Samir Şərifov: Azərbaycan fiskal intizamı qoruyaraq sabitliyi təmin edən ölkələr sırasındadır | 1news.az | Xəbərlər
Cəmiyyət

Samir Şərifov: Azərbaycan fiskal intizamı qoruyaraq sabitliyi təmin edən ölkələr sırasındadır

Qafar Ağayev10:38 - Bu gün
Samir Şərifov: Azərbaycan fiskal intizamı qoruyaraq sabitliyi təmin edən ölkələr sırasındadır

“Dünyada baş verən proseslər fonunda iqtisadi qərarların qəbulu əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxölçülü xarakter daşıyır”.

1news.az xəbər verir ki, bunu “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda Baş nazirin müavini Samir Şərifov deyib.

O bildirib ki, qlobal iqtisadiyyatda artan geosiyasi risklər, enerji bazarlarında qeyri-sabitlik, maliyyə axınlarının dəyişkənliyi və ticarət proteksionizmi dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır.

“Belə şəraitdə əsas məsələ qısamüddətli reaksiyalar vermək deyil, dayanıqlı və çevik iqtisadi idarəetmə modelini qoruyub saxlamaqdır”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan iqtisadi siyasətini qlobal proseslərdən təcrid olunmuş şəkildə deyil, onların real təsirləri nəzərə alınmaqla formalaşdırır.

Onun sözlərinə görə, xarici təsirlərin ölkənin daxili dayanıqlılığına mənfi təsir göstərə biləcəyi hallarda onların maksimum dərəcədə neytrallaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir.

S.Şərifov qeyd edib ki, makroiqtisadi sabitlik öz-özünə formalaşan nəticə deyil: “Bu, ardıcıl siyasətin, məsuliyyətli fiskal yanaşmanın və institusional qərarların məntiqi nəticəsidir. Bir çox ölkələr artan büdcə kəsirləri və borclanma təzyiqləri ilə üzləşdiyi halda, Azərbaycan fiskal intizamı qoruyaraq sabitliyi təmin edən ölkələr sırasındadır”.

O əlavə edib ki, fiskal, vergi, sosial və maliyyə siyasəti ayrı-ayrı alətlər kimi deyil, vahid sistem çərçivəsində fəaliyyət göstərməlidir.

Baş nazirin müavini vurğulayıb ki, məhz bu yanaşma iqtisadi siyasətin effektivliyini və əldə olunan nəticələrin uzunmüddətli olmasını təmin edir.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər