Audivziual Şuranın aparat rəhbəri: Azərbaycanda media mühitində transformasiya prosesi güclənir
“Azərbaycanda media mühitində baş verən transformasiya prosesi interaktivliyin artması və rəqəmsal platformaların təsirinin güclənməsi ilə müşayiət olunur”.
1news.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal İnkişaf: Media, süni intellekt və innovasiya” panelində Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov deyib.
O bildirib ki, media cəmiyyətin bütün təbəqələri arasında mühüm körpü rolunu oynamaqda davam edir. Onun sözlərinə görə, son illərdə media mühitində ən böyük dəyişiklik interaktivliyin artması ilə bağlıdır: əvvəllər informasiya əsasən birtərəfli şəkildə ötürülürdüsə, indi hər bir vətəndaş həm məlumatın yaradıcısı, həm də yayıcısına çevrilib.
Fazil Novruzov qeyd edib ki, sosial medianın sürətli inkişafı insanların informasiya istehlakı vərdişlərini köklü şəkildə dəyişib və hazırda informasiya istehlakının təxminən 70 faizi sosial media üzərindən həyata keçirilir.
“Bu isə ənənəvi medianı yeni reallıqlara uyğunlaşmağa məcbur edir. Ənənəvi media mövcud şəraitdə özünə uyğun çıxış yolları tapmalı, süni intellektin meydana çıxması isə bu prosesə təsir edən əsas amillərdən biri kimi rəqəmsal transformasiyanın tərkib hissəsi olaraq qiymətləndirilməlidir”.












