Anar Quliyev: “WUF13 dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrin qlobal miqyasda davamıdır” | 1news.az | Xəbərlər
Siyasət

Anar Quliyev: “WUF13 dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrin qlobal miqyasda davamıdır”

Faiqə Məmmədova09:49 - Bu gün
Anar Quliyev: “WUF13 dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrin qlobal miqyasda davamıdır”

“Bugünkü gün təkcə Azərbaycan üçün deyil, bütün dünya şəhər ictimaiyyəti üçün mühüm məqamdır”.

1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Anar Quliyevin sözlərinə görə, yaxın günlərdə Azərbaycan paytaxtı hökumətlərin, həmkarlar ittifaqlarının, beynəlxalq təşkilatların, maliyyə institutlarının, elmi dairələrin, vətəndaş cəmiyyətinin, gənclərin, qadınların, özəl sektorun və yerli icmaların görüş məkanına çevriləcək. Onların hamısını bir məqsəd birləşdirir - hər kəs üçün daha yaxşı şəhər gələcəyinin formalaşdırılması.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, WUF13-ə aparan yol bu gün başlamayıb. 2021-ci ildən etibarən Azərbaycan dayanıqlı şəhər inkişafı məsələləri üzrə mühüm daxili dialoq platforması yaradan Milli Şəhərsalma Forumlarını fəal şəkildə təşkil edir.

“Bu forumlar şəhərlərimizin və yaşayış məntəqələrimizin gələcəyini müzakirə etmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib. Onlar milli koordinasiyanın gücləndirilməsinə, prioritetlərin müəyyənləşdirilməsinə, təcrübə mübadiləsinə və siyasətimizin Yeni Şəhər İnkişafı Proqramı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasına töhfə verib. Daha da önəmlisi isə odur ki, bu forumlar müxtəlif səslərin və sektorların şəhərlərin yaxşılaşdırılmasına töhfə verdiyi inklüziv şəhər dialoqu mədəniyyətini möhkəmləndirib”, - deyə A.Quliyev qeyd edib.

WUF13-ün milli koordinatoru əlavə edib ki, Milli Şəhərsalma Forumları bir çox baxımdan Bakıda qlobal tədbirin keçirilməsi yolunda etibarlı təməl rolunu oynayıb. Bu forumlar Azərbaycanın təkcə şəhər inkişafına deyil, həm də çoxtərəfli əməkdaşlığa, maraqlı tərəflərlə qarşılıqlı fəaliyyətə və layihələrin praktik icrasına sadiqliyini nümayiş etdirir.

“Bu gün WUF13-ün Bakıda keçirilməsi son illər ərzində qurduğumuz milli müzakirələrin qlobal miqyasda davamı və təbii məntiqi nəticəsidir. Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyətin və UN-Habitat təşkilatının bizə göstərdiyi etimadın bariz ifadəsidir. WUF13-ün keçirilməsini mümkün edən bu tərəfdaşlığı və sıx əməkdaşlığı yüksək qiymətləndiririk”, - deyə Anar Quliyev fikrini yekunlaşdırıb.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər