Nazirlik rəsmisi: Zərərli informasiyaya qarşı məktəblərdə yeni yanaşma tətbiq olunur
“Elm və təhsil sahəsində rəqəmsal təhlükəsizlik artıq təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib”.
1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” panelində deyib.
O bildirib ki, rəqəmsal təhlükəsizlik artıq əlavə yanaşma deyil, ümumi təhsil kurikulumuna inteqrasiya olunmuş sistemli istiqamətdir. Bu sahədə biliklər dərsliklərdə və müxtəlif tədris formatlarında geniş şəkildə təqdim olunur.
A.Həsənova-Məmmədovanın sözlərinə görə, son illər məktəblərdə rəqəmsal infrastruktur əhəmiyyətli dərəcədə inkişaf etdirilib: “Hazırda ölkə üzrə məktəblərin 90 faizindən çoxu internetlə təmin olunub. Onların əksəriyyəti genişzolaqlı fiberoptik, digərləri isə simsiz internetə çıxış imkanına malikdir. Bu da rəqəmsal savadlılığın inkişafı üçün mühüm zəmin yaradır”.
O qeyd edib ki, 2017-ci ildən həyata keçirilən “Rəqəmsal Bacarıqlar” layihəsi artıq 59 rayon və şəhəri, 700-dən çox məktəbi əhatə edir və 500 mindən artıq şagird bu proqramdan faydalanır. Bununla yanaşı, 2019-cu ildən tətbiq olunan STEM layihəsi də genişlənərək yüz minlərlə şagirdi əhatə edib.
Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə vahid təhsil şəbəkəsi formalaşdırılıb və bu şəbəkə çərçivəsində təhlükəsizlik mexanizmləri tətbiq olunur: “İnternet üzərindən təqdim olunan məlumatlar filtrasiya edilir, zərərli kontentə qarşı qoruyucu tədbirlər görülür. Bu da şagirdlərin təhlükəsiz informasiya mühitində fəaliyyət göstərməsinə imkan yaradır”.
Onun sözlərinə görə, beynəlxalq təcrübə də göstərir ki, bu kimi təşəbbüslərin kurikuluma inteqrasiyası onların effektivliyini artırır və uzunmüddətli nəticələr verir.
A.Həsənova-Məmmədova əlavə edib ki, “STEM Azərbaycan” festivalı, “Kod saatı” təşəbbüsü və Milli Hakaton kimi layihələr minlərlə şagirdi əhatə edir və onların rəqəmsal bacarıqlarının inkişafına mühüm töhfə verir. Bu cür təşəbbüslər şagirdlərə həm komanda işi, həm də beynəlxalq təcrübə qazanmaq imkanı yaradır.
O həmçinin qeyd edib ki, rəqəmsal təhsil platformaları vasitəsilə on minlərlə elektron və video resurs istifadəçilərə açıqdır. “Rəqəmsal məktəb” platforması isə şagird, müəllim, valideyn və məktəb rəhbərliyini vahid sistemdə birləşdirərək təhsilin daha effektiv idarə olunmasına şərait yaradır.
Ali təhsil müəssisələrində də bu istiqamətdə işlərin genişləndirildiyini deyən nazirlik rəsmisi bildirib ki, innovasiya mərkəzləri yaradılır, təhsil–sənaye–dövlət əməkdaşlığı gücləndirilir və “Code for Future” kimi proqramlar vasitəsilə tələbələr müasir rəqəmsal bacarıqlara yiyələnirlər.
Sonda o, rəqəmsal asılılıq risklərinə toxunaraq vurğulayıb ki, uşaqlara alternativ, təhlükəsiz və inkişaf etdirici məzmun təqdim etməklə bu riskləri minimuma endirmək mümkündür: “Məqsədimiz riskləri resursa çevirmək, uşaqlara düzgün və faydalı rəqəmsal mühit təqdim etməkdir”.












