VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başladı

Qafar Ağayev12:17 - Bu gün
VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başladı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis olunan VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

1news.az xəbər verir ki, bu barədə Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə üçün keçirilmiş mətbuat konfransında açıqlama verib.

“İdarəetmə sahəsində peşəkar və perspektivli kadrların aşkar olunması, onların fərdi və liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə artıq altıncı mövsümündə iştirakçıları yeni imkanlarla bir araya gətirir”.

O, VI mövsümün başlanğıcı münasibətilə ötən beş ilin nəticələrinə nəzər salaraq “Yüksəliş” müsabiqəsinin formalaşdırdığı institusional dəyər və davamlı inkişaf dinamikası barədə məlumat verib.

Bildirilib ki, müsabiqə bu müddət ərzində iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb.

Qeyd edək ki, VI mövsüm çərçivəsində qeydiyyat 16 aprel 2026-cı ilədək davam edəcək. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir.

Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər. “Yüksəliş” müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla, 6 mərhələdən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər “yukselish.az” rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.

Paylaş:
120

Son xəbərlər

Bütün xəbərlər