DVX rəisi: Vətəndaşlar ƏDV-ni daha tez əldə edə biləcək
“Rəqəmsal həllər vergi inzibatçılığını təkmilləşdirməklə yanaşı, vergi ödəyiciləri üçün prosesi daha rahat və əlçatan edir”.
1news.az xəbər verir ki, bunu “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib ki, bu istiqamətdə ölkənin aparıcı şirkətləri ilə əməkdaşlıq aparılır və yaxın günlərdə Kapital Bank və Paşa Bank ilə birgə yeni sosial əməkdaşlıq layihəsinə start veriləcək.
O.Nəzərli əlavə edib ki, layihənin məqsədi “ƏDV geri al” mexanizmini vətəndaşlar üçün daha da sadələşdirmək və geri qaytarılan vəsaitlərin daha operativ şəkildə əldə olunmasını təmin etməkdir. Nağdsız – adıçəkilən iki bankın kartı ilə edilən ödənişlər zamanı yeni nəsil NKA çekinin məlumatlarının elektron kabinetdə avtomatik əks olunması və geri qaytarma müraciətinin formalaşdırılması prosesinin tam avtomatlaşdırılması nəzərdə tutulur.
O.Nəzərli vurğulayıb ki, bu addım həm şəffaflığı artıracaq, həm də vətəndaşlar üçün prosesi xeyli asanlaşdıracaq.












