Banqladeşli nümayəndə: WUF13 çərçivəsində keçirilən həll laboratoriyaları şəhərlərin gələcəyinə dair praktik töhfə verəcək
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasında təşkil olunan həll laboratoriyaları şəhərlərin gələcəyi ilə bağlı innovativ ideyaların və praktik təkliflərin hazırlanmasına xidmət edəcək.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasının iclasında banqladeşli, SERAC təşkilatının icraçı direktoru SM Shaikat səsləndirib.
“Bu məkan artıq sadə konfrans zalından ideyaların, təcrübələrin, yaradıcılığın və praktik həllərin formalaşdığı canlı laboratoriyaya çevriləcək. Məqsəd yalnız dinləmək deyil, fikir mübadiləsi aparmaq, müzakirə etmək və ortaq həll yolları hazırlamaqdır.
Sessiyalar şəhərlərin yaşanılabilənliyinə və uşaqların, gənclərin urban məkanlarda gələcəyinə təsir göstərən əsas çağırışlara həsr olunub.
Bu həll laboratoriyalarında formalaşacaq işçi qrupları yerli təcrübələri siyasət və icra mexanizmləri ilə əlaqələndirən strateji yanaşmalar hazırlayacaqlar”, – deyə o bildirib.












