Fərid Osmanov: Azərbaycanda İKT şirkətləri üçün yeni imkanlar yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərid Osmanov: Azərbaycanda İKT şirkətləri üçün yeni imkanlar yaradılacaq

Qafar Ağayev12:04 - Bu gün
Fərid Osmanov: Azərbaycanda İKT şirkətləri üçün yeni imkanlar yaradılacaq

“Azərbaycanda İKT sektorunun inkişafı, şirkətlərin investisiya cəlbediciliyinin artırılması və ixrac potensialının genişləndirilməsi istiqamətində yeni qanunvericilik mexanizmləri tətbiq olunur”.

1news.az xəbər verir ki, bunu Texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş brifinqdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

O bildirib ki, 2026–2028-ci illəri əhatə edən regionların inkişafına dair fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətlərini əhatə edir.

“Hazırladığımız qanunvericilik aktının qəbul edilməsi bu sahələrin inkişafının sürətləndirilməsinə töhfə verəcək. İnformasiya-kommunikasiya texnologiyaları parklarının rezidentlərinin imkanlarının genişləndirilməsi və innovasiya ekosisteminin gücləndirilməsi məqsədilə müvafiq dəyişikliklər hazırlanıb. Həmin qanunvericilik aktı 22 oktyabr 2026-cı il tarixində Azərbaycan Prezidenti tərəfindən imzalanıb”.

Fərid Osmanov qeyd edib ki, əsas hədəflərdən biri İKT sektorunun inkişafını sürətləndirməklə yanaşı, onun ixrac potensialını artırmaqdır.

“Əsas hədəfimiz rəqəmsal inkişafı sürətləndirmək, İKT sektorunu şaxələndirmək və ixrac imkanlarını genişləndirməkdir. Bu məqsədlərə yalnız yeni texnologiyaların tətbiqi ilə nail olmaq mümkün deyil. Bunun üçün İKT şirkətlərinin inkişafına əlverişli şərait yaradılmalı, investisiya cəlbediciliyi artırılmalı və xarici bazarlara çıxış imkanları genişləndirilməlidir. Yerli şirkətlərin beynəlxalq bazarlarda fəaliyyətini dəstəkləyən mexanizmlərin formalaşdırılması qanunvericilik dəyişikliklərinin əsas məqsədlərindəndir”.

Agentlik sədri bildirib ki, yeni dəyişikliklər texnopark rezidentlərinin qeydiyyatının sadələşdirilməsini və mövcud güzəştlərin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

“Qanunvericilik dəyişiklikləri İKT şirkətlərinin texnopark rezidenti kimi qeydiyyat prosesinin sürətləndirilməsini və sadələşdirilməsini əhatə edir. Eyni zamanda, texnopark çərçivəsində təqdim olunan güzəştlərin əhatə dairəsi genişləndirilir. Məqsəd müvafiq sahədə çalışan mütəxəssislərin, eləcə də startapların və digər müəssisələrin bu imkanlardan yararlanmasına şərait yaratmaqdır. Bu mexanizmlər İKT sektorunda sahibkarlıq fəaliyyətinin təşviqinə və şirkətlərin inkişafına dəstək verəcək”.

Fərid Osmanovun sözlərinə görə, innovasiya məhsul və xidmətlərinin inkişafı, universitetlərlə texnopark rezidentləri arasında əməkdaşlığın gücləndirilməsi və investisiyaların təşviqi də diqqət mərkəzindədir.

“İnnovasiya məhsul və xidmətlərinin inkişafı, eləcə də tətbiq və inkişaf mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə universitetlərin, texnopark rezidentlərinin və investorların əməkdaşlığının gücləndirilməsi vacibdir. İnvestisiyaların təşviqi və investisiyalardan əldə olunan gəlirlərə münasibətdə vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər də nəzərdə tutulub. Bütün bunlar innovasiya ekosisteminin inkişafına və yeni texnoloji layihələrin reallaşdırılmasına töhfə verməlidir”.

O əlavə edib ki, dəyişikliklər sahibkarların investisiya imkanlarının genişləndirilməsinə və Azərbaycan İKT məhsul və xidmətlərinin xarici bazarlarda mövqeyinin gücləndirilməsinə xidmət edir.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər