Türkiyədən Azərbaycana daha bir qardaş dəstəyi - Çiçəklə qarşıladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədən Azərbaycana daha bir qardaş dəstəyi - Çiçəklə qarşıladılar

Qafar Ağayev12:56 - Bu gün
Türkiyədən Azərbaycana daha bir qardaş dəstəyi - Çiçəklə qarşıladılar

Bakı–Naxçıvan istiqamətində uçuş həyata keçirən sərnişin təyyarəsi Naxçıvan hava limanının müvəqqəti bağlanması səbəbindən Türkiyənin İğdır şəhərində yerləşən Şəhid Bülent Aydın Hava Limanına eniş edib.

1news.az-ın məlumatına görə, Təyyarədə olan 71 sərnişin İğdır rəsmiləri tərəfindən çiçəklərlə qarşılanıb və daha sonra avtobuslarla Naxçıvana yola salınıb.

İrana məxsus olan pilotsuz uçuş aparatlarının (PUA) Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan Beynəlxalq Hava Limanı və ətraf ərazilərə düşməsi nəticəsində hava limanına ziyan dəyib. Hadisədən sonra təhlükəsizlik məqsədilə Naxçıvan hava limanı müvəqqəti olaraq uçuşlar üçün bağlanıb.

Hava limanının fəaliyyətinin dayandırılması səbəbindən Bakı–Naxçıvan reysini yerinə yetirən sərnişin təyyarəsi alternativ olaraq İğdır Şəhid Bülent Aydın Hava Limanına yönləndirilib. Təyyarə yerli vaxtla saat 20:30 radələrində 71 sərnişinlə hava limanına eniş edib.

Sərnişinləri Iğdır millət vəkili Cantürk Alagöz, Iğdır vali müavini Ahmet Gökçecik, Azərbaycanın Kars şəhərindəki baş konsulu Zamin Əliyev, Iğdır Universitetinin rektoru Ekrem Gürel, AK Partiya Iğdır il təşkilatının sədri Ali Kemal Ayaz və Iğdır hava limanının müdiri Fikret Bağca çiçəklərlə qarşılayıblar.

Təyyarədən enən sərnişinlər pasport nəzarətindən keçdikdən sonra avtobuslarla Naxçıvana yola salınıblar.

İğdır millət vəkili Cantürk Alagöza açıqlamasında bildirib ki, Naxçıvanda baş verən hadisə hamını kədərləndirib:

“Oradakı vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq. Yaralılarımıza təcili şəfa arzulayırıq. Bölgədə baş verən hadisələrin daha da böyüməsini istəmirik. Yanıbaşımızda baş verən hadisələr təbii ki, bizi də təsirləndirir. Naxçıvan hava limanında baş verən hadisəyə görə hava limanı bir müddətlik uçuşlara bağlanıb. Təhlükəsizlik baxımından Bakı–Naxçıvan uçuşları bundan sonra Iğdır üzərindən həyata keçiriləcək. Naxçıvanlı, azərbaycanlı qardaşlarımızı burada görməkdən məmnunluq duyacağıq”.

Qeyd edək ki, Naxçıvan hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakından gələn sərnişinlər Iğdır üzərindən quru yolu ilə Naxçıvana keçəcəklər.

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər