Elgün Səfərov: Uşaqların rəqəmsal bacarıqlarının artırılması dövlət strategiyasında əsas istiqamətlərdəndir | 1news.az | Xəbərlər
Cəmiyyət

Elgün Səfərov: Uşaqların rəqəmsal bacarıqlarının artırılması dövlət strategiyasında əsas istiqamətlərdəndir

Qafar Ağayev14:38 - Bu gün
Elgün Səfərov: Uşaqların rəqəmsal bacarıqlarının artırılması dövlət strategiyasında əsas istiqamətlərdəndir

Rəqəmsal mühitdə uşaqların və qadınların təhlükəsizliyi müasir dövrdə dövlət siyasətinin əsas prioritetlərindən biridir.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun panel sessiyasında deyib.

O bildirib ki, bu sahədə risklərin qarşısının alınması yalnız bir qurumun deyil, bütün dövlət strukturlarının koordinasiyalı fəaliyyəti ilə mümkündür və preventiv mexanizmlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Elgün Səfərov qeyd edib ki, 2022-ci ildən etibarən uşaqlar üçün elektron və “smart” oxu vərdişlərinin inkişafına yönəlmiş müxtəlif layihələr və müsabiqələr həyata keçirilir və ümumilikdə bu istiqamətdə yüzlərlə layihə icra olunub.

Onun sözlərinə görə, uşaqların qarşılaşdığı əsas risklərdən biri sosial şəbəkələrdir və bu istiqamətdə beynəlxalq təcrübə də diqqətlə öyrənilir. O xatırladıb ki, Avstraliya, İspaniya və Fransa kimi ölkələrdə sosial media ilə bağlı müəyyən məhdudlaşdırıcı tədbirlər tətbiq olunmağa başlanılıb.

Komitə rəsmisi əlavə edib ki, Azərbaycanda da bu sahədə hüquqi baza formalaşdırılır, o cümlədən 2018-ci ildə qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun mühüm normativ sənədlərdən biridir.

Elgün Səfərov vurğulayıb ki, rəqəmsal mühitdə risklər yalnız uşaqlarla məhdudlaşmır, qadınlara qarşı da sosial şəbəkələr vasitəsilə müxtəlif təhlükələr müşahidə olunur və bu istiqamətdə müvafiq qurumlar tərəfindən tədbirlər görülür.

O həmçinin bildirib ki, bəzi onlayn platformalarda, o cümlədən oyun mühitlərində zorakılıq elementləri ilə bağlı şikayətlər artmaqdadır və bu məsələlər beynəlxalq platformalarla əməkdaşlıq çərçivəsində diqqətdə saxlanılır.

Komitə rəsmisinin sözlərinə görə, internet məkanında zərərli və pornoqrafik məzmunun qarşısının alınması məqsədilə filtrasiya və monitorinq mexanizmlərinin gücləndirilməsi istiqamətində işlər aparılır.

Elgün Səfərov media mühitinə də toxunaraq qeyd edib ki, bəzi hallarda xəbərlərdə gender əsaslı ayrı-seçkiliyə yol verilir və yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məlumatların yayılması etik və hüquqi baxımdan yolverilməzdir.

Onun sözlərinə görə, hazırda uşaqların hüquqlarına dair yeni strateji sənəd hazırlanır və bu sənəd 2030 və daha sonrakı dövrləri əhatə etməklə rəqəmsal təhlükəsizlik, elektron xidmətlərin inkişafı və uşaqların texnoloji bacarıqlarının artırılmasını nəzərdə tutur.

Çıxışının sonunda Elgün Səfərov qeyd edib ki, bütün bu tədbirlər ailə institutunun möhkəmləndirilməsinə, həmçinin uşaqların və qadınların təhlükəsiz rəqəmsal mühitdə inkişafına xidmət edir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər