib ki, məhkəmə prosesi ilə bağlı Azərbaycana qarşı müəyyən siyasi təzyiqlər müşahidə olunur.

“Fransa Milli Assambleyasının növbəti dəfə Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi müharibə cinayətkarlarının müdafiəsinə hesablanmış addımdır. Bu, rəsmi Parisin regionda vəziyyəti yenidən gərginləşdirmək niyyətindən əl çəkmədiyini göstərir”.

Deputatın fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində real irəliləyişlərin müşahidə olunduğu bir vaxtda bu cür mövqe konstruktiv prosesə zərbə vurur.

“Fransanın sərgilədiyi qərəzli yanaşma faktiki olaraq bölgədə sülh səylərinə, o cümlədən ABŞ-nin təşəbbüslərinə xələl gətirir”.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər