Anaklaudia Rossbax: “Müasir şəhər problemlərinin miqyası bizdən sürətli və inklüziv addımlar tələb edir”
“Biz Ümumdünya Şəhərsalma Forumunu dünyanın müxtəlif şəhər və icmaları üçün dönüş nöqtəsi olan bir dövrdə açırıq”.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu UN-Habitat təşkilatının icraçı direktoru, BMT Baş katibinin müavini Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılışına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Anaklaudia Rossbaxın sözlərinə görə, müasir şəhər problemlərinin miqyası və təxirəsalınmaz xarakteri dünya ictimaiyyətindən daha sürətli, koordinasiyalı və inklüziv fəaliyyət tələb edir.
“Biz burada, Bakıda, Azərbaycan hökumətinin qonaqpərvərliyi sayəsində toplaşmışıq. Bu gün qlobal urbanizmin gələcəyi həm böhranların, həm də yeni imkanların təsiri altında formalaşır. Bu qlobal platformanın təşkilində göstərdiyi liderliyə və dayanıqlı şəhər inkişafı sahəsində dialoq və əməkdaşlığın inkişafına sadiqliyinə görə Azərbaycana minnətdarıq”, — deyə UN-Habitat-ın icraçı direktoru vurğulayıb.
BMT Baş katibinin müavini çıxışında mənzil böhranı ilə bağlı narahatedici qlobal statistikaya da diqqət çəkib.
“Hazırda dünyada təxminən üç milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. Bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda məskunlaşmağa məcburdur, 300 milyondan artıq insan isə evsizlik problemi ilə üzləşib”, — deyə Anaklaudia Rossbax bildirib.












