Nqa Kor Minq: “WUF13 şəhərlər üçün dönüş nöqtəsində qlobal koalisiyaları bir araya gətirir” | 1news.az | Xəbərlər
Siyasət

Nqa Kor Minq: “WUF13 şəhərlər üçün dönüş nöqtəsində qlobal koalisiyaları bir araya gətirir”

Faiqə Məmmədova10:17 - Bu gün
Nqa Kor Minq: “WUF13 şəhərlər üçün dönüş nöqtəsində qlobal koalisiyaları bir araya gətirir”

“Bu forum qlobal koalisiyaları, hökumətləri, yerli idarəetmə orqanlarını, beynəlxalq təşkilatları, ekspertləri və tərəfdaşları şəhərlər üçün həqiqətən dönüş nöqtəsi olan bir dövrdə bir araya gətirir”.

1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Nqa Kor Ming Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılışına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Nqa Kor Ming bildirib ki, Bakıda belə geniş nümayəndə heyətini görərkən urbanizasiya ilə bağlı müzakirələrin rəqəmlər dili ilə aparıldığı bir dövrdə ürəyin səsinə qulaq asmağın və insanlığı əsas gündəmə çevirməyin vacibliyini xatırlayır. O vurğulayıb ki, şəhər sadəcə binalar toplusu deyil, insan talelərinin bir-birinə bağlı olduğu mürəkkəb bir sistemdir.

Onun sözlərinə görə, urbanizasiya cəmiyyəti görünməmiş sürətlə dəyişdirməyə davam edir. Şəhərlər iqtisadi imkanlar yaratmaqla, innovasiyaları və mədəni mübadiləni təşviq etməklə yanaşı, mənzil böhranı, iqlim riskləri, sosial bərabərsizlik, eləcə də infrastruktur və dövlət xidmətlərinə artan tələbat kimi problemlərlə də daha çox üzləşirlər.

Assambleyanın fəaliyyətdə olan sədri qeyd edib ki, xüsusilə həssas əhali qrupları üçün layiqli mənzilə çıxış hələ də ən ciddi problemlərdən biri olaraq qalır. Məhz buna görə builki forumun “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu hər zamankından daha актуaldır. Bu mövzu insanlığın əsas üstün güc olduğunu xatırladır. Çünki texnologiyalar informasiyanı geniş miqyasda yaymağa qadir olsa da, cəmiyyət qurmaq üçün lazım olan etimadı və müdrikliyi eyni şəkildə artıra bilmir.

Spiker bildirib ki, həftə ərzində keçiriləcək müzakirələr inklüziv və dayanıqlı şəhərlərin yaradılması üçün praktiki yanaşmalara həsr olunacaq. Təşkilatçılar mənzil siyasəti və maliyyələşmə məsələləri üzrə mühüm fikir mübadilələrinin baş tutacağını gözləyirlər. Bununla belə, bu təşəbbüslərin real irs qoymasını təmin etmək vacibdir. Çünki gələcək onu proqnozlaşdıranlara deyil, onu quranlara məxsusdur.

Nqa Kor Minq əlavə edib ki, bir gün əvvəl keçirilən və Yeni Şəhərsalma Proqramına həsr olunmuş nazirlər görüşü bu ilin iyulunda Nyu-Yorkda baş tutacaq yüksək səviyyəli baxışdan əvvəl güclü siyasi iradənin mövcudluğunu nümayiş etdirib. O, bu prosesin beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dayanıqlı urbanizasiya ətrafında siyasi dinamikanın qorunması üçün mühüm imkan yaratdığına əminliyini ifadə edib və ümumi gözəl bəyanatlardan konkret, ölçülə bilən nəticələrə keçidin vacibliyini vurğulayıb.

Assambleya sədrinin fikrincə, Ümumdünya Şəhərsalma Forumu kimi platformalar əvəzolunmazdır. Çünki onlar hökumətlərə və maraqlı tərəflərə bir-birindən öyrənmək və müxtəlif milli və yerli şəraitlərə uyğun praktiki həllər tapmaq imkanı verir.

Bu kontekstdə Malayziya dayanıqlı şəhər inkişafının təşviqi və şəhərlərdə, icmalarda həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə üzv dövlətlər və tərəfdaşlarla əməkdaşlığa sadiq qalır.

Çıxışının sonunda Nqa Kor Minq Azərbaycan atalar sözündən bir daha ilham aldığını bildirib. Onun sözlərinə görə, “Dama-dama göl olar” məsəli hazırkı fəaliyyətlə dərin səsləşir. O vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu dialoqdan konkret nəticələrə, vizyondan reallığa keçid zamanıdır və birgə səylərlə qarşıya qoyulan bütün məqsədlərin həyata keçiriləcəyinə əmin olduğunu ifadə edib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər