Mikayıl Cabbarov: 2025-ci ildə Azərbaycanda vergi daxilolmaları rekord səviyyəyə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: 2025-ci ildə Azərbaycanda vergi daxilolmaları rekord səviyyəyə çatıb

Qafar Ağayev11:06 - Bu gün
Mikayıl Cabbarov: 2025-ci ildə Azərbaycanda vergi daxilolmaları rekord səviyyəyə çatıb

“2025-ci ildə Azərbaycanda vergi daxilolmalarında rekord göstərici əldə edilib – yığım 16,4 milyard manat təşkil edib və bu, son illərin ən yüksək nəticəsidir”.

1news.az xəbər verir ki, bunu “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2018-ci illə müqayisədə ümumi vergi daxilolmaları 2,2 dəfə, qeyri-neft-qaz sektoru üzrə isə 2,4 dəfə artıb.

“2025-ci ildə vergi daxilolmalarının ÜDM-də payı 12,7 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 13 faiz təşkil edib ki, bu da 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artım deməkdir”.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2018-ci illə müqayisədə 2,2 faiz bəndi artaraq 9,9 faiz olub.

M.Cabbarov əlavə edib ki, 2019-cu ilin əvvəli ilə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin cəmi müqavilələrdə xüsusi çəkisi 38,5 faizdən 54,4 faizə yüksəlib.

“Sektorda müqavilələrin sayı isə 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir”.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər