Esmira Qasımova: Rəqəmsal savadlılıq kibertəhlükələrə qarşı əsas müdafiə vasitəsidir
“İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun panel sessiyasında kibertəhlükəsizlik və rəqəmsal maarifləndirmə məsələləri müzakirə olunub.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və tədqiqat sektorunun müdiri Esmira Qasımova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan forumun panel sessiyasında deyib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində ən böyük çağırışlardan biri vətəndaşların məlumatlılıq səviyyəsidir. O bildirib ki, xüsusilə fişinq hücumları və sosial mühəndislik üsulları ilə həyata keçirilən dələduzluqlar ciddi risk yaradır.
“Bank və ya rəsmi qurum adından göndərilən saxta mesajlar nəticəsində vətəndaşlar aldanaraq öz şəxsi məlumatlarını paylaşa bilirlər. Məlumatlılıq olduqda isə insan bu mesajların saxta olub-olmadığını asanlıqla ayırd edə bilir və düzgün qərar verir”.
Esmira Qasımova vurğulayıb ki, texnologiya özü təhlükə yaratmır, lakin onun yanlış istifadəsi riskləri artırır.
“Burada əsas məsuliyyət insan amilinin üzərinə düşür və maarifləndirmə əsas qoruyucu mexanizmlərdən biridir. Biz 2024-cü ildən bu günə qədər Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 481-dən çox maarifləndirici tədbir keçirmişik. Bu prosesə təxminən 42 min uşaq, eləcə də valideyn və müəllimlər cəlb olunub”, – o bildirib.
Qurum rəsmisi əlavə edib ki, həm dövlət, həm də özəl sektor üçün təlimlər və simulyasiya məşğələləri keçirilir.
Onun sözlərinə görə, bu yanaşma real risklərin müəyyən edilməsi və düzgün davranış modellərinin formalaşdırılması baxımından vacibdir.
“Biz məqsəd olaraq yalnız texniki təhlükəsizliyi deyil, insan davranışının düzgün istiqamətləndirilməsini də hədəfləyirik. Kibertəhlükəsizlik texnologiya ilə başlayır, amma insanla tamamlanır”, – deyə o vurğulayıb.
Esmira Qasımova həmçinin qeyd edib ki, “SİMA” platforması vasitəsilə hər ay milyonlarla vətəndaşa məlumatlandırıcı mesajlar göndərilir, “MyGov” və digər rəqəmsal platformalarla əməkdaşlıq çərçivəsində maarifləndirici kontentlər yayımlanır.
Onun sözlərinə görə, ASAN xidmət mərkəzlərində və digər ictimai məkanlarda da maarifləndirici video və materiallar nümayiş etdirilir.
Qurum rəsmisi kibertəhlükəsizlik sahəsində dövlət qurumları arasında əməkdaşlığın, xüsusilə də medianın rolunun vacibliyini vurğulayıb:
“Media vətəndaşlarla bizim aramızda körpü rolunu oynayır. Məlumatların operativ və düzgün çatdırılması kibertəhlükəsizlik baxımından olduqca önəmlidir”.












