Fərid Şəfiyev: Naxçıvana dron hücumu İran tərəfindən qəsdən həyata keçirilmiş addım idi | 1news.az | Xəbərlər
Siyasət

Fərid Şəfiyev: Naxçıvana dron hücumu İran tərəfindən qəsdən həyata keçirilmiş addım idi

Qafar Ağayev13:14 - Bu gün
Fərid Şəfiyev: Naxçıvana dron hücumu İran tərəfindən qəsdən həyata keçirilmiş addım idi

“Biz artıq əsaslı şəkildə belə qənaətə gələ bilərik ki, Azərbaycanın Naxçıvan bölgəsinə edilən dron hücumu İran tərəfindən qəsdən həyata keçirilmiş bir addım idi”.

1news.az xəbər verir ki, bu barədə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev İranın Naxçıvandakı mülki strukturlara dron hücumlarına dair şərhində bildirib.

F.Şəfiyev deyib ki, qərarın Tehranda, yoxsa daha aşağı səviyyəli komandanlıq tərəfindən qəbul edildiyi hələ də açıq sual olaraq qalır.

“Lakin SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqələndirilən qeyri-rəsmi hesabların məlumatlarına əsasən, qərarın məhz onların tərəfindən verildiyi ehtimal olunur. Şübhəsiz ki, bu hadisə təsadüf deyil. Hücumlar tək bir dronla deyil, bir neçə pilotsuz uçuş aparatı ilə Naxçıvanda iki obyektə – beynəlxalq hava limanına və bir məktəbə qarşı həyata keçirilib”.

Ekspert bildirib ki, Türkiyəyə qarşı raket hücumunu da təsadüfi hadisə kimi qiymətləndirmək olmaz.

“Eyni qaydada, mən Türkiyəyə qarşı raket hücumunun da təsadüf olduğuna inanmıram. Bu da qəsdən atılmış bir addım idi”.

F.Şəfiyev qeyd edib ki, İranın belə addım atmasının səbəbi ilə bağlı müxtəlif suallar yaranır.

“Sual oluna bilər: niyə İran bunu edir? Axı Türkiyə və Azərbaycan bu müharibə zamanı, həmçinin ötən ilki müharibə dövründə neytral mövqe tutmuşdular. Azərbaycanın guya ötən il İsrailə hər hansı formada yardım göstərməsi barədə yayılan saxta xəbərlər dalğasına baxmayaraq, bu iddiaların tamamilə əsassız olduğu məlum oldu. Əks halda, İrana müəyyən rəğbəti olan Qərb mənbələri də daxil olmaqla, məsələn bəzi liberal media qurumları, o cümlədən BBC bunu ciddi sübutlarla xəbər verərdilər”.

Onun sözlərinə görə, Azərbaycan yeni münaqişələrdə maraqlı deyil.

“Bir neçə il əvvəl Ermənistanla münaqişə mərhələsini bağlamış Azərbaycan bir sıra ‘ekspertlər’in – diasporadakı radikal ermənilər, İran tərəfdarları və digərlərinin iddialarının əksinə olaraq hər hansı münaqişədə maraqlı deyil. Şübhəsiz ki, Türkiyə İranda baş verən iğtişaşların və bu proseslərin təhlükəsizlik və regional geosiyasətə təsirlərinin fərqindədir. Məhz bu səbəblərə görə Ankara bu müharibəyə qarşı çıxmışdı”.

Ekspert hesab edir ki, İranın radikal dairələrinin düşüncə tərzi ənənəvi məntiqdən fərqlənir.

“Problem ondadır ki, biz bu məsələyə ənənəvi məntiq prizmasından yanaşırıq. İranın radikal dairələri isə fərqli düşünür. Onların məntiqi bizim rasional qəbul etdiyimiz çərçivələri çox vaxt aşır”.

F.Şəfiyev bildirib ki, İran hətta müharibənin qarşısını almaq üçün ciddi səylər göstərmiş Omanı belə hədəfə alıb. “İranın xarici işlər naziri Abbas Əraqçinin izahı əslində göstərir ki, İran rəsmi olaraq müsəlman ölkələrini hədəf almadığını bildirsə də, ABŞ ilə əlaqəli hesab etdiyi obyektləri vurduğunu iddia edir. Bu isə o deməkdir ki, Tehran qonşu ölkələrdəki bəzi obyektləri, o cümlədən hava limanlarını ABŞ ilə əlaqəli hesab edə bilər”.

Ekspert qeyd edib ki, İranın radikal dairələri bu cür addımlarla bir neçə məqsəd güdürlər.

“Onlar münaqişəni genişləndirərək digər ölkələrə zərər vurmağa, həmin ölkələrdə ABŞ–İsrail əməliyyatlarına qarşı narazılıq yaratmağa və dünyaya açıq şəkildə meydan oxumağa çalışırlar. Azərbaycan dilində ‘meydan oxumaq’ ifadəsi var. Fars dilində də buna bənzər ‘meydani-xani’ ifadəsi mövcuddur. Bu, SEPAH sıralarına cəmiyyətin daha aşağı sosial təbəqələrindən daxil olmuş və bəzən bizim güman etdiyimiz qədər siyasi incəlik və diplomatik düşüncə tərzinə malik olmayan bəzi şəxslərin psixologiyasını yaxşı əks etdirir”.

F.Şəfiyev əlavə edib ki, bu yanaşma müəyyən regional xüsusiyyət də daşıyır.

“Məsələn, 2020-ci il müharibəsindən əvvəl Ermənistanın bəzi hərbi komandirləri yaxınlaşan müharibəni alqışlayır və Bakıda, Xəzər sahilində çay içəcəklərini deyirdilər. Bu iddiaların necə nəticələndiyini artıq hamı bilir: Ermənistan döyüş meydanında tam məğlubiyyətə uğradı”.

Ekspert bildirib ki, hazırda İranın addımlarına qarşı tənqidlər artır. “Hazırda müşahidə etdiyimiz tendensiya ondan ibarətdir ki, müharibədə heç bir rol oynamayan ölkələr belə İrana qarşı tənqidi mövqelər ifadə etməyə başlayırlar. Türkiyənin xarici işlər naziri Hakan Fidanın müsahibəsini izləsəniz, onun İranın danışıqlar taktikasını kifayət qədər sərt tənqid etdiyini görərsiniz”.

F.Şəfiyev qeyd edib ki, İranın danışıqlara yanaşması da fərqlidir.

“Bir çoxları danışıqların uğurunu nəticənin nə qədər tez əldə olunması ilə ölçür. İranlılar isə əksinə, danışıqları uzadaraq qərar qəbulunu təxirə salmaları ilə fəxr edirlər. Mövzu yalnız nüvə sazişi ilə bağlı deyil”.

Onun sözlərinə görə, bu yanaşma digər regional layihələrdə də müşahidə olunur.

“Məsələn, artıq təxminən 20 ildir ki, İran siyasi müttəfiqi olan Rusiya ilə Şimal–Cənub nəqliyyat dəhlizi üzrə danışıqları uzadır. Halbuki bu layihə İran, Rusiya və Azərbaycan üçün iqtisadi fayda gətirə bilər. Lakin Tehran bəzən özünün əldə edəcəyi faydanı deyil, Azərbaycanın bu layihədən qazana biləcəyi üstünlükləri nəzərə alaraq prosesi ləngidir”.

Ekspert əlavə edib ki, oxşar vəziyyət Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ildə qəbul edilmiş Konvensiyanın ratifikasiyasında da müşahidə olunur.

“İran hələ də bu sənədi ratifikasiya etməyib”.

Sonda F.Şəfiyev vurğulayıb ki, İranın davranışlarını ayrıca analitik prizma çərçivəsində təhlil etmək lazımdır.

“Bu yanaşma İranın öz vətəndaşlarına münasibətində də görünür. Ölkə dünyanın ən böyük enerji ehtiyatlarından birinə malik olsa da, əhali tez-tez su və elektrik çatışmazlığı ilə üzləşir. Belə olan halda, bu hakimiyyətin müsəlman qonşularının maraqlarını nə dərəcədə nəzərə alacağını soruşmaq tamamilə məntiqlidir”.

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər