Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib
Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bir sıra digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları kəskin şəkildə pisləyir.
1news.az xəbər verir ki, İcmanın bununla bağlı yaydığı bəyanatda deyilir.
"Bu günlərdə - Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə müsbət ruhda keçirilmiş görüşü günü Fransa Senatının Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş müharibə canilərinin azad olunmasına çağıran qətnamə qəbul etməsi, İsveçrə parlamentinin üzvünün Ermənistanda özlərini hansısa qondarma qurumun "rəhbərləri" kimi qələmə verən şəxslərlə görüşməsi, "Qarabağ məsələsi hələ bağlanmamışdır" kimi təxribatçı açıqlamalar verməsi bu qəbildən olan təxribatçı hərəkətlərdir.
Görəsən, "azadlıq, bərabərlik, qardaşlıq"dan dəm vuran Fransanın bu parlamenti niyə bircə dəfə bizim - Qərbi azərbaycanlıların üzləşdiyi faciələrə, deportasiyalara, soyqırımına, Azərbaycan xalqının Ermənistanda bütün izinin, qədim və zəngin tarixi-mədəni irsinin silinməsi kampaniyasına münasibət bildirməyib?", - bəyanatda vurğulanıb.
Qərbi Azərbaycan İcması hesab edir ki, ilk növbədə, Ermənistan dövləti öz ərazisində artıq keçmişdə qalmış qondarma rejimin bütün "təsisatları"nı ləğv etməli, bundan başqa, regiondankənar aktorların sülhə maneə törədən əməllərini pisləyən açıqlamalar verməlidir.












