Azərbaycan və Qazaxıstan Xəzərdə səviyyə azalması ilə bağlı birgə fəaliyyətləri genişləndirir
Aprelin 24-də Astana şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillərin öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması məqsədilə hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun ilk iclası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi iclasda Xəzər dənizində su səviyyəsinin azalması tendensiyası, bu prosesə təsir edən iqlim və antropogen amillər, eləcə də ekosistemlərə və sahilyanı ərazilərə mümkün təsirlər müzakirə olunub, tərəflər arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, birgə tədqiqatların aparılması, məlumat mübadiləsinin genişləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.
Növbəti iclasın 2027-ci ilin ikinci yarısında Azərbaycanda keçirilməsi planlaşdırılır.














