İctimai nəqliyyatda NFC ödənişlərində silinmə niyə gec olur? – Rəsmi izah | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai nəqliyyatda NFC ödənişlərində silinmə niyə gec olur? – Rəsmi izah

13:19 - Bu gün
İctimai nəqliyyatda NFC ödənişlərində silinmə niyə gec olur? – Rəsmi izah

Bakıda ictimai nəqliyyatda NFC ödənişləri ilə bağlı yaranan suallara aydınlıq gətirilib.

1news.az xəbər verir ki, “K Group” MMC (BakıKart), Bakı Metropoliteni QSC və BakuBus MMC-nin birgə açıqlamasında bildirilib ki, NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutulur. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.

Qeyd olunub ki, bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.

Açıqlamada vurğulanıb ki, hazırda müşahidə olunan “ardıcıl vəsait çıxılması” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.

Sərnişinlərə bu kimi hallarla qarşılaşdıqları zaman bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.

Bildirilib ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.

Qeyd edək ki, layihənin operatoru “BakıKart”dır. Mövzu ilə bağlı suallar yarandıqda sərnişinlər birbaşa quruma müraciət edə bilərlər. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq.

Paylaş:
111

Son xəbərlər

Bütün xəbərlər