Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 71,5 faizə yüksəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 71,5 faizə yüksəlib

Qafar Ağayev10:52 - Bu gün
Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 71,5 faizə yüksəlib

“İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib”.

1news.az xəbər verir ki, bunu “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, daha geniş mənzərəni görmək üçün son beş ilin göstəricilərinə nəzər salmaq kifayətdir. Onun sözlərinə görə, 2021–2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faizlik real artımı iqtisadi genişlənmənin əsas mənbəyi olub.

M.Cabbarov vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsində özəl sektor mühüm rol oynayır və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora dövlət dəstəyinin böyük hissəsini vergi və gömrük güzəştləri təşkil edib.

Nazir qeyd edib ki, bu strateji yanaşma ölkə iqtisadiyyatında mühüm keyfiyyət və struktur dəyişikliklərinə gətirib çıxarıb, özəl sektorun vergi daxilolmalarında payı artıb. Ötən il qeyri-neft-qaz özəl bölmədən daxilolmalar qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 76 faizinə çatıb.

Onun sözlərinə görə, 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1 faiz artıb, xarici mənbələrdən əsas kapitala investisiyalarda 24 faiz artım qeydə alınıb. Qeyri-neft-qaz sənayesində investisiyalar 26 faizə qədər artıb. 2021–2025-ci illərdə isə bu sahədə əlavə dəyər orta illik hesabla 8 faiz artıb.

M.Cabbarov əlavə edib ki, qeyd olunan amillərin təsiri nəticəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3 faizdən 2025-ci ildə 71,5 faizə yüksəlib.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər