9 uşaq atası iddialara aydınlıq gətirdi: “Uşağımı heç kimə verməmişəm”
Sumqayıtda baş verən dəm qazı zəhərlənməsi hadisəsi ilə bağlı ailə başçısı Kamil Cəbrayılov yeni açıqlama verib.
1news.az xəbər verir ki, O, musavat.com-a açıqlamasında bildirib ki, daha əvvəl səsləndirdiyi bəzi fikirlər emosional vəziyyətdə deyilib: “Müsahibə zamanı əsəbi idim, dediklərim ciddi qəbul olunmamalıdır. Bu, sadəcə boş sözlər idi. Mən uşağımı heç kimə verməmişəm”.
Kamil Cəbrayılov qeyd edib ki, onun 8 övladı olub, onlardan biri vəfat edib, ailədə daha bir uşağın dünyaya gəlməsi gözlənilir. Onun sözlərinə görə, yayılan iddialar həqiqəti əks etdirmir və bunun asanlıqla araşdırılması mümkündür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, səsləndirilən iddialar nəzarətə götürülüb: “Faktla bağlı aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır. Nəticədən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Aprelin 3-də isə zəhərlənənlərdən biri – yaş yarımlıq körpə həyatını itirib.
Qeyd edək ki, K. Cəbrayılov daha əvvəl verdiyi müsahibədə övladlarından birini başqa ailəyə verdiyini bildirmiş, bu açıqlama ictimaiyyət tərəfindən müzakirələrə səbəb olmuşdu. Bundan əlavə, onun azyaşlı övladının dəfni zamanı sosial şəbəkədə canlı yayım açması da tənqid olunmuşdu.












